Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:21

Pandemiyadan qazanan kitablar oldu


Nyu-Yorkda kitab dükanı
Nyu-Yorkda kitab dükanı

Bu yaz koronavirus pandemiyası başlayanda əksər əyləncə məkanları qeyri-müəyyən müddətə bağlandı. Kinoteatrlar, konsert zalları, muzeylər, teatr və kino studiyaları fəaliyyətini dayandırmalı oldu. Ancaq dünyanın bir çox yerində, o cümlədən ABŞ-da nəşriyyatlar öz işlərini davam etdirdilər. Nə qədər olmasa, kitabı təcrid şəraitində də çap etmək olar.

Kitab istehsalı və satışında artım

Türkiyənin Kırklareli Universitetindən Türk dili və ədəbiyyatı fakültəsinin dekanı doktor Ali Kurt karantin dövründə insanların zaman keçirmək üçün əsas seçiminin kitab oxumaq olduğunu deyib.

İnsanların karantin dövründə bir çox yeni müsbət vərdişlər əldə etdiyini bildirən Kurt bu vərdişlər arasında kitab oxumağın xüsusi yeri olduğunu deyib.

"Türkiyə Yazarlar Birliyinin karantin günləri də daxil olmaqla 2020-ci ilin ilk 6 ayı üçün verdiyi məlumata görə, kitab istehsalında 21% artım qeydə alınıb. Uşaq kitablarının istehsalı isə əvvəlki ilə nisbətən 33% artıb. Xüsusən də karantin dövründə onlayn kitab satışı 100%, uşaq kitablarının satışı isə 200% yüksəlib. …İnsanlar köhnə dostları - kitabları xatırladılar", –Kurt Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində bildirib.

Kurt karantin dövründə insanların kitabı bir dost kimi gördüklərini bildirib. O bunu xüsusilə də uşaqlıqdan kitab oxuma vərdişi qazanmış insanlara aid edib.

Həm vaxt keçirmək, həm bilik qazanmaq

Kurt həmçinin, oxuma vərdişinin uşaqlıqdan qazanılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, kitablara yer və zaman ayrılan, kitab haqqında danışılan, kitab oxunan evlərdə böyüyən uşaqlar fərqli olur. Alim, eyni zamanda, valideynlərin uşağın kitab oxuma vərdişləri qazanmasında rol model olmasına da diqqət çəkib:

"Karantin dövründə uşaqları ilə vaxt keçirən ana-atalar kitabları, sadəcə, uşaqların başını qatmaq üçün alət, yaxud məktəbə gedə bilmədikləri üçün kompensasiya kimi akademik bilik qaynağı kimi görməməlidirlər. Uşaqlarımıza oxuma vərdişini qazandırmaq üçün kitabın həm gözəl vaxt keçirmə, həm də bilik qaynağı olduğu öyrədilməlidir".

Ancaq dünyanın hər yerində vəziyyət eyni olmayıb. "The New York Times" qəzeti yazır ki, ABŞ-da hətta nəşriyyat dünyası da pandemiyanın gətirdiyi iqtisadi çətinliklərdən qoruna bilməyib. Artıq mart ayında bu ölkədə bütün kateqoriyalardan olan kitabların satışı ötən ilin eyni ayı ilə müqayisədə 8% azalmışdı.

Tədris kitablarının satışı azalır

Ən sərt azalma tədris kitablarının nəşri sahəsində qeydə alınıb. Bu isə orta və ali məktəblərin bağlanması ilə əlaqələndirilir. Misal olaraq yuxarı siniflər və ali məktəblər üçün tədris materiallarının satışında 8% azalmanın olmasını göstərmək olar. Universitet nəşriyyatlarının kitablarının satışında isə 21% azalma olub.

Maraqlıdır ki, kommersiya nəşriyyatlarının kitab satışı kifayət qədər uğurlu olub.

Bir zamanlar dünyanın ən çox kitab oxuyan ölkələrindən sayılan Rusiyada pandemiyanın ilk ayları ərzində onlayn kitab satışında 27% artım qeydə alınıb. "Karantinin iki ayı ərzində 15 milyon oxucunu əhatə edən 600 təqdimat keçirilib. Karantin dövründə oxucu heç yerə getməyib. Onlayn kitab satışı 23%-dən 50%-ə qalxıb", – Rusiya Kitab Birliyinin rəhbəri Sergey Stepaşin "Interfax" agentliyinə deyib.

Ancaq ümumilikdə Rusiyada da kitab ticarəti ən yaxşı vaxtlarını yaşamır. Bir çox müstəqil kitab dükanları ianələr hesabına ayaqda qala bilir. Kitab nəşri ilə məşğul olan şirkətlərin nümayəndələri hökumətə müraciətdə kitabların zəruri istehlak məhsulları siyahısına salınmasını xahiş ediblər. Hökumət bu təklifi qəbul etsəydi, kitab dükanları da, digər zəruri mallar satan dükanlar kimi, açıq qala, ticarətin həcmini az da olsa, tənzimləyə bilərdi.

XS
SM
MD
LG