Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:38

Luiza Qlük 'Nobel'i necə aldı


Luiza Qlük
Luiza Qlük

Amerika poeziyasını yaxından izləyən oxucular Luiza Qlükü tanıyırlar. Ədəbiyyat dünyasının qalan hissəsi üçünsə ötən həftə Qlükün Nobel mükafatına layiq görülməsi sürpriz olub. "Çünki Qlük nə aktual, nə də beynəlxalq aləmdə tanınan şairdir. Onun 12 şeir toplusunu ilk dəfə oxuyanda adama elə gəlir ki, onların hamısı bir bütövün hissələridir. Yenidən oxuyanda isə fərqləri görməyə başlayırsan. O deyir ki, dəyişməyə, özünü sorğulamağa, hətta hər yeni kitabında istiqamətini dəyişdirməyə çalışır. Kifayət qədər dərinə gedəndə onun nə qədər haqlı olduğunu görürsən", – "The Guardian" yazır.

"Firstborn" (1969) şairin ilk şeir toplusudur. Ancaq "The Guardian" onun şeirlərini lap əvvəldən, xronoloji ardıcıllıqla oxumamağı məsləhət görür. Əvəzində isə 1975-ci ildə çıxmış "The House on Marshland" və onun ardınca çıxan kitablardan başlamaq olar. "Bu zərif lakonik parçalar … qaranlıq …dünyada müəyyənlik və sabitlik axtaran qadın və qızları təsvir edir", – yazıda deyilir.

"Heç kimi sevməmək yaxşıdır"

Məşhur alman xalq nağılının qəhrəmanı Qretel Qlükün versiyasında cadugərdən canını qurtarandan sonra daim qardaşını az qala öldürən alovu düşünür. Ona elə gəlir ki, qardaşını xilas etməyib. "Here Are My Black Clothes" adlı şeir isə belə başlayır: "Məncə indi səni sevməkdənsə heç kimi sevməmək yaxşıdır". "Love Poem" parçasında isə sevgili, yaxud keçmiş sevgili qınanılır: "Sənin olduğun kimi olmağın / bir-birinin ardınca kərpic divarlar kimi / qandan, qadınlarından qorxmağın/ təəccüblü deyil".

Ancaq Qlükün ilk şeirləri heç də həmişə belə qara olmasa da, bir çox işlərində fərqli insanlar, çətin ailələr, yetkin insanların çətin seçimləri haqda yazıb. Öz həyatının detallarını təsvir etməyib. 1985-ci ildə çıxmış "The Triumph of Achilles" kitabı onun mif, …aforizm və hikmət repertuarını genişləndirib.

Yeniyetməlik dövründə qidalanma pozğunluğu keçirən Qlükün 20 yaşları universitetdə deyil, psixoanaliz seanslarında keçib: "Mən psixiatr kimi eşitməyi öyrəndim", – deyə o, 1990-cı ildə çıxan "Ararat" kitabında yazır. Bu kitabda ailə hekayələri ön plana çəkilir. "The Unreliable Narrator" şeiri uşaqlığı çətin keçmiş insanların ürəyindən xəbər verir. "A Fable" şeirində isə Süleyman şahın rəvayətinə yeni baxışı görürük.

İnkar edilən həqiqətlər

Qlükün 1993-ci ildə çapdan çıxmış "The Wild Iris" kitabı "Pulitzer" mükafatına layiq görülüb. Bu kitaba daxil olan şeirlərin çoxunda fikirlər insanların yox, çiçəkləyən bitkilər, mamır, ağaclar və tanrının dilindən nəql edilir. Şair bu yolla bütün yaradılışın adından yaradana səslənir: "Sən məni yaratmısan; sən məni xatırlamalısan".

Qlükün şeirləri əksər insanların inkar etdiyi həqiqətlərlə üzləşir: bəxtimiz gətirsə, yaşlanırıq; bəzi vədləri yerinə yetirə bilmirik…

Qlük ilk nəsr toplusu olan "Proofs&Theories" (1994) kitabında yazır ki, heç vaxt özünə qarşı tələbkarlığa fasilə verməyib. O özünü mifik lirikada göstərəndən sonra avtobioqrafiya və pastoral alleqoriyaya (danışan güllər), daha sonra epos və komediyaya keçib. Onun növbəti kitabları – "Meadowlands"dən (1996) "Averno"yadək (2006) – evliliyin gətirdiyi məyusluq, orta yaşda həyatı yenidən qurmaq cəhdləri, Dantedən Homerin Telemaxına qədər səyahətçilərin epik səyahətləri ilə doludur.

"Mən elə bilirdim həyatım bitib, qəlbimsə qırılıb / Sonra Kembricə köçdüm". 1999-cu ildə yazılmış "Vita Nova" bu sözlərlə bitir. Şairə o zamandan bəri Massaçusets ştatının Kembric şəhərində (Harvard Universiteti burada yerləşir. – red.) yaşayır.

XS
SM
MD
LG