Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:23

'Həbsimin səbəbi Əli Kərimlinin mühafizəçisi olmağımdır'


N.Əhmədov
N.Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Niyaməddin Əhmədov deyir ki, onu partiyanın sədri Əli Kərimlinin mühafizəçisi olduğuna görə həbs ediblər. O, bu haqda sentyabrın 30-da Nəsimi rayon Məhkəməsində danışıb.

Məhkəmədə N.Əhmədovun ev dustaqlığına buraxılması məsələsinə baxılıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınları bildirib ki, N.Əhmədovun haqqında ilkin istintaq dövrün üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilsə də, sentyabrda müddət noyabrın 23-nə qədər uzadılıb. Uzatma qərarından verilən apellyasiya şikayəti də təmin edilməyib.

"Dörd aydır həbsdədir. Əsas istintaq hərəkətləri aparılıb, ekspertizalar keçirilib. O, ev dustaqlığına buraxılsa, nə istintaqa təsir göstərmək imkanı var, nə ölkədən gedə bilər. Bütün sənədləri alınıb. Ailə də Tovuzda yaşayır, yanına gəlib-gedə bilmirlər. Telefon danışığı və görüş hüququnu da pozurlar, ailəsi ilə əlaqə saxlamağa imkan vermirlər", – N.Əhmədovun ailə üzvü belə deyir.

N.Əhmədov sentyabrın 30-da onun ev dustaqlığına buraxılması barədə vəkilinin verdiyi vəsatətə baxılarkən bildirib ki, ona verilən terroru maliyyələşdirmə ittihamı yalandır: "Bu ittihamın mənə heç bir aidiyyəti yoxdur. Yeganə səbəb Əli Kərimlinin mühafizəçisi olmağımdır".

Hakim Elməddin Hüseynov vəsatəti təmin etməyib.

N.İbrahim
N.İbrahim

"Ailəm uşaq bağçasında yaşayır"

Eyni hakim sentyabrın 30-da ictimai fəal Nicad İbrahimin də ev dustaqlığına buraxılması barədə vəsatətə baxıb. O, iyulun 20-də Prezident Administrasiyasının qarşısında Prezident İlham Əliyevə istefa tələbiylə etiraz aksiyası keçirəcəyi barədə paylaşımından sonra koronavirus yayma ittihamıyla həbs olunub.

Həyat yoldaşı Pərvin İbrahimlinin AzadlıqRadiosuna bildirdiyinə görə, N.İbrahim ittihamın saxta olmasıyla yanaşı, ailəsinin ağır vəziyyətdə olduğunu da hakimin nəzərinə çatdırıb.

"Biz Laçından məcburi köçkünük, iki azyaşlı uşağım var. Ailənin yeganə gəlir gətirəni mənəm. Anam xəstədir. Ailəm uşaq bağçasında yaşayır. Uşaq bağçasının dəhlizində... Qışda qaz olmur deyə, odun tapıb yandırırıq. Ailədə bu işləri də görən yeganə adam mənəm. Xahiş edirəm, bunları nəzərə alın", – N.İbrahim belə deyib.

Hakim onun da ev dustaqlığına buraxılması məsələsinə "yox" deyib.

'Həbsxanada hər şey pulladı' - AXCP fəalı Fuad Əhmədli azadlıqda
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

P.İbrahimlinin sözlərinə görə, həyat yoldaşı həbs olunandan sonra iki aya yaxın Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılıb. Bir neçə gün öncə Bakı İstintaq Təcridxanasına köçürülüb: "İki aydan çoxdur həbsdədir, ailəsi ilə telefon danışıqlarına və görüşlərinə qadağa qoyulub. Bu günlərdə öyrəndik ki, müstəntiqin qadağa ilə bağlı rəsmi qərarı var. O qərardan məhkəməyə şikayət vermişik. Nicad məhkəmədə də deyib ki, həbsinin səbəbi istefa tələbiylə etiraz aksiyası keçirmək cəhdi olub, Onda nə koronavirus olub, nə də kiməsə yoluxdurub. Əgər COVID-19 daşıyıcısı idisə, onun həbsindən sonra ailə üzvlərini niyə yoxlamadılar?".

N.İbrahimə qarşı telefon və görüş qadağası ilə bağlı müstəntiqin qərarından verilən şikayətə oktyabrın 7-də Nəsimi rayon Məhkəməsində baxılacaq.

Xatırlatma

Niyaməddin Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham olunur. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Q.Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə N.Əhmədova pul göndərib.

CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AXCP də bu ittihamın absurd olduğunu bəyan edib, N.Əhmədovun həbsini isə partiyaya və Ə.Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

N.Əhmədov həm də Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi idi. Milli Şuranın 19 oktyabrda Bakıdakı mitinqində Ə.Kərimli saxlanılan ana qədər onun yanında olmuşdu.

Nicad İbrahim isə sosial şəbəkələrdə iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib, prezident İlham Əliyevin istefasını tələb edəcəyi barədə elan yayıb. İyulun 20-də evdən çıxıb aksiya keçirməyə gedərkən saxlanılıb. O, CM-in 139-1.1 (karantin rejiminin

pozulması - xəstəliklərin yayılması təhlükəsi yaratdıqda) maddəsi ilə ittiham olunur. Bu maddədə 2500 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

N.İbrahim bir neçə il öncə ağzını tikməklə polislərə qarşı etiraz aksiyası keçirmişdi.

Azərbaycan rəsmiləri ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bəyan edir.

XS
SM
MD
LG