Tramp administrasiyasının ABŞ Qlobal Media Agentliyinin (USAGM) ləğvi qərarından sonra "Sərhədsiz Reportyorlar" Təşkilatı (RSF) bütün dünyada bu Agentlik əməkdaşlarının, o cümlədən fəaliyyətlərinə görə həbsdə olan doqquz jurnalistin üzləşdiyi risklərlə bağlı həyəcan təbili çalır.
RSF bəyanatında beynəlxalq diplomatik ictimaiyyəti bu jurnalistlərin azadlığa buraxılması üçün dərhal səfərbər olmağa və USAGM jurnalistlərinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Sənəddə xatırladılıb ki, USAGM-in hazırda həbsdə olan 10 əməkdaşının doqquzu jurnalistdir. Onların dördü Vyetnamda, ikisi Rusiyada, biri Belarusda, biri Azərbaycanda və biri Myanmada həbs olunub: "Bəziləri xüsusilə sərt cəzalar alıblar. Məsələn, AzadlıqRadiosunun Belarus xidmətinin əməkdaşı olan İqor Losik "kütləvi iğtişaşların təşkili" və "nifrətə təhrik" ittihamları ilə 15 il həbsə məhkum edilərək ağır əmək koloniyasına göndərilib".
RSF-nin baş direktoru Tibo Brütten bildirib ki, Tramp administrasiyası USAGM və onun media qurumlarını bağlamaqla Pekinə, Moskvaya siqnal göndərir: "Pekin və Moskva kimi avtoritar rejimlər indi öz təbliğatlarını nəzarətsiz yaymaqda sərbəstdirlər".
Dövlət Departamenti: "Çərçivə dəyişir, öhdəlik yox"
ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs martın 17-də keçirdiyi mətbuat brifinqində müvafiq məsələ ilə bağlı sualı cavablandırıb. Jurnalist Ələkbər Raufoğlunun Tramp administrasiyasının USAGM-in ləğvi qərarından sonra onun qurumları ilə əməkdaşlığa görə hazırda həbsdə olan jurnalistlərin azadlığı üçün hər hansı addım atılıb-atılmayacağı barədə suala cavab verib.
Gələcək maliyyələşdirmə qərarlarına birbaşa toxunmasa da, T.Brüs Birləşmiş Ştatların ifadə azadlığı və bütün səslərin eşidilməsini təmin etməyə davam edəcəyini deyib və bunun "Amerika demokratiyasının əsas dəyəri" olduğunu vurğulayıb: "Bəzi məsələlərin çərçivəsi dəyişə və ya idarəçiliyin asanlaşdırılması ilə bağlı dəyişiklik ola bilər, amma bu öhdəlik heç vaxt dəyişməyəcək".
Çexiya Aİ-də AzadlıqRadiosunun maliyyələşməsi müzakirələrini başladır
Çexiyanın xarici işlər naziri Yan Lipavski ABŞ hökuməti Azad Avropa/Azadlıq Radiolarına ayrılan maliyyəni azaltmaqla bağlı qərar verəndən sonra bu media qurumuna mümkün Avropa dəstəyi məsələsini müzakirəyə çıxaracağını bildirib.
Lipavski Brüsseldə jurnalistlərə deyib ki, martın 17-də Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin görüşündə bu məsələni qaldıracaq, çünki Tramp administrasiyasının həftəsonu Konqresin təsdiqlədiyi maliyyələşməni kəsməsindən sonra AzadlıqRadiosunun gələcəyi bəlli deyil.
"ABŞ tərəfdə hadisələrin necə inkişaf edəcəyini, bunun ehtimalının nə olduğunu bilmirik. Ona görə də gözləntilərimizə aydınlıq gətirməliyik, lakin nəsə etmək üçün siyasi iradədən başlamalıyıq", - Lipavski görüşdən əvvəl bildirib.
Tramp 7 federal agentlikdə ciddi ixtisarlarla bağlı fərman imzalayıb
ABŞ prezidenti Donald Tramp dövlət büdcəsindən maliyyələşən yeddi təşkilatda, o cümlədən Azad Avropa/Azadlıq Radiolarında ciddi ixtisarların aparılması ilə bağlı fərman imzalayıb.
AzadlıqRadiosunun Ağ evə istinadla yaydığı məlumatda deyilir ki, martın 14-də imzalanan fərmanda miqyasının kiçildilməsi planlanan təşkilatlar arasında ABŞ-nin Qlobal Media Agentliyi də (USAGM) yer alır. Bu agentlik AzadlıqRadiosu və "Amerikanın Səsi" də daxil, xarici ölkələrə yayımlanan ABŞ KİV-lərinə nəzarəti həyata keçirir.
75 ildən sonra...
Fərmanın dərcindən bir neçə saat sonra media USAGM-nin məktubunu yayıb. Məktubda deyilir ki, Konqresin Azad Avropa/Azadlıq Radiolarının maliyyələşdirilməsinə ayırdığı qrant dayandırılıb.
Məktubu Keri Leyk imzalayıb. O, vəzifəsini USAGM-in fəaliyyətdə olan rəhbərinin müşaviri kimi göstərib. Tramp Leyki "Amerikanın Səsi"nin rəhbəri vəzifəsinə namizəd göstərib, amma o, hələ bu posta təsdiqlənməyib.
AzadlıqRadiosunun prezident Stiven Kapus deyib ki, qrant sazişinin dayandırılması Amerikanın düşmənlərinə böyük hədiyyədir.
"İran ayətullahları, Çinin kommunist liderləri, Moskva və Minskdəki avtokratlar 75 ildən sonra AzadlıqRadiosunun işinin dayandırılımasını bayram edəcəklər. Düşmənlərimizin bu qələbəni əldə etməsi onları gücləndirəcək, Amerikanı zəiflədəcək", - o, bəyanatında deyib.
"AzadlıqRadiosunun tarixi boyunca bizə hər iki partiya güclü dəstək verib. Biz olmasaq, qapalı cəmiyyətlərdə hər həftə dəqiq xəbəri bizdən alan 50 milyonadək adamın Amerika və dünya haqda həqiqətə çıxışı kəsiləcək", -- Kapus sözlərinə əlavə edib.
USAGM müstəqil qurum olaraq 50-dək dildə hər həftə 360 milyonluq auditoriya üçün xəbər yayımının həyata keçirilməsinə nəzarət edir. Qurumun 2025-ci il üçün büdcəsi 950 milyon dollardır.
ABŞ Konqresində təsdiqlənməklə həmin vəsait qurumun cari xərcləri və əsaslı sərmayələri üçün ayrılır.
Agentlik Azad Asiya, Kubaya yayımlanan "Radio Marti", Yaxın Şərq Yayım Şəbəkəsi (MBN) və Açıq Texnologiya Fondu kimi qurumlara da nəzarət edir.
Hakimiyyətə ikinci dəfə gəldikdən sonra hökumət xərclərini azaltmaq yönündə addımlar atan Trampın birinci prezidentlik dövründə USAGM ilə redaksiya müstəqilliyi və proqram siyasəti ilə bağlı mübahisəsi də olmuşdu. O, prezidentliyinin ikinci dövrünə başladıqdan sonra həmin narahatlıqlarını bir daha ifadə edib.
USAGM-in nəzarət etdiyi media qurumlarının dəstəkçiləri isə fərqli fikirdədirlər. Onlar bildirirlər ki, həmin KİV-lər ABŞ diplomatiyasının vacib qoludurlar.