Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 12:58

Vüqar Səfərli həbs edilib


Prezident İ.Əliyev KİVDF-nin rəhbəri V.Səfərliyə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim edir. 2015
Prezident İ.Əliyev KİVDF-nin rəhbəri V.Səfərliyə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim edir. 2015

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli həbs olunub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, V.Səfərli Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) və 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir. Ona qarşı habelə, 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə də ittiham verildiyi bildirilir.

Baş Prokurorluq onunla birgə "Portos" MMC-nin direktoru Nadir Məmmədovun da həbs edildiyini açıqlayıb. O isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham edilir.

Rəsmi ittihama görə, Fondun icraçı direktoru V.Səfərli "Portos" MMC-nin direktoru N.Məmmədovla əlbir olub. O, mətbuat işçiləri üçün evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlətin KİVDF-yə ayırdığı vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərməklə mənimsəməkdə şübhəli sayılır.

Jurnalistlər üçün indiyə kimi iki bina tikilib istifadəyə verilib.

Bu açıqlamaya, hələlik, onların özlərindən və ya vəkillərindən münasibət almaq mümkün olmayıb. Amma V.Səfərli bundan əvvəl ayrı-ayrı vaxtlarda verdiyi müsahibələrdə onlara qarşı tənqid və ittihamları əsaslı saymadığını vurğulayıb.

Xatırlatma

V.Səfərli ötən il Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsindən çıxarılmışdı. Ötən il Baş Prokurorluq bildirmişdi ki, bu Fondla bağlı araşdırma aparılıb, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması,... və yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib. Bunun əsasında Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

İki gün öncə - yanvarın 12-də prezident İlham Əliyevin imzaladığı fərmana əsasən isə, bu fondun əvəzində "Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılır.

XS
SM
MD
LG