Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:23

Pandemiya icmalı: Hamiləliklər artır, mebel satışı azalır


Arxiv fotosu
Arxiv fotosu

Paul Ehrlich İnstitutunun başçısı Klaus Cichutek “Funke” qəzetlər qrupuna deyib ki, 1-ci və 2-ci faza sınaqlar bəzi vaksinlərin koronavirusa qarşı immun reaksiyası yaratdığını üzə çıxarıb

Almaniyanın vaksin institutunun rəhbəri deyir ki, ölkədə yaşayan bəzi əhali qruplarına gələn ildən koronavirusa qarşı peyvənd vurula bilər. Dünyada pandemiya qurbanlarının sayı artıq 800 min yaxınlaşmaqdadır. Bu haqda “Reuters” yazır.

Dünyada 7 dərman şirkəti potensial vaksinlərin onminlərlə insan üzərində qabaqcıl klinik sınağını aparır. Bəzi vaksinlərin təhlükəsiz olub-olmaması ilin sonunadək bilinməlidir.

Paul Ehrlich İnstitutunun başçısı Klaus Cichutek “Funke” qəzetlər qrupuna deyib ki, 1-ci və 2-ci faza sınaqlar bəzi vaksinlərin koronavirusa qarşı immun reaksiyası yaratdığını üzə çıxarıb.

“3-cü faza sınaqlar vaksinin səmərəli və təhlükəsiz olduğunu göstərərsə, ilk vaksinlər gələn ilin əvvəlində təsdiqlənə bilər”, – o vurğulayıb.

Son həftələr Almaniyada yoluxmalar artır. Robert Koch İnstitutu (RKİ) avqustun 19-da bildirib ki, təsdiqlənmiş yoluxmalar 1510 nəfər artaraq 226 min 914-ə çatıb.

RKİ yoluxmaların 39 faizinin idxal olunması ehtimalını səsləndirib. Əsas idxal mənbələrinin isə Kosovo, Türkiyə və Xorvatiya olduğu bildirilir.

Vaxtında abort edə bilməyiblər

“The Associated Press” agentliyi isə dünyada milyonlarla qadın və qızın pandemiya dövründə kontraseptiv vasitələrdən və abort xidmətlərindən məhrum olduğunu yazır.

Pandemiyanın başlanmasından bir neçə ay keçir və bir çox qadın indi hamiləliyin ikinci trimestrini yaşayırlar, çünki vaxtında abort edə bilməyiblər.

37 ölkədə yanvar-iyun aylarında ötən ilin eyni dövrüylə müqayisədə 2 milyonadək daha az qadın uyğun xidmət ala bilib. Bunun 1,3 milyonu Hindistandadır, “Marie Stopes International” təşkilatı yeni hesabatında belə deyir.

Təşkilat dünyada 900 min planlaşdırılmayan hamiləliyin gözləndiyini, 1,5 milyon təhlükəli abort həyata keçirildiyini, 3 mindən çox ana ölümünün baş verdiyini üzə çıxarıb.

Latın Amerikası, Afrika və Asiyada bu xidmətlər axsamaqda davam edərsə, rəqəmlər “xeyli dərəcədə arta bilər”, təşkilatdan Kathryn Church vurğulayıb.

Dünya Səhiyyə Təşkilatının (DST) bu ay yaydığı məlumata görə, mayın ortası və iyulun əvvəlində sorğu keçirilən 103 ölkədən üçdə ikisində ailə planlaşdırması və kontraseptiv xidmətlərə çıxış pozulub. BMT-nin Əhali Fondu isə dünya üzrə 7 milyonadək planlaşdırılmayan hamiləliklə bağlı xəbərdarlıq edirdi

Ofis mebeli istehsalçıları ziyanda

“Reuters” agentliyi COVID-19 pandemiyasının ABŞ-da böyük ofis mebeli istehsalçılarına vurduğu ziyanı araşdırıb.

On illər boyunca Herman Miller Inc (MLHR.O) və Steelcase Inc (SCS.N) kimi korporasiyalar dilerləri vasitəsilə şirkətlərə erqonomik kreslo və masalar satıblar, avadanlığın çatdırılmasında dizayner və texniklər komandası işləyib. İndi isə onlar yataq otaqlarından “Zoom” proqramıyla toplantılara çalışanlardan təkadamlıq masa sifarişləri alırlar.

Aprelin sonunda iş yeri olan amerikalıların 52 faizi deyirdi ki, artıq evdən işləyirlər, virusa yoluxmamağa, yaxud ona yaymamağa çalışırlar. 18 faiz bəzi hallarda evdən işlədiyini deyirdi. Sorğunu “Gallup” keçirmişdi. Daha sonrakı sorğuda respondentlərin yarısı daim evdən işləmək istədiklərini deyiblər.

“Google” şirkəti mayda işçilərinə dedi ki, ev ofislərinin avadanlıqla təchiz olunması üçün min dollaradək pul ayıracaq. Bu zaman çox işçi Amazon vasitəsilə ucuz idxal malları axtarıb tapdılar.

“Pandemiya vaxtı bu sənayeni sunami vurdu. Böyük şirkətlər sadəcə evdən işləyənlərə xidmət göstərməyə hazır deyildilər”, – Sietldə forması dəyişən masalar istehsalçısı iMovR şirkətinin rəhbəri Ron Wiener deyib.

ABŞ-ın ən böyük ofis mebeli istehsalçısı olan Steelcase və ikinci yerdə gələn Herman Miller mayın sonunadək üç aylıq satışda ikirəqəmli azalma baş verdiyini açıqlayıb. Steelcase üçün 483 milyon dollarlıq satış 1998-ci ildən bəri ən aşağı göstərici idi.

XS
SM
MD
LG