Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Ramiz Mehdiyev nəyi düz, nəyi səhv deyir?


R.Mehdiyev
R.Mehdiyev

Azərbaycan Prezidenti Administrasiyanın keçmiş rəhbəri, hazırda Milli Elmlər Akademiyasının prezidenti olan Ramiz Mehdiyev son məqaləsində (avqustun 28-də Akademiyanın saytında dərc edilib) ölkə mediasının vəziyyətinə də toxunub. "Hamımıza yaxşı məlumdur ki, Azərbaycan KİV-lərinin bir çoxu davamlı olaraq öz auditoriyasını itirməkdədir. Maraqlıdır, informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik? Ölkə başçısı öz tərəfindən milli mətbuatımızın inkişafı üçün əlindən gələni edib...".

O, məqalənin sonlarına doğru da yazıb: "Düzdür, bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırırlar. Ancaq bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlanır. Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir...".

Qısa xatırlatma

Müstəqil Azərbaycan mediasının böyük bir dövrü ata və oğul Əliyevlərin (1993-2020-ci illər) hakimiyyəti dövrünə düşür. Onun da təqribən 25 ilində Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbərlik edib.

Azərbaycan mətbuatına 1993-cü ildən (Əbülfəz Elçibəyin hakimiyyəti dövründən) senzura tətbiq edilib. Təqribən 5 il senzuranı davam etdirən Heydər Əliyev hakimiyyəti 1998-ci ildə onu ləğv edib.

Bundan sonra tənqidçi media qurumlarının məhkəmələrə çəkilməsi kütləvi hal alıb.

2005-ci il martın 2-də (hazırkı prezident İlham Əliyevin hakimiyyəti dövründə) isə "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov yaşadığı mənzilin önündə qətlə yetirilib. Bu qətlin törədilməsindən 15 il keçsə də, üstü açılmayıb.

Prezident İlham Əliyev "Azərbaycan" Nəşriyyatında. 2008
Prezident İlham Əliyev "Azərbaycan" Nəşriyyatında. 2008

2003-cü ildə ölkədə Mətbuat Şurası, 2009-cu ildə isə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond 33 qəzetə ildə iki dəfə maddi vəsait ayırıb, müxtəlif yazı müsabiqələri keçirib. 2013-cü ildən isə Fond jurnalıstlər üçün mənzil tikintisinə başlayıb, iki bina təhvil verilib, üçüncü binanın da təhvil verilməyə yaxın olduğu deyilir.

50 jurnalist həbs edilib

Hüquq müdafiəçiləri bildirirlər ki, hazırda Azərbaycanda üç media mənsubu həbsdədir. Onların deməsinə görə, 2000-ci illərin əvvəllərindən indiyə kimi 50-yə yaxın jurnalist həbsə alınıb, sonra isə azadlığa çıxıb.

Hüquq müdafiəçiləri habelə bildirirlər ki, Azərbaycanda ən çox jurnalist həbsləri 2007-ci ildə baş verib (10 nəfər). Azərbaycanın o zaman jurnalist həbsi sayına görə dünyada 5-ci olduğu qeyd edilib.

19 ildə 67 pillə geriləmə

"Sərhədsiz Reportyorlar"ın 2002-ci ildə media azadlığı üzrə tərtib etdiyi ilk reytinq siyahısında Azərbaycan 101-ci yerdə olub. Həmin vaxtdan bu yana Azərbaycan 101-ci yerdən 168-ci yerə qədər geriləyib.

A.Quliyev
A.Quliyev

"...İslahatların nəticələrini indidən qaralamaq düzgün deyil"

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, R.Mehdiyevin ölkənin media sektorunun bugünkü durumu barədə dedikləri bu sahədə aparılan islahatların dəyərini ictimaiyyətin gözündə qaralamaq və nüfuzdan salmaq məqsədinə daha çox xidmət edir.

A.Quliyevin fikrincə, R.Mehdiyevin müəyyən personaların dəyişdirilməsi ilə vəziyyətin dəyişməyəcəyi barədə bəyanatı heç bir kardinal dəyişikliklər olmayacağı mövqeyi deməkdir:

"Əlbəttə, bu fikirlər doğru fikirlər deyil. Mediada, eləcə də bəzi istiqamətlər üzrə islahatların nəticələrini indidən qaralamaq düzgün deyil".

A.Quliyev hesab edir ki, R.Mehdiyev vəzifə və səlahiyyətlərini itirdiyi üçün belə danışır. Qəzet redaktoru əlavə edib ki, R.Mehdiyev bu sektorda gördüyü problemləri aradan qaldırmaq üçün vaxtında addımlar atsaydı, daha fərqli bir vəziyyətin şahidi olardıq. "Hər halda, R.Mehdiyev kimi bu sahəni kurasiya edən adamların sonradan bilici, islahatçı və ya yönəldici kimi danışması məncə doğru deyil", - A.Quliyev söyləyib.

Bakı Media Klubu portalının rəhbəri, jurnalist Arif Əliyev isə AzadlıqRadiosuna deyib ki, nə qədər paradoksal olsa da, R.Mehdiyevin söylədiklərinin hamısı doğrudur:

A.Əliyev
A.Əliyev

"Yəni, insan doğrudanmı hakimiyyətdən getdikdən sonra birdən-birə belə ağıllanır,..."

"Amma burada maraqlı bir cəhət var: Yəni, insan doğrudanmı hakimiyyətdən getdikdən sonra birdən-birə belə ağıllanır, hər şeyi dərk etməyə başlayır? R.Mehdiyev bütün indiki siyasi sistemi uzun illər yaradan, başında dayanmış şəxsdir və sanki bu dəhşəti bu gün birdən-birə görüb. Axı, redaktorlarla cümə günü iclasları R.Mehdiyevin yanında keçirilib. Göstərişlər oradan verilib. Bu media oradan eybəcərləşdirilib. Uzunmüddətli bu dağıtma prosesinin başında dayanmış şəxslərdən biridir".

A.Əliyevin fikrincə, R.Mehdiyevin mesajları siyasi mesajlardır, cəmiyyətə ünvanlanmayıb. Onun vurğulamasına görə, R.Mehdiyev heç vaxt cəmiyyətlə danışmayıb:

"Bu mesajlar prezidentə, ali siyasi elitaya ünvanlanıb"

"Bu mesajlar prezidentə, ali siyasi elitaya ünvanlanıb. Onların, təəssüf ki, doğruluğunu təsdiq etməklə bərabər, indiki vəziyyətdə həlli variantını görmürük. Situasiya belədir".

Jurnalist R.Mehdiyevin bu sistemi haqsızlıqda, birtərəfli yanaşmada qınamasına münasibətini isə belə ifadə edib: "Bax, yaratdığınız o jurnalistikadır, o ideologiyadır, indi buyurun, qarşılayın. 25 il bu sferaya rəhbərlik etmiş şəxs indi bu sferadan dad çəkir. Qoy bir balaca hiss etsinlər ki, bu cəmiyyətə bu əziyyəti niyə verirdilər? İndi bunu necə düzəltmək mümkündür?".

XS
SM
MD
LG