Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 09:58

ABŞ Suriya üzərində İranın sərnişin təyyarəsini təqib edib


Arxiv fotosu
Arxiv fotosu

ABŞ ordusu bildirir ki, iyulun 23-də Suriya üzərində İranın mülki təyyarəsini təqib edib. İran mediası bundan öncə xəbər verirdi ki, pilot toqquşmadan yayınmaq üçün manevr etməyə çalışanda sərnişinlər xəsarət alıb.

Birləşmiş Ştatların Yaxın Şərqdəki əməliyyatlarına nəzarət edən ABŞ Mərkəzi Komandanlığı bildirib ki, F-15 qırıcısı Suriyada At Tanf yaxınlığında rutin hava missiyası zamanı “1000 metrlik təhlükəsizlik məsafədən Mahan Hava yollarına məxsus sərnişin təyyarəsinin standart vizual təftişini həyata keçirib”.

ABŞ ordusunun İordaniya və İraqla sərhəddə yerləşən At Tanfda kiçik səhra bazası var. Vizual təftişin At Tanf qarnizonundakı koalisiya heyətinin təhlükəsizliyi naminə aparıldığı qeyd olunur.

“F-15-in pilotu Mahan Air sərnişin təyyarəsini müəyyənləşdirən kimi təyyarədən təhlükəsiz məsafəni saxlayıb”, – Komandanlığın sözçüsü Bill Urban deyib. O, baş verənlərin beynəlxalq standartlara uyğun gerçəkləşdiyini söyləyib.

İran tərəf nə deyir

Bu bəyanatdan öncə İranın IRIB dövlət televiziyası xəbər yayıb ki, Tehrandan Beyruta uçan təyyarəni İsrailin iki qırıcısı təqib edib.

IRIB telekanalı sərnişinlərin təyyarədə qışqırdığını göstərən həvəskar videolara yayıb, pilot uçuş yüksəkliyini dəyişərkən bəzi sərnişinlərin xəsarət aldığı bildirilib.

Suriyanın SANA dövlət xəbər agentliyi isə mülki aviasiya mənbələrinə istinadla bildirib ki, ABŞ-ın başçılıq etdiyi koalisiyaya bağlı olduğu güman edilən təyyarə İranın mülki təyyarəsinə yaxınlaşıb.

Beyrut aeroportunun başçısı Fadi al-Hassan-ın Livan televiziyasına bildirməsinə görə, İran təyyarəsi axşam Livan paytaxtına çatıb.

“Sərnişinlər yaxşıdırlar, bəziləri yüngül xəsarət alıblar… çoxu şok və qorxu yaşayıb”, – al-Hassan vurğulayıb.

İsrail və Birləşmiş Ştatlar uzun müddətdir Mahan Air şirkətini Livanın Hizballah silahlı qruplaşmasına, Suriya və regionda İrana bağlı qruplara silah və döyüşçü daşımaqda ittiham edir. Birləşmiş Ştatlar 2011-ci ildə Mahan Air şirkətinə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG