Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:35

'Müxtəlif kabinetlərdə yenə məmurlar rəqəmləri hesablayıb deyirlər'


Yol çəkilişi. Foto arxiv
Yol çəkilişi. Foto arxiv

Milli Məclisdə müzakirə edilən 2021-ci il dövlət büdcəsi layihəsində 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı xüsusi bənd də öz əksini tapıb. Layihəyə əsasən, işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulmasına gələn il 2.2 milyard manat ayrılacaq. Bundan əlavə, işğaldan azad olunan ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı konsepsiya qəbul edilməlidir. Orada dövlətlə yanaşı, yerli, xarici investisiyaların cəlb edilməsi ilə işğaldan azad olunan ərazilərdə iqtisadi, sosial infrastrukturun yenidən qurulması və əhalinin məşğulluğu prioritet olmalıdır.

Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Azərbaycan hökumətinin regionların sosial-iqtisadi inkişafının təmin edilməsi baxımından kifayət qədər təcrübəsi var: "Regionların sosial-iqtisadi inkişafı üzrə artıq üç proqram həyata keçirilib. Buna görə hökumətin bütün qurumları bu istiqamətdə kifayət qədər təcrübəlidir. İşğaldan azad olunmuş ərazilərin bərpa olunması təcrübəsini artıq Cocuq Mərcanlı kəndinin bərpası zamanı müşahidə etmişik. Çox qısa bir müddətdə 150-dən çox fərdi həyətyanı evlər tikildi və insanlar ora məmnuniyyətlə köçdülər. Eyni şəkildə, bəlkə də əvvəlkindən daha böyük ruh yüksəkliyi ilə həm bu quruculuq işlərini aparan şirkətlər Qarabağ bölgəsinə gedir, həm də həmin bölgədən məcburi köçkün olan vətəndaşlar səbirsizliklə bu işlərin başa çatmasını gözləyirlər".

C.Feyziyev
C.Feyziyev

"Bir-iki il ərzində məcburi köçkünlərin böyük bir hissəsi köçə biləcək"

Deputat qeyd edib ki, 10 noyabr tarixli bəyanat imzalanan kimi dərhal bərpa işlərinin bir qismi başlanıb: "Yəni, Dağlıq Qarabağın müxtəlif bölgələri arasında yol infrastrukturunun çəkilişi ilə bağlı nəinki layihələr hazırlanıb, hətta real praktiki işlərə də başlanıb. Heç şübhə yoxdur ki, işğaldan azad olunmuş bütün bölgələrdə enerji, su, qaz təminatı və yol infrastrukturunun çəkilişi ilə bağlı işlər fasiləsiz olaraq davam edəcək. Qısa bir müddətdə bütün Qarabağ regionu üzrə bu işlər başa çatdırılacaq".

C.Feyziyev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə işlər yalnız infrastrukturun bərpasından ibarət deyil: "Şuşada müəssisələr işə başlayıb, insanlar ora köçür, orada işləməyə, öz biznesini qurmağa başlayır. Bütün bunlar paralel olaraq davam edəcək. Heç şübhə yoxdur ki, çox yaxın zamanda, bir-iki il ərzində məcburi köçkünlərin böyük bir hissəsi öz ənənəvi yaşayış məntəqələrinə köçə biləcəklər".

"Beynəlxalq fond yaradılmalı idi"

İqtisadçı Nazim Bəydəmirli isə hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərin aparılması üçün büdcədə nəzərdə tutulmuş vəsait azdır. O, AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökuməti 2.2 milyard manatı ayırmaqla yəqin ki, ilk növbədə yol infrastrukturunu, elektrik enerjisini təmin etməyi və başqa bu kimi işləri düşünür: "Əslində mən bunu bir az tələskənlik hesab edirəm. Məncə, Azərbaycan hökuməti Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət etməli idi, işğaldan azad olunmuş ərazilərin yenidən Azərbaycan iqtisadiyyatına qazandırılması üçün beynəlxalq fond yaradılmalı idi. Çünki Azərbaycan hökuməti BMT-nin və digər beynəlxalq qurumların təşəbbüsü ilə müharibədən əziyyət çəkmiş ölkələrə həmişə yardım edir, fondlara vəsait köçürür. Bu, həm də ona işarə ola bilərdi ki, bizim təxmini hesablamalarımıza görə, bizə dəymiş ziyan bir neçə yüz milyard manatdır".

"Hər şey sıfırdan tikilməlidir"

İqtisadçı xatırladır ki, 1994-cü ildə hesablanmış təxmini qiymətləndirməyə görə, 50 milyard dollardan çox ziyan vurulub: "Biz videolardan görürük ki, işğal zamanı həmin ərazilərdə daş-daş üstündə qoymayıblar, hər şey sıfırdan tikilməlidir".

O qeyd edib ki, büdcədə nəzərdə tutulmuş məbləğin xərcləməsi ilə bağlı müəyyən narahatlıqlar var:

N.Bəydəmirli
N.Bəydəmirli

"Hər il 7-10 milyard manat dövlət əsaslı investisiya, yol infrastrukturu, energetika və digər sahələrə ayrılan vəsaitlər əslində kağız üzərində keçirilmiş tenderlər vasitəsilə paylanır. Mənimsəmələr olur. Bu faktlar jurnalist araşdırmalarında kifayət qədər var".

"Azərbaycanda məmur sahibkarlığı ənənəsi var"

N.Bəydəmirlinin təəssüflə vurğulamasına görə, Azərbaycanda məmur sahibkarlığı ənənəsi var: "Vəsaitlər müxtəlif yüksəkçinli məmurların ailə üzvlərinin şirkətlərinə verilir və nəticə etibarilə dövlət vəsaitləri mənimsənilir".

N.Bəydəmirli hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə bağlı konsepsiyalar və fəaliyyət planlarının hazırlamasında müstəqil ekspertlərin iştirakı vacibdir: "Üstəlik də, bu işlərə xərclənən vəsaitlər ictimai vəsaitlərdir və onların xərclənməsində nəzarətə mütləq vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri, ekspertlər cəlb olunmalıdır. Bunu "Büdcə sistemi haqqında" Qanun da tələb edir".

"Hökumət ələ alıb"

İqtisadçının vurğulamasına görə, Azərbaycanda vətəndaş institutlarının çoxunu hökumət ələ alıb və qrant layihələri vasitəsilə hökumətdən asılı vəziyyətə düşüblər. O hesab edir ki, işğaldan azad olunmuş ərazilərlə bağlı proqramlara icmalar da cəlb olunmalı idi: "Ora ilk növbədə qayıdacaq adamların hansı məntəqələrə yerləşdirilməsi, rayon mərkəzlərində hansı kommunikasiyaların qurulması ilə bağlı müzakirələr aparılmalı idi. Amma görünür ki, müxtəlif kabinetlərdə yenə məmurlar rəqəmləri hesablayıb deyirlər".

İqtisadçı hazırda bəzi kommunal qurumların şişirdilmiş layihələrinə uyğun olaraq hökumətə sifariş vermələrini də istisna etməyib: "Dəfələrlə ölkə başçısı... mərkəzi icra hakimiyyəti orqanlarının, o cümlədən kommunal xidmətlər göstərən qurumların şişirdilmiş layihələri haqqında deyib. Hökumət qazanmadığı pulu xərcləməyə davam edir. Mən hesab edirdim ki, Qarabağ mövzusunda bu cür xərcləmələr olmayacaq, ciddi analiz olunacaq, amma hələ ki, başqa mənzərə görünür".

Qısa statistika

2021-ci il dövlət büdcəsinin layihəsində gəlirlər 25 mlrd. 427 mln. manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 mlrd. 303 mln. manat və yaxud 5.4 faiz çoxdur. Mövcud layihədə xərclər isə 28 mlrd. 543 mln. manat proqnozlaşdırılır. Bu da 2020-ci ilə nisbətən 1 mlrd. 50.8 mln. manat və ya 3.8 faiz çoxdur.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG