“Financial Times” qəzeti keçmiş Sovet İttifaqının miras qoyduğu “dondurulmuş” münaqişələrin qəfil qızışmaq tendensiyasından yazır. Qəzet redaksiya məqaləsində bazar günündən əməliyyatların getdiyi Dağlıq Qarabağda daha geniş qarşıdurma riskinin olduğunu vurğulayır.
Belə ki, Rusiyanın Ermənistanla müdafiə paktı var, Türkiyə Prezidenti Recep Tayyip Erdogan isə Azərbaycanı açıq şəkildə dəstəkləyir. “Strateji neft-qaz kəmərlərinin keçdiyi təlatümlü regionda bu iki regional güc qarşı-qarşıya gələ bilər”, – məqalədə deyilir.
“Rusiya burada sərhədləri dəyişməyə çalışmır”
“Digər postsovet münaqişə zonalarından fərqli olaraq, Rusiya burada sərhədləri dəyişməyə çalışmır, hərbçiləri də yoxdur. Moskva həqiqətən də Cənubi Qafqazda münaqişəni qızışdırmaqda elə də maraqlı deyil və özünün müttəfiqləri arasında neytral qalmağa çalışır. Amma Rusiyanın Ermənistanda hərbi bazası və müdafiə sazişi var. Razılaşmaya görə, sonuncu üçüncü ölkənin hücumuna məruz qalarsa, ona qarşılıqlı yardım oluna bilər, ancaq sənəd Dağlıq Qarabağı əhatələmir”, – yazıda vurğulanır.
Qəzet Türkiyənin budəfəki rolunun durumu dəyişdiyini qeyd edir. Ankara indiyədək münaqişənin dinc yolla həllində israr edirdisə, “Erdogan indi Bakını dəstəkləməklə geosiyasi balansı dəyişib”, məqalədə deyilir və qərb ölkələrinin bu münaqişədə vacib rol oynaya biləcəyini vurğulayır.
“NATO cənab Erdoganı təmkinli olmağa inandırmalıdır, aydın şəkildə bildirməlidir ki, onun körükləyən kimi göründüyü istənilən toqquşma köməyinə çatmayacaq. Gərginlik azalmadıqca bu dondurulmuş münaqişə həqiqətən çox qaynar həddə çata bilər”, – “FT” yazır.
Xatırlatma
Dağlıq Qarabağ 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.
Bu ilin iyulunda aparılan əməliyyatlarda hər iki tərəfdən itkilərin olduğu açıqlanmışdı. Sentyabrın 27-dən başlanmış əməliyyatlarda Azərbaycan azı 15 mülki şəxsin öldüyünü, 40-dan çox yaralının olduğunu bildirir, ölən hərbçilərin sayı açıqlanmır.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.