Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

Tramp Flini əfv edir


Maykl Flin
Maykl Flin

İstefada olan ordu generalı, Müdafiə Kəşfiyyatı Agentliyinin keçmiş rəhbəri Flin FTB-yə yalan danışdığını iki dəfə etiraf edib

ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flini əfv edib. Bu haqda o, noyabrın 25-də tvitində yazıb.

Bununla da 2017-ci ildə başlanmış cinayət təqibinə son verilib. Flin rusiyalılarla təmasları haqda FTB-yə yalan danışdığını boynuna almışdı.

“General Maykl Flinin Tam Əfv olunduğunu elan etməkdən şərəf duyuram. @GenFlin və gözəl ailəsinə təbriklər. Bilirəm ki, indi əsl fantastik Şükran bayramı keçirəcəksiz!” – Tramp tvitində yazıb.

Bu əfv Demokrat konqresmenlərin tənqidinə səbəb olub. Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi bunu “ağır korrupsiya aktı və hakimiyyətdən abırsızcasına sui-istifadə” adlandırıb.

Trampın əfvi o deməkdir ki, Flin həbs cəzasına məhkum edilə bilməz. Ağ ev isə bəyanatında bildirib ki, Flin heç mühakimə olunmamalıydı.

***

ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flini əfv etməyi nəzərdən keçirir. O, 2017-ci ildə FTB-yə rusiyalılarla əlaqələri haqda yalan danışdığını boynuna almışdı. Xəbəri ABŞ mediası yayıb.

Tramp köməkçilərinə deyib ki, prezidentliyinin son günlərində verəcəyi əfvlərə Flini də salmağı planlaşdırır. “Axios” və “The New York Times” noyabrın 24-də adlarını çəkmədikləri mənbələrə istinadla bu haqda yazıblar.

Flinin 2016-cı ilin dekabrında Vaşinqtonda Rusiya səfiri ilə gizli danışıqları Moskvanın həmin il prezident seçkisinə müdaxiləsi ilə bağlı istintaqın əsasını təşkil edirdi. Trampın seçki qərargahı ilə Rusiya hökuməti arasında hər hansı koordinasiya araşdırılırdı.

“Yaxşı adam”

Tramp 2017-ci ilin fevralında Flini vəzifəsindən kənarlaşdırdı. Ancaq prezident sözügedən istintaqı “əcinnə ovu” adlandırıb, Flinin “yaxşı adam” olduğunu deyib.

İstefada olan ordu generalı, Müdafiə Kəşfiyyatı Agentliyinin keçmiş rəhbəri Flin FTB-yə yalan danışdığını iki dəfə etiraf edib. Söhbət onun 2016-cı ilin sonu və 2017-ci ilin əvvəlində prezidentlikdə keçid zamanı Rusiyanın ABŞ-dakı səfirilə təmaslarından gedirdi.

Ancaq o, sonradan etirafını geri götürməyə cəhd edib, prokurorların onun hüquqlarını pozduğunu, aldadaraq belə bir razılaşma əldə etdiklərini deyib.

Ədliyyə Departamenti mayda gözlənilmədən Flinə qarşı cinayət işini ləğv edib, onun FTB-yə yalan söyləməsi iddialarının əhəmiyyətli olmadığını bildirib. Flinin işinə baxmış federal hakim isə məsələnin yenidən məhkəmə baxışından keçirilməsini tələb edib.

Trampın əfvi bu işin məhkəmələrdən yığışdırılması deməkdir.

Stounun cəzası yumşaldıldı

İyulun 10-da isə Tramp keçmiş müşaviri Rocer Stounun cəzasını yumşaldıb. O, üç il dörd ay həbs cəzası çəkməliydi, Konqresə yalan danışmaqda, şahidlərin işini, Nümayəndələr Palatasının istintaqını əngəlləməkdə təqsirli bilinmişdi. Palata da Trampın seçki qərargahının 2016-cı il seçkisini qazanmaqdan ötrü Rusiyayla əlbirliyə gedib-getmədiyini araşdırırdı.

Ancaq prezident onun cəzasını sadəcə yumşaldıb, yəni tam əfv etməyib.

Xüsusi prokuror Trampın seçki qərargahı ilə Rusiya arasında çoxsaylı təmasların olduğunu aşkarlasa da, kriminal əlbirliyə yetərincə dəlil tapmadığını bildirdi.

Bu il noyabrın 3-də prezident seçkisini Demokrat Partiyasından Co Bayden udub. Artıq Birləşmiş Ştatlarda prezidentlikdə keçid prosesi başladılıb.

XS
SM
MD
LG