Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:59

Elif Şafak özüylə adaya hansı kitabı aparardı


Elif Şafak
Elif Şafak

Yazıçı Elif Şafak Britaniyanın "Daily Mail" qəzetinə müsahibəsində hazırda oxuduğu, ən çox sevdiyi və laqeyd qaldığı kitablardan danışıb.

O, hazırda Deepa Anappara-nın debüt romanı olan "Bənövşəyi xətt üzərində cin patrulu" (Djinn Patrol On The Purple Line) kitabını oxuduğunu deyib. Hindistanda böyüyən Anappara Britaniyaya köçməzdən əvvəl illərlə jurnalist işləyib.

"O öz vətəni, ürək genişliyi, empatiya və insanı ovsunlayan ədəbi tərz haqda geniş biliyə malikdir. Gözqamaşdıran, gözəl kitabdır", – Şafak deyir.

Yazıçı, eyni zamanda, Anne Applebaum-un "Demokratiyada şər qarışarkən: Siyasətin uğursuzluğu və dostların ayrılması" (Twilight Of Democracy: The Failure Of Politics And The Parting Of Friends) adlı kitabını oxumağa başlayıb. O, kitabın "dərin bilik, təcrübə və müdrikliklə" yazıldığını deyir. "Sözsüz ki, bizim qarışıq zəmanəmizi və demokratiyalarımızın zərifliyini anlamaq üçün çox mühüm kitabdır", – o deyir.

Hekayələrin köməyi ilə sərhədləri aşmaq

Yazıçı "tənha adaya özünüzlə hansı kitabı götürərdiniz" sualına belə cavab verib: "Kaş özümlə kitabxananı, yaxud da kitabxanadan bir seçməni götürə biləydim. Ancaq bu mümkün deyilsə, məncə, bir lüğət götürərdim. Bununla da hər bir səhifə, hər bir söz yeni bir hekayəni ilhamlandırardı. Lüğət olmasa, Virginia Woolf-un "Orlando"sunu götürərdim. Bu kitabı həyatım boyu türkcə və ingiliscə bir neçə dəfə oxumuşam. Bu, mənim gözlərimin qarşısında tamamilə yeni bir dünya açmış bir kitabdır".

Elif Şafak onu ilk dəfə oxumağa həvəsləndirən kitab haqda da danışıb: "Charles Dickens — xüsusilə də "İki şəhərin hekayəsi"nin (A Tale Of Two Cities) türk dilinə tərcüməsi. Onu ilk dəfə oxuyanda çox kiçik idim. Əminəm ki, o zaman kitabdan çox şeyi görə bilməmişəm. Buna baxmayaraq, onun özəyi mənimlə qalıb. O, həm də mənə başa saldı ki, hekayələrin köməyi ilə sərhədləri aşa bilərəm. Mənə isə bunu görmək lazım idi.

Məni ədəbiyyata doğru aparan daha iki şey var: məni hekayə danışmaq sənəti və tənhalıqla maraqlanmağa sövq edən nənəmin şifahi nağılları olub. Mən Türkiyədə çox patriarxal, mühafizəkar cəmiyyətdə tənha ananın və nənənin böyütdüyü tək uşaq idim. Mən introvert idim, erkən yaşlardan müşahidə edirdim. Özüm də daim hiss edirdim ki, tam öz yerimdə deyiləm. Beləliklə, dərinə, kitablara daldım. Hekayə dünyası mənim evim, sığınacağım, ana yurdum oldu".

Elif Şafak-ın ilk dəfə oxuyanda bəyənmədiyi, hətta sona qədər bitirmədiyi kitablar da olub. Ancaq o onların bəzilərini illər sonra yenidən oxuyanda bəyəndiyini deyir: "İllər ərzində məni müşayiət etmiş kitablara baxanda görürəm ki, məni laqeyd buraxan kitab olmayıb".

Tarixə ziyan vurmuş nəşrlər

"Oxuduğum hər bir roman mənim üfüqlərimi genişləndirib, məni insan təcrübəsinin mürəkkəbliklərinə bir az da yaxınlaşdırıb. Ancaq onu da deməliyəm ki, tarixdə böyük ziyanlar vurmuş dəhşətli nəşrlər və əlyazmaları da olub. Məsələn, "Sion ağsaqqallarının protokolları" (The Protocols Of The Elders Of Zion).

Qeyd edək ki, bu, müəllifi bilinməyən, 1903-cü ildə Rusiyanın "Znamya" nəşriyyatında çap edilmiş, yəhudilərin guya dünyada hökmranlığa can atdığını iddia edən əsassız fikirlərlə dolu antisemitizm ruhlu bir mətndir.

"Yalanlarla dolu olan bu ədəbi fırıldaq Holokosta yol açıb", – Şafak deyir.

O bu qəbildən olan kitablardan Orta əsrlərdə yazılmış "Cadugərlərin çəkici" (The Hammer Of Witches) adlı mətnin də adını çəkib. Cadugərlik haqda olan bu kitab yüz minlərlə günahsız qadının əsassız cadugərlik ittihamları ilə damğalanaraq həbs edilməsinə və qətlə yetirilməsinə yol açıb.

"Müasir dövrdə isə nifrət irqçilik və ksenofobiya ilə dolu olan kitablardan biri Jean Raspail-in 1973-cü ildə yazdığı "Müqəddəslər düşərgəsi" (The Camp Of The Saints) romanıdır. Təəssüf ki, bu gün ondan mühacirləri hücum və ittihamlara məruz qoymaq üçün bəhanə kimi istifadə edilir", –Elif Şafak qeyd edib.

XS
SM
MD
LG