Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:07

Lukaşenka rəqiblərinə sui-qəsd hazırlayıbmı?


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Avropanın internet qəzetlərindən birində iddia olunduğuna görə 2012-ci ilə aid audioyazı dərc olunub.

Bu da iddia edilir ki, bu audioyazıda Belarusun ən yüksək rütbəli DTK zabiti prezident Alyaksandr Lukaşenkanın üç opponentinin Almaniyada qətlə yetirilməsini müzakirə edir.

EUObserver qəzetində yanvarın 4-də dərc olunmuş məqalədə deyilir ki, audioyazıdakı səs Belarus DTK-sının ovaxtkı sədri Vadzim Zaytsauya məxsusdur.

Sözü gedən üç nəfərə qəsd reallıqda heç vaxt baş verməsə də, qəzetin yazdığına görə sui-qəsdlərin icrasında partlayıcılardan və zəhərlərdən istifadə olunması planlaşdırılıbmış.

Belarus DTK-sının sədri Vadzim Zaytsau
Belarus DTK-sının sədri Vadzim Zaytsau

Bu açıqlamalar 1994-cü ildən bəri Belarusa rəhbərlik edən Lukaşenkanın istefasını tələb edən çoxminlik etirazların keçirildiyi vaxta təsadüf edir.

Müxalifət 2020-ci il 9 avqust prezident seçkisinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını iddia edir.

Seçkinin nəticələri açıqlanandan dərhal sonra paytaxt Minsk və başqa şəhərlərdə yüzminlərlə insanın qatıldığı etiraz nümayişləri keçirilib.

Hökumət bu etirazlara qəddarlıqla divan tutub. İndiyədək 30 min nəfərin saxlandığı və onlardan bir çoxuna işgəncələr verildiyi deyilir.

DTK-nın Alfa qrupu

Avropa İttifaqı və Birləşmiş Ştatlar Belarus seçkisinin nəticələrini və Lukaşenkanın legtimliyini tanımadığını bildirib.

Onlar bir çox Belarus rəsmiləri üzərinə sərt sanksiyalar qoyublar.

Sözü gedən audioyazıda iddia edildiyinə görə, Zaytsau DTK-nın Alfa xüsusi antiterror dəstəsinin üzvlərinə Lukaşenkanın Almaniyada yaşayan opponentləri – keçmiş həbsxana rəisi Aleh Alkayeu, iğtişaş polisinin keçmiş başçısı Uladzimer Baradaç və antikorrupsiya idarəsinin keçmiş rəhbəri Vyachaslau Dudkin haqqında məlumat verir.

Bu audioyazıda habelə 2016-cı ildə Kiyevdə qətlə yetirilmiş Belarus doğumlu Rusiya jurnalisti Pavel Şeremetə qarşı sui-qəsdin də müzakirə olunduğu iddia edilir.

“Güllələmə briqadası”

İddia olunur ki, bu səs yazısında 2012-ci il, aprelin 11-də Minskdəki kabinetində Zaytsau “Prezident bu əməliyyatları gözləyir” deyib.

Audioyazıda Zaytsau olduğu iddia edilən səs deyir ki, Lukaşenka bu əməliyyat üçün 1.5 milyon dollar ayırıb və bu işdə DTK-nın əli olduğu heç bir vəchlə bilinməməlidir.

NATO ölkələrindən bir ekspert EUObserver qəzetinə audiodakı səsin Zaytsaun səsinə çox bənzədiyini deyib.

Alkayeu “Güllələmə briqadası” adında kitabın müəllifidir. O bu kitabda Lukaşenkanın “cəza dəstələrindən” bəhs edir.

O AzadlıqRadiosuna deyib ki, 2012-ci ildə Berlin polisi ona cangüdənlər təklif edib.

Keçmiş rəsmiyə bildirilib ki, ona qarşı sui-qəsd hazırlandığına dair məlumat daxil olub.

Alkayeu deyib ki, o 1999-2000-ci illərdə bir neçə siyasi fiqurun yoxa çıxması ilə bağlı işdə əsas şahid olduğuna görə Lukaşenka onun aradan götürülməsində maraqlıdır.

XS
SM
MD
LG