Keçid linkləri

2024, 31 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:15

İran etirazlara qarşı sərt hərəkət edəcəyini deyir


İyulun 16-da Bəhbəhanda keçirilən aksiya
İyulun 16-da Bəhbəhanda keçirilən aksiya

İran bəyan edib ki, bundan sonra keçiriləcək hər hansı etiraz aksiyalarına qarşı “qətiyyətlə tədbir” görəcək.

Bu bəyanatdan bir gün əvvəl, iyulun 16-da polis İranın cənubundakı Bəhbəhan şəhərində keçirilən antihökumət aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmişdi.

Narazılıqları qızışdıran “düşmənləri” ittiham edən polis iyulun 17-də verdiyi bəyanatda adamları hər hansı “əks-inqilabi toplanışlarda iştirakdan çəkiməyə” çağırıb.

Bəyanatda deyilir ki, polis bu “qanunsuz hərəkətlərə” qarşı tədbirlər görmək üçün hüquqi səlahiyyətə malikdir.

Rəsmi IRNA agentliyi Bəhbəhan polisinin rəisi Mohammad Aziziyə istinadən iddia edib ki, dünənki aksiyaya “iqtisadi vəziyyətdən narazı olan bir ovuc insan” qatılmışdı.

“Normadan kənar şüarlar”

O deyib ki, iyulun 16-da keçirilən aksiya, nümayişçilər “normaları pozan şüarlar səsləndirdikdən sonra sərtliklə dağıdılıb”.

İran rəsmiləri “normadan kənar” deyəndə, adətən ölkənin ruhani hakimiyyətinə qarşı şüarları nəzərdə tuturlar.

Bəhbəhan etirazında çəkilən videolardan görünür ki, etirazçılar “qorxmayın, biz birlikdəyik” və “Nə Qəzza, nə Livan, həyatımdır İran” kimi şüarları səsləndiriblər.

Azizi bildirib ki, asayiş tam bərpa edilib.

İnternet kəsintilərini izləyən Netblocks bildirib ki, Bəhbəhanda aksiya keçirilərkən şəhərin olduğu Xuzistan əyalətində internet üç saatadək məhdudlaşdırılıb və ya kəsilib.

Bəhbəhanda keçirilən aksiyadan əvvəl İranın sosial medialarında ötən ilin etirazlarında iştirak etmiş üç gəncin edam hökmünün ləğvi üçün kampaniya başlanmışdı.

İran ədliyyəsi iyulun 14-də bəyan etmişdi ki, Ali Məhkəmə 25 yaşlı Amir Hossein Moradi, 27 yaşlı Saeed Tamjidi və 25 yaşlı Mohammad Rajabi barəsində çıxarılmış ölüm hökmünü qüvvədə saxlayıb.

İnqilab keşikçiləri həbsləri davam etdirirlər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) iyulun 16-da bir neçə “təşviqatçının” həbs edildiyini və “terrorçu qrupun” ifşa olunduğunu bildirmişdi.

Bu da deyilirdi ki, Məşhəd şəhərində həbs olunalar “əks-inqilabi qrupların” üzvləri idilər və küçə etirzlarına çağırış edirdilər.

İİKK bunu da bildirdib ki, başqa bir aksiyanın keçirildiyi Şiraz şəhərində İranda qadağan olunmuş Mücahedine Xəlq qruplaşmasının üzvləri həbs ediliblər.

İran iqtisadiyyatının vəziyyəti ABŞ prezidenti Donald Trump 2018-ci ildə Tehran üzərinə sanksiyaları bərpa etdikdən sonra xeyli pisləşib, ölkənin milli valyutası - rial dəyərdən düşməkdə davam edir.

Bu ilin fevralından bəri İranda tüğyan edən koronavirus epidemiyası durumu daha da kəskinləşdirib.

XS
SM
MD
LG