Keçid linkləri

2025, 31 Mart, Bazar ertəsi, Bakı vaxtı 22:20

'Melissa'nın rəhbəri və ekskavator sürücüsü həbs edilib


'İcazə verməyəcəksiniz, zorla sökəcəyik' - Yaşayış ola-ola sökülən evdən REPORTAJ
Gözlə
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 2:58 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

'İcazə verməyəcəksiniz, zorla sökəcəyik' - Yaşayış ola-ola sökülən evdən REPORTAJ

Alatavada söküntü işləri ilə bağlı saxlanılan "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və ekskavator sürücüsü Qala Eynullayev həbs edilib.

Yerli saytların məhkəməyə istinadla yaydıqları məlumata görə, istintaq orqanının təqdimatı təmin olunub və onlar barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə... eləcə də mütəşəkkil dəstə... yaratma və ya bunlara rəhbərlik etmə) və 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə... təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Hələlik, ittihama Q.Məmmədov, sürücü və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

DİN: Alatavada söküntü aparan şirkətin iş icraçısı saxlanıb

"Bakı şəhəri, Yasamal rayonu, Birinci Alatava massivi, Abdulvahab Salamzadə küçəsi, 118B" ünvanında aparılan söküntü işləri ilə bağlı şikayətlər eşidilir. Şikayətlərə görə, martın 27-də sakinlər içəridə ola-ola evdə söküntü işləri aparılıb. Habelə vurğulanır ki, söküntü zamanı yaşayış olan evə ekskavator vasitəsilə hücum olub.

Bu zaman hətta xəsarət alanların olduğu bildirilir. Sakinlərdən Həbib Hacıyev AzadlıqRadiosuna deyib ki, bir nəfər təcili yardımla xəstəxanaya yerləşdirilib.

"Vurdular, dağıtdılar"

Sakinlər hadisəni "Melissa Group" tikinti şirkətinin törətdiyini iddia ediblər: "Məhkəmənin qərarı da var idi ki, evin ətrafında ağır texnika işlədə bilməzlər. Onlar da qərarı çox yaxşı "icra" etdilər. Evin ətrafında yox, birbaşa evin üstünə sürdülər texnikanı. Vurdular, dağıtdılar. Evdə üç yaşında körpə övladım var. Anam qan təzyiq xəstəsidir".

Ev sakinləri habelə əlavə ediblər ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına dəfələrlə şikayətlər olunub. Sakinlərdən Aytac Hacıyeva isə deyib ki, tikinti şirkəti onlardan ərazidən çıxmalarını tələb edir. Onun sözlərinə görə, evlərinin bütün sənədləri qaydasındadır.

Sakinlər vurğulayıblar ki, evlərinin sökülməsinin qadağan edilməsi ilə bağlı ilkin məhkəmə qərarı var. Onların sözlərinə görə, şirkət bayram günlərində onları işıqsız qoyub, evin pilləkənlərini və kanalizasiya sistemini dağıdıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən isə bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsiylə cinayət işi açıldığı, araşdırma aparıldığı bildirilir.

"İşçilər səhv edib"

Amma "Xəzər TV"nin məlumatına görə, "Melissa Group" tikinti şirkətlər qrupuna daxil olan "Feba" MTK-nın nümayəndəsi deyib ki, həmin hadisə ilə bağlı göstərişi şirkət verməyib, işçilər səhv edib: "Həmin sahədə 55 ev olub. Həmin evlərdən 54-ü köçürülüb, tam razılıqla".

Onun sözlərinə görə, həmin ailəyə bazar qiymətindən artıq - 651 min manat pul təklif edilsə də, razılıq əldə olunmayıb.

Ailədən isə bildiriblər ki, onlar əslində bu müddət ərzində şirkətdən adekvat təklif almayıblar.

Məsələyə saxlanılan şəxslər, onların vəkillərindən, haqqında bəhs edilən işçilərdən münasibət almaq mümkün olmayıb.

Komitə: "İşlər dayandırılıb"

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə APA-ya bildirilib ki, martın 27-də Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Vurğulanıb ki, aparılan işlər vətəndaşlardan tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün dayandırılıb, aktlaşdırılıb: "Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək".

XS
SM
MD
LG