"Ermənistana bu ixrac qərarı yanlış olub və gələcəkdə ona yenidən baxılmalıdır".
Serbiya Prezidenti Aleksandar Vucic deyir ki, ölkəsinin istehsal etdiyi silahlar həm Ermənistan, həm də Azərbaycana satılır, çünki bu, yerli silah sənayesinin uğurlu fəaliyyətini təmin etməyin yeganə yoludur.
"Həm Azərbaycan, həm də Ermənistan bizim dostumuzdur. Son bir neçə ildə Azərbaycana 10 dəfə çox silah satmışıq", - Vucic iyulun 31-də axşam özünün Serbiya Proqressiv Partiyasınln iclasında deyib.
Onun sözlərinə görə, "Ermənistana bu ixrac qərarı yanlış olub və gələcəkdə ona yenidən baxılmalıdır". Ancaq prezident onu da əlavə edib ki, Serbiya silah sənayesində 17 min nəfər çalışır və "onlar işlərini itirməməlidir".
"Sizdən ümumiyyətlə soruşuram: gələcəkdə silahı kimə sataq? Kimə satsaq, bizi tənqid edən kimsə tapılacaq", -Vucic vurğulayıb.
***
Gürcüstanın Baş naziri Giorgi Gakharia Serbiyadan Ermənistana Gürcüstan vasitəsilə silah daşınması xəbərlərinə münasibət bildirib. Qeyd edək ki, bu haqda Azərbaycanda hökumətyönlü media yazandan sonra diplomatik qalmaqal yaşanıb. Azərbaycan tərəf Ermənistan silahlı qüvvələrinin Tovuz (Azərbaycan) istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı deyilənləri ciddi araşdırdığını bildirib.
“Azərbaycan Gürcüstan arasında strateji tərəfdaşlıq və ən əsası, qardaşlığı heç nə təhdid etmir. Yüksək keyfiyyətli münasibətlərdə nəsə çıxması mümkün deyil”, – AzadlıqRadiosunun Gürcüstan xidmətinin məlumatına görə, Gakharia iyulun 24-də bir qrup jurnalistlə deyib.
“Bu, adi yük maşınıdır”
İyulun 21-də “haqqin.az” saytı Serbiyadan Rusiya, Gürcüstan ərazisilə Ermənistana getdiyi iddia olunan hərbi maşınların fotolarını yayıb.
“Bu fotonu görümüsünüzmü? Bu, heç bir silah olmayan adi yük maşınıdır”, – Gakharia vurğulayıb.
“Gürcüstanla Azərbaycan arasında anlaşılmazlıq yoxdur, bizim strateji tərəfdaşlıq və qardaşlığımızı heç nə hədələmir. Üstəlik, Gürcüstanın tranzit siyasəti regionda sabitliyin saxlanmasına xidmət edir”, – baş nazir deyib.
Gürcüstan parlamentinin spikeri Archil Talakvadze isə qeyd edib ki, ölkələr bəzi media orqanlarının yaydığı əsassız informasiyaya şərh verə, narahatlıq ifadə edə bilməz. “Bu cür məlumatlar bizim tərəfdaşlığa kölgə sala bilməz... Bu informasiya real dəlilə əsaslanmır”, – o qeyd edib.
Birləşmiş Ştatların Gürcüstandakı səfiri Kelly C. Degnan isə Ermənistan-Azərbaycan sərhədində ötən həftəki toqquşmalardan narahatlıq bildirib, tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırıb.
Azərbaycan Serbiyadan izahat gözləyir
Son günlər yaşanan qalmaqalla bağlı Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov isə iyulun 23-də deyib ki, “Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik".
X.Xələfov qeyd edib ki, Serbiya tərəfi bu məsələnin ciddiyyətini anlayır. "Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyət daşıma mövqeyindən azad edilmir", - nazir müavini vurğulayıb.
Serbiyanın ticarət naziri Rasim Ljaic 2020-ci ilin may və iyun aylarında AzadlıqRadiosuna demişdi ki, Serbiyada indiyədək Ermənistana avtomat və tapançalar üçün sursat ixracına dair iki kontrakt təsdiq olunub.
Serbiyadan silah ixracı üçün lisenziyanı məhz Ticarət Nazirliyi verir.
Nazirin dediyinə görə, ola bilsin ki, Azərbaycan tərəfi Ermənistana 2015, 2016 və 2017-ci illərdə ixrac olunmuş silahlardan danışır.
Serbiyanın ticarət naziri Rasim Ljaic 2020-ci ilin may və iyun aylarında AzadlıqRadiosuna demişdi ki, Serbiyada indiyədək Ermənistana avtomat və tapançalar üçün sursat ixracına dair iki kontrakt təsdiq olunub.
Serbiyadan silah ixracı üçün lisenziyanı məhz Ticarət Nazirliyi verir.
Nazirin dediyinə görə, ola bilsin ki, Azərbaycan tərəfi Ermənistana 2015, 2016 və 2017-ci illərdə ixrac olunmuş silahlardan danışır.
Serbiya qanunsuzluğa yol vermədiyini bildirmişdi
Rasim Ljajic bildirir ki, “sözü gedən halda Serbiya formal və hüquqi baxımdan pozuntu və səhvə yol verməyib, çünki Ermənistanın üzərində BMT-nin, ATƏT-in, Avropa İttifaqının və ya hər hansı başqa ölkə və qurumun sanksiyaları yoxdur”.
O bundan əvvəl bildirmişdi ki, 2020-ci il üçün ixracatın ümumi dəyəri 1 milyon avrodan az olub.
Ljajic deyib ki, silah eksportu üçün Serbiya Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə İnformasiya Təhlükəsizliyi Agentliyinin (BIA) müsbət rəyi tələb olunur.
Nazir habelə AzadlıqRadiosuna demişdi ki, o köhnə kontraktları nəzərdən keçirib:
"Bunlar 2015, 2016 və 2017-ci ilə aid kontraktlardır. Ola bilsin ki, o vaxt sözü gedən minaatan tipli silahların ixracı olub…”
Nazir bu ilin may və iyun aylarında AzadlıqRadiosu ilə söhbətində silahları ixrac edən şirkətin “özəl şirkət” olduğunu bildirsə də, onun adını açıqlamamışdı.
Serbiyanın bəzi mediaları bu ixracın arxasında serbiyalı silah taciri Slobodan Tesicin olduğunu yazırlar.
Həmin xəbərlərdə vurğulanır ki, Tesicin adı 2017-ci ilin dekabrında ABŞ Maliyyə Nazirliyinin qara siyahısına daxil edilib. Vaşinqton 2019-cu ildə birbaşa və ya dolayısı ilə Tesicin adından hərəkət edən daha 9 nəfərə sanksiyalar qoyub.
Nə Tesic, nə də onun vəkilləri AzadlıqRadiosunun sorğularına cavab verməyiblər.
Silah zavodunun içindəki xəbərçi
Bundan əvvəl Serbiyanın bir neçə müxalifət deputatı bildirirdi ki, Serbiya 2018-ci ildə yerli silah istehsalçısı olan Krusik dövlət şirkətinə ixrac lisenziyası verməkdən imtina etsə də, silahlar həmin il “özəl tacir” tərəfindən ixrac olunub.
Bu məlumatları Krusik zavodunun içindəki xəbərçi vermişdi.
Onun 2019-cu ilin sentyabrında jurnalistlərə ötürdüyü sənədlər göstərirdi ki, daxili işlər naziri Nebojša Stefanovićin atası Branko Stefanovićin təmsil etdiyi GIM şirkəti Krusik şirkətindən güzəştli qiymətlərlə silah alıb.
Həmin xəbərçiyə qarşı cinayət araşdırması bugün də davam edir.
AzadlıqRadiosu yazır ki, son bir neçə ildə Serbiyada istehsal olunmuş silahlar Yəməndə, Əfqanıstanda, Suriya və Kamerunda müşahidə edilib.
Balkan Regional Araşdırma Şəbəkəsinin (Balkan Regional Research Network – BIRN) təhqiqatının hesabatında isə iddia olunurdu ki, bu silahlardan Nigeriyadakı Boko Haram terrorçu qruplaşması da istifadə edib.
Serbiya hakimiyyət orqanları Yəmənə silah ixrac olunduğu barədə xəbəri təkzib edib.
"Serbiya üçün xoşagəlməz Qafqaz xəbərləri…”
Serbiya hərbi təhlilçilərindən biri, Aleksandar Radic AzadlıqRadiosuna deyib ki, “Qafqazdan xoşagəlməz xəbərlər gəlir” və bu, Azərbaycanla “böyük çətinliklə qurulmuş” biznes əlaqələrinə ziyan vura bilər:
"Serbiya silah ixrac edərkən onun kimə və necə satılmasına diqqət yetirməlidir. O pul qazanmaq məqsədilə silah satdığı yerlərdə daim maraqları qorunan “böyük güclərin” razılığını almalıdır”.
Radicin firkincə, Qafqaza gəlincə isə, Serbiya buranın Rusiyanın nüfuz dairəsi olması faktını unutmamalıdır.
Serbiya ticarət naziri Rasim Ljajic də etiraf edir ki, bütün anlaşılmazlıqlar “yoluna qoyulmalıdır”, çünki “Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan Serbiyanın mühüm partnyorudur”.
Nazir bildirib ki, belə anlaşılmazlıqlara gələcəkdə yol verilməməli və “siyasi komponent” daim nəzərə alınmalıdır.
Serbiya-Azərbaycan münasibətləri
Serbiya və Azərbaycan 2013-cü ilin fevralında Strateji Partnyorluğa dair Bəyannamə imzalayıblar.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Serbiyanın Bakıdakı səfiri Danica Veinoviclə söhbətində bir daha bu sənədin mövcudluğunu xatırladıb.
Bundan başqa 2011-ci ildə Belqraddakı parklardan birində keçmiş Azərbaycan prezidenti Heydər Əliyevin abidəsi açılıb. Azərbaycan həmin parkın abadlaşdırlıması üçün Serbiyaya 2 milyon avro verib.
Tasmaydan parkında Heydər Əliyevin abidəsinin açılış mərasimində onun oğlu, Azərbaycanın indiki prezidenti İlham Əliyev və Serbiyanın ovaxtkı prezidenti Boris Tadic iştirak etmişdilər.
Azərbaycanın rusdilli Haqqin.az xəbər saytı iyulun 19-da dərc etdiyi məqalədə iddia etmişdi ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədindəki ölümcül toqquşmalar zamanı erməni tərəfi bu ölkəyə bu yaxınlarda Gürcüstandan keçərək gətirilmiş Serbiya istehsalı minaatanlardan və güllələrdən istifadə edib.
Bu iddialarla bağlı Serbiyanın Bakıdakı diplomatik nümayəndəsi Danica Veinovic Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilmişdi.
Xatırlatma
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Tərəflər toqquşmalara görə-birini ittiham edib. Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.
1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.