Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:33

Koronavirusdan sonrakı dünya – Qərb mediası


Hindistanda koronavirus qrafitisi, 2 yanvar, 2021-ci il
Hindistanda koronavirus qrafitisi, 2 yanvar, 2021-ci il

“New America” beyin mərkəzinin rəhbəri Anna-Mari Sloterin fikrincə, pandemiya bir məsələni qəti şəkildə ortaya qoydu – ABŞ hökuməti heç də qlobal məsələlərin ayrılmaz oyunçusu deyil

Artıq dünyada pandemiya yeni mərhələyə girir, bir sıra ölkələrdə peyvəndləmə gedir, digərləri isə buna hazırlaşır. 2021-ci ildə və sonra dünya düzənində nə gözləməli? “Foreign Policy” dərgisi bu sualla dünyanın aparıcı beyin mərkəzi rəhbərlərinə, təhlilçilərə müraciət edib.

Brukinqs İnstitutunun Prezidenti Con Alen deyir ki, bu qlobal səhiyyə böhranından qalib çıxanların sayı çox az olacaq. Bunun səbəbi heç də xəstəliyin nəzarətimizdən kənar çıxması deyil, bir çox ölkələrin vaksin əldə olunanacan əsl liderlik, cəmiyyətin daxili intizam ortaya qoya bilməməsidir.

“Ən əsası, bu çətin dönəm qlobal səhiyyə sistemlərinin necə pis təmin olunduğunu üzə çıxardı, bir çox ölkələr etik baxımdan məhvedici qərarlar verməli oldular –ilk öncə hansı vətəndaşlara tibbi yardım göstərilməlidir. Üstəlik, bu dəhşətli xəstəliklə mübarizə üçün yenilənmiş qlobal koalisiya qurmaq əvəzinə bir çox ölkələr təcrid siyasətinə bel bağladılar... Birləşmiş Ştatlar ən pis örnəklərdən birinə çevrildi”, – məqalədə deyilir.

Con Allen sistematik irqçilik, iqlim dəyişikliyi, qlobal iqtisadi dirçəlişə ehtiyac kimi məsələlərin həllindən ötrü ortaq beynəlxalq düzəni zəiflətməyi deyil, gücləndirməyi vacib sayır.

Trampın yırtdığı maska

“New America” beyin mərkəzinin rəhbəri Anna-Mari Sloterin fikrincə, pandemiya bir məsələni qəti şəkildə ortaya qoydu – ABŞ hökuməti heç də qlobal məsələlərin ayrılmaz oyunçusu deyil. Vəzifədən getməkdə olan Tramp administrasiyası Birləşmiş Ştatları Dünya Səhiyyə Təşkilatından (DST) çıxardı, vaksinə bərabər şəkildə qlobal çıxışı təmin etməyi hədəfləyən, 172 ölkənin qoşulduğu COVAX tərəfdaşlığına üzv olmadı.

Sloter eyni zamanda ABŞ-ın xeyriyyəçi və vətəndaş cəmiyyəti təşkilatlarının, şirkət və universitetlərinin pandemiya zamanı aktiv rolunu qeyd edir. Gavi, Vaksin Alyansı kimi təşəbbüslərin təşkilinə Bill və Melinda Qeyts Fondu kömək elədi, ABŞ-ın farmaseptik şirkətləri vaksin hazırlanması və paylanmasında aparıcı rol oynadı və sairə.

“Foreign Policy” dərgisinin elmi və köşə yazarı Lauri Qaret diqqəti pandemiya luzerlərinə çəkir. Pandemiyanın iqtisadi çətinlikləri milyonlarla insanı ağır, incik duruma salıb, onlar problemlərinə görə xarici rəqiblərini ittiham edirlər. “Qlobal səhiyyə və humanitar qurumlar artan millətçilik, maliyyə dəstəyi toplamaqda çətinliklərlə üzləşirlər. Bu pandemiyanın uzunmüddətli nəticəsi odur ki, dünya növbəti xəstəlik qarşısında daha zəif duruma düşə bilər”, – o vurğulayır.

Polis maska cəriməsinə görə vətəndaşları şöbədə girov saxlayır?
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Rəqabətli Asiya əsri

Sinqapurun Asiya Tədqiqatı İnstitutunun Milli Universitetinin aparıcı əməkdaşı Kişor Mahbubani COVID-19-dan ölü sayının Şərqi və Cənub-şərqi Asiyada daha az olduğunu qeyd edir. Vyetnamda hər milyon nəfərə 0.4, Çində 3, Sinqapurda 5, Cənubi Koreyada 10, Yaponiyada 17 ölüm düşür. Belçikada bu 1446, İspaniyada 979, Britaniyada 877, Birləşmiş Ştatlarda 840, İtaliyada 944 nəfərdir.

“Rəqəmlər aysberqin üzüdür. Onların arxasında daha böyük hekayə dayanır – rəqabət Qərbdən Şərqə keçir. Qərb cəmiyyətləri vaxtilə elm və rasionallığa sayğılarına görə tanınırdılar. Donald Tramp bu illüziyanın maskasını yırtdı. Asiyalılar indi onun maskasız tərəfdarlarına marıtlayaraq baxırlar”, – o yazır.

Hazırda dünyada 85 milyondan çox yoluxma təsdiqlənib, onlardan 1 milyon 800 mindən çoxu vəfat edib.

Azərbaycanda son günlər gündəlik yoluxma sayı mindən az olsa da, ölüm 30 civarındadır. Yanvarın 3-nə olan məlumata görə, indiyədək 220 mindən artıq yoluxma aşkarlanıb, vəfat edənlərin sayı 2733-ə çatıb.

Ötən ilin sonunda yayılan rəsmi açıqlamalarda bu ilin əvvəlindən ölkədə vaksinasiyanın başlanacağı bildirilirdi.

XS
SM
MD
LG