Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:51

Amnesty başkəsmə videolarını araşdırmağa çağırır


Arxiv fotosu
Arxiv fotosu

“Amnesty International” 22 videonu təhlil etdiyini bildirir. Həmin videolarda mühakiməsiz edamlar, hərbi və digər əsirlərlə pis rəftar, qarşı tərəfin əsgərlərinin cəsədlərinin təhqir olunduğu görünür

“Dağlıq Qarabağ müharibəsində həm Azərbaycan, həm də Ermənistan hərbi qüvvələri müharibə cinayətləri törədiblər”. “Amnesty International” insan haqları təşkilatı əsirlərin başının kəsilməsini və qarşı tərəfdən meyitlərin təhqir olunmasını göstərən videoların həqiqiliyini müəyyənləşdirəndən sonra belə bir açıqlama yayıb.

“Amnesty International” 22 videonu təhlil etdiyini bildirir. Həmin videolarda mühakiməsiz edamlar, hərbi və digər əsirlərlə pis rəftar, qarşı tərəfin əsgərlərinin cəsədlərinin təhqir olunduğu görünür.

İki videoda azərbaycanlı əsgərlər tərəfindən başkəsmə, digərində isə azərbaycanlı sərhədçinin boğazının kəsilməsi və ölümü təsvir olunub.

Videoların son üç həftədə şəxsi Telegram kanallarında yayıldığı bildirilir. Amnesty-nin Böhran Dəlili Laboratoriyası rəqəmsal texnikalardan yararlanaraq videoların həqiqiliyi təsdiqləyib.

“Günahkarlar mühakimə olunmalıdır”

Təşkilatın Şərqi Avropa və Orta Asiya üzrə tədqiqat direktoru Denis Krivoşeyev deyir ki, hər iki tərəfin əsgərləri “dəhşətli davranıb, müharibə qanunlarına tamamilə sayğısız yanaşıblar”.

“Bu videolardan görünən mənəviyyatsızlıq, qeyri-insani davranış qurbanları maksimum ziyan və alçalmaya məruz qoymaq məqsədi daşıyıb, beynəlxalq humanitar hüququn aydın şəkildə pozulmasıdır”, – o vurğulayıb.

“Həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti dərhal müstəqil, qərəzsiz araşdırma aparmalı, məsuliyyət daşıyanları tapmalıdır. Günahkarlar mühakimə olunmalıdır”, – təşkilat rəsmisi deyib.

Tədqiq olunan daha 11 videoda Ermənistan qüvvələrinin, yeddisində isə Azərbaycan qüvvələrinin yol verdiyi pozuntular görünür. Videolarda erməni əsgərlər azərbaycanlı əsgərin meyitinin qulağını kəsir, əsgər nəşini ipə bağlayıb yerlə sürüyür, meyitin üstünə çıxırlar. Digər videolarda azərbaycanlı əsgərlər əlləri və gözləri bağlı erməni əsirləri vurur, öz hökumətlərinə qarşı bəyanatlar səsləndirməyə məcbur edirlər.

Beynəlxalq humanitar hüquq saxlanmış şəxsə, hərbi əsirlərə qarşı zorakılığı, meyitlərin təhqiq olunmasını, təbliğat məqsədilə etiraf və ittihamı çəkməyi qadağan edir.

Amnesty International münaqişə tərəflərini beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşmağa, dinc sakinləri ədavətin təsirindən qorumağa çağırır.

Cinayət işi başlanıb

Azərbaycanın Baş Prokurorluğu isə noyabrın 21-də bildirib ki, 44 günlük silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair ibtidai istintaq aparılır.

Prokurorluq eyni zamanda bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçuları tərəfindən erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, erməni əsirlərlə qeyri-insani rəftarı əks etdirən videogörüntülərin yayıldığını qeyd edir. Qurum bir çox videoçarxların saxta olduğunu, bəzilərinin reallığı əks etdirməsinə ciddi şübhələr yarandığını bildirib. Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluq ölkə vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edib.

Bir müddət öncə “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı Azərbaycan hərbçilərinin bir çox erməni əsirlərlə pis rəftar etdikləri barədə məlumat yayıb.

Azərbaycan tərəfi isə Ermənistan tərəfini əsirlikdə olan azərbaycanlı hərbi qulluqçularla pis rəftarda ittiham edir, əksinə erməni əsirlərlə beynəlxalq hüquqa uyğun şəkildə rəftar olunduğunu vurğulayır.

Azərbaycan qüvvələri sentyabrın 27-dən noyabrın 9-dək Dağlıq Qarabağ ətrafındakı dörd rayonu, eləcə də Şuşa şəhərini, Hadrut qəsəbəsini işğaldan azad edib. Noyabrın 10-da açıqlanmış atəşkəs sazişi ilə qalan 3 rayon da dekabrın 1-dək Azərbaycana qaytarıldı. Eyni zamanda tərəflərin təmas xəttinə və Laçın dəhlizinə 2 min Rusiya sülhməramlısı yerləşdirilib.

XS
SM
MD
LG