Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:08

Azərbaycanın dörd hərbi qulluqçusu həbs olunub


Baş Prokurorluq
Baş Prokurorluq

Azərbaycanın dörd hərbi qulluqçu həbs olunub. Bu barədə bu gün, dekabrın 14-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Qurum bildirir ki, Azərbaycanın bəzi hərbi qulluqçularının döyüş zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələri, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı ilə bağlı videogörüntülər yayılıb. Məlumata görə, həmin videoları Baş Prokurorluq və Hərbi Prokurorluq araşdırıb, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına ciddi şübhələr yaranıb: "...Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib".

Məlumata görə, kiçik gizir Rəşad ƏliyevQardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, bunu mobil telefonla videoqeydə alıb digər şəxslərə göndərmələrinə əsaslı şübhələr yaranıb. Həmçinin, əsgərlər Arzu HüseynovÜmid Ağayev Xocavənd rayonunun Mədətli kəndi ərazisindəki qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqda, üzərilərində təhqiredici hərəkətlərdə günahlandırılırlar: "R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir. Hazırda sosial mediada yayılmış digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək".

Rəsmi məlumatda adları gedən hərbi qulluqçular və onların vəkillərinin, hələlik, ittihamlara münasibətini almaq mümkün olmayıb.

Xatırlama

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG