Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:53

Təbii fəlakətlərə ayrılan pullar necə xərclənir


Aişə Əliyeva: evimi kim tikəcək?
Gözlə

No media source currently available

0:00 0:07:31 0:00

Aişə Əliyeva: evimi kim tikəcək?

"Hüquq-mühafizə orqanları Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı araşdırma aparmalıdır". 2012-ci ilin mayında Zaqatala, Balakən və Qax rayonlarında zəlzələdən ziyan çəkmiş Eldar Atayev bu məqsədlə dekabrın 21-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova müraciət edib.

Çobankol kənd sakini iddia edir ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün nazirliyə ayrılan pul xərclənərkən qiymətlər şişirdilib, büdcə vəsaitinin böyük bir hissəsi mənimsənilib: "Evlərin tikintisinin hansı şirkətə həvalə olunduğu, hər birinin neçəyə başa gəldiyini açıqlamırlar. Mən niyə bilməməliyəm ki, evimi neçəyə tikiblər? Bu, heç kimin cibinin pulu deyil ki, istədiyi kimi xərcləsin".

Milyonlar ayrılır, amma...

2012-ci ildə büdcədən Fövqəladə Hallar Nazirliyinin inzibati və digər xərclərinə 108 milyon 443 min manat vəsait ayrılıb. Ölkədə baş verən təbii fəlakət və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün də əlavə ayırmalar olur. Zəlzələdən bir gün sonra - 8 may 2012-ci ildə prezidentin göstərişi ilə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Nazirlər Kabinetinin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb. 2012-ci ildə bu məqsədlə 300 milyon və 100 milyon olmaqla, daha iki dəfə əlavə ayırma olub.

M.Əliyev
M.Əliyev

"Kür" Vətəndaş Cəmiyyəti Qərargahı 2010-cu ildə Saatlı-Sabirabad bölgəsində Kür daşqınlarının vurduğu ziyanın aradan qaldırılması məqsədilə ayrılan vəsaitlərin necə xərcləndiyini araşdırıb, Zaqatala-Balakən bölgəsindəki zəlzələdən sonra da eyni işi görüb. Qərargahın üzvlərindən olan "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev AzadlıqRadiosuna büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı çox ciddi pozuntular aşkarladıqlarını deyir: "Kütləvi oğurluq, böyük korrupsiya, insanları aldatma halları var idi. Aşkarladığımız korrupsiya hallarını əks etdirən əsaslı hesabatlar hazırlayıb Prezident Aparatına, Milli Məclisə, Nazirlər Kabinetinə, Fövqəladə Hallar Nazirliyinə, hətta Milli Təhlükəsizlik Nazirliyinə də göndərmişdik. Təəssüf ki, lazım olan reaksiyanı vermədilər. Amma əvəzində qərargahın koordinatoru Oqtay Gülalıyevi həbs elədilər".

"Məsələ qaldırdıq ki, o vəsaitlər poçt vasitəsilə ödənilsin"

M.Əliyevin sözlərinə görə, vətəndaşlara kompensasiya olaraq yuxarı məbləğin verilməsi nəzərdə tutulsa da, daha aşağı məbləğdə vəsait ödənilirdi. Evlərin tikintisi, bərpası məsələsində də xərclər şişirdilirdi: "Sakinlərə yardım, kompensasiya kimi pullar paylanırdı, heç bir rəsmi sənəd yox idi. Biz bu məsələnin üstünü açdıq, adamlar aldadıldıqlarını, çox yazılıb, az verildiyini bildilər. Məsələ qaldırdıq ki, o vəsaitlər poçt vasitəsilə ödənilsin. O zaman insanlar da bu saxtakarlığa, korrupsiyaya etiraz edirdi".

Qərargah üzvü vurğulayıb ki, istər daşqın, istərsə də zəlzələnin nəticələrinin aradan qaldırılmasına ayrılmış vəsaitlər və onların necə xərclənməsi barədə məlumatları Fövqəladə Hallar Nazirliyindən almaqda çətinlik çəkirdilər. Hətta informasiya əldə etmək hüququnun pozuntusuna görə məhkəmə çəkişmələri də olmuşdu.

Fövqəladə Hallar Nazirliyi zəlzələdən ziyan çəkmiş evlərin hər birinin yenidən tikilməsi və bərpasına xərclənən vəsait barədə məlumat verməkdən imtina edir. Nazirlikdən E.Atayevə cavab məktubunda bildirilib ki, bu məlumatlar daxili istifadə üçün nəzərdə tutulub.

Ə.Nuriyev
Ə.Nuriyev

Tender elanları sayta yerləşdirilirmi

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev AzadlıqRadiosuna bildirib ki, büdcə vəsaitlərinin xərclənməsi zamanı özəlliklə satınalmalar məsələsində ciddi problemlər var: "Konkret Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı tədqiqatımız olmayıb. Amma bütövlükdə dövlət satınalmalarının hansı formada həyata keçirilməsi, bu prosesdə şəffaflığın təmin olunması kimi məsələləri araşdırmışıq. Çünki büdcə vəsaitlərinin əhəmiyyətli hissəsi – illik 4-6 milyard manat buna yönəldilir".

Ə.Nuriyevin sözlərinə görə, 2019-cu ildə təxminən 10 min, 2020-ci ildə isə 12 minə yaxın satınalma olub. Araşdırma zamanı məlum olub ki, satınalma planlarının, tender elanları və nəticələrinin rəsmi şəkildə sayta yerləşdirilməsi nəzərdə tutulsa da, 60 faiz halda bu tələbə əməl olunur: "Müqavilələrdə qiymətlərin şişirdilməsinin şahidi olduq. Eyni şirkətlərin müxtəlif istiqamətli satınalmalarda iştirakı və qalib olmasını müəyyənləşdirdik. Eyni şirkət həm tikinti-inşaat, həm informasiya-kommunikasiya, həm də başqa istiqamətdə xidmət göstərir. Müqavilələr bir çox hallarda vaxtında icra edilmir. Bir dövlət orqanı ardıcıl bir neçə ildir eyni şirkəti qalib elan edib, onunla işləyir".

"Şəffaflıq Azərbaycan"ın icraçı direktoru vurğulayıb ki, satınalmalarla bağlı qanunvericiliyə dəyişikliklərə ehtiyac var. Onlar həm üzə çıxardıqları problemləri, həm də təklifləri dövlət orqanlarına, o cümlədən İqtisadiyyat Nazirliyinə göndəriblər və deməsinə görə, yeni hazırlanan layihədə bu təkliflərin, demək olar ki, hamısı əksini tapıb.

XS
SM
MD
LG