Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:03

İranın nüvə obyektində nə baş verib


Natanz yaxınlığında yanğından ziyan görmüş bina, 2 iyul, 2020-ci il
Natanz yaxınlığında yanğından ziyan görmüş bina, 2 iyul, 2020-ci il

İyulun 2-də səhər İranın Natanz nüvə kompleksində sirli insident məsələylə bağlı spekulyasiyaya yol açıb. Bu qəza idi, yoxsa İsrailin sabotajı? “Frans Pres” agentliyi bu məsələni araşdırıb.

Məsələ ondadır ki, insident baş verən həftə Tehranda iki partlayış olub, biri hərbi obyekt yaxınlığında idi. Rəsmilər bunları qəza adlandırsa da, iranlıların çoxu İsrailin gizli əməliyyatlarından şübhələnib.

İsrail və Birləşmiş Ştatlar İranı atom bombası hazırlamaq cəhdində ittiham edir. İslam Respublikası isə bu ittihamı rədd edir.

Əvvəl “qəza” dedilər

İranın atom enerjisi agentliyi əvvəlcə hadisəni “qəza” olduğunu dedi, Natanz obyektinin anbarlarına ziyan dəydiyini, nüvə materialının ziyan görmədiyini, çirklənmə potensialı olmadığını vurğuladı. Dövlət televiziyası binanın xaricindən bir neçə foto göndərdi.

Ancaq bazar günü axşam agentliyin sözçüsü IRNA dövlət agentliyinə etiraf etdi ki, insident “ciddi maliyyə ziyanı” vurub, detalları açıqlamadı.

Natanz kompleksi İranın nüvə proqramının mərkəzində dayanır, sərt təhlükəsizlik tədbirləri altında saxlanır. 2015-ci nüvə sazişinin şərtlərinə uyğun olaraq Tehran uran zənginləşdirməni 3,67 faiz həddində saxlamağa razılaşıb.

Ancaq 2018-ci ildə Vaşinqton sazişdən çıxandan sonra İran da öhdəliklərindən çəkilməyə, uranı 4,5 faizədək zənginləşdirməyə başladı. Hərbi istifadə üçün uran 90 faiz səviyyəsində zənginləşdirilməlidir.

İranın Ali Milli Təhlükəsizlik Şurası cümə günü elan etdi ki, Natanzdakı “qəzanın səbəbi dəqiqliklə müəyyənləşdirilib”. Ancaq qurum təhlükəsizliyə əsaslanaraq detalları açıqlamadı.

Kiberhücum?

İyulun 2-də axşam IRNA-nın yaydığı redaksiya məqaləsində isə İranın düşmənlərinə ədavətli hərəkətlərlə əlaqədar xəbərdarlıq olunurdu. Məqalədə İsrailin adı çəkilməyən sosial media hesablarına istinadla qeyd olunurdu ki, insidentin arxasında yəhudi dövləti dayanıb.

Yazıda İsrail və Birləşmiş Ştatlara İranın “təhlükəsizlik” və “maraqları”na hücum etməmək xəbərdarlığı edilirdi.

İsrailli təhlilçiyə bağlı Twitter hesabında iyulun 1-də iddia olunurdu ki, İsrail İranın uran zənginləşdirmə zavoduna hücum edib.

BBC-nin fars xidmətinin məlumatına görə, insidentdən “bir neçə saat öncə” “Homeland Cheetahs” adlı qrupdan bəyanat alıb, qrup məsuliyyəti üzərinə götürüb. İran hakimiyyəti bu xidməti də özünə düşmən sayır.

İran mülki müdafiəsinin rəhbəri, briqada generalı Gholam Reza Jalali dövlət televiziyasına deyib ki, İrana qarşı hər hansı kiberhücum təsdiqlənərsə, buna “cavab veriləcək”.

İsrailin Müdafiə naziri və alternativ baş naziri Benny Gantz ikibaşlı danışıb.

“İranın hədəfi nüvə silahlarıdır, biz buna çatmasına icazə verə bilmərik”, – o, bazar günü deyib.

Ancaq onu da əlavə edib ki, “İranda baş verən hər bir hadisənin bizimlə bağlılığı yoxdur”.

XS
SM
MD
LG