Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:07

Moskvada məmurlara peyvənd olunmağı təklif edirlər – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Moskvada bir sıra tibb və hökumət işçilərinə koronavirusa qarşı peyvənd olunmağı təklif edirlər. Bu haqda “Bloomberg” yazır.

Azı bir xəstəxananın peyvənd olunmaq istəyən işçilərin siyahısını hazırladığı bildirilir. Bu zaman Gamaleya İnstitutunun hazırladığı dərmandan istifadə olunacaq. Məlumatı agentliyə peyvənd olunmağa dəvət alan həkim verib. Şəhər rəsmisi də onlara belə bir bildiriş göndərildiyini söyləyib.

“Bloomberg”in gördüyü dəvətdə yazılıb ki, vaksin təhlükəsizdir, klinik sınaqları keçib. Agentik Moskva Şəhər Hökumətinin mətbuat xidmətindən şərh ala bilməyib.

Rusiya Birbaşa İnvestisiya Fondu ilə birlikdə hazırlanan Gamaleya vaksini bu ay şərti qeydiyyatdan keçirilə bilər. Bundan ötrü daha 1600 nəfər üzərində sınaq aparılmalıdır. İstehsalın isə sentyabrda başlanacağı planlaşdırılır. Bunu Baş nazirin müavini Tatyana Golikova iyulun 29-da keçirilən iclasda Prezident Vladimir Putinə deyib.

Rusiyanın vaksinin hazırlanmasında belə sürətlə irəliləməsi bir sıra ölkələrdə suallar doğurub.

Hazırda dünya üzrə 100-dən artıq potensial vaksin hazırlanma mərhələsindədir.

Qrip virusu daha böyük problem yaradır

Qrip və yeni koronavirusa eyni vaxtda yoluxmaq mümkündür. Bunu Rusiyanın keçmiş baş sanitar həkimi Gennadiy Onishenko deyib.

TASS xəbər verir ki, həkimin fikrincə, məhz bu səbəbdən hamı qripə qarşı peyvənd olunmalıdır.

Ondan öncə Rusiya Səhiyyə Nazirliyinin baş infeksionisti, Seçenov Universitetinin professoru Vladimir Chulanov deyirdi ki, qripə və yeni koronavirusa eyni vaxtda yoluxma mümkündür, ancaq bu xəstəliyin necə keçəcəyini, fəsadlarını proqnozlaşdırmaq çətindir.

Rusiya Dövlət Dumasının deputatı olan Onishenko ölkədə koronavirus infeksiyasına qarşı kütləvi vaksinasiyaya şübhəylə yanaşır. Bu haqda o, “Krasnaya Vesna” informasiya agentliyinə danışıb.

“Əhalinin kütləvi peyvəndlənməsinə ehtiyac yoxdur. Çünki bu virus tam loyaldır. Hazırda yoluxmanı ağır keçirən, ölüm göstəricisinin yüksək olduğu risk qruplarını peyvəndləmək lazımdır”, – Onishenko vurğulayıb.

Onun sözlərinə görə, hazırda Rusiya üçün qrip virusu daha böyük problem yaradır.

“Qrip bizə daha ciddi problemlər gətirə bilər, nəinki koronavirus. Bu gün üç yeni virusun dövr edəcəyi gözlənir. Bizə hər il qripin yeni ştammı gəlir. Son on ildə hər üç yeni ştamma qarşı peyvənd etdiyimiz olmayıb”, – o bildirib.

Səhiyyə naziri Mikhail Murashko isə bu yaxınlarda deyirdi ki, koronavirusa qarşı kütləvi vaksinasiya 2020-ci ilin oktyabrında başlanacaq. Qurum Gamaleya institutunun hazırladığı vaksinin klinik sınaqlarının tamamlandığını bildirirdi. Hazırda vaksinin qeydiyyata salınması üçün sənədlərin hazırlandığı xəbər verilir.

XS
SM
MD
LG