Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

Lavrov Navalnının saxlanmasından danışdı


Navalnı həyat yoldaşı ilə təyyarədə
Navalnı həyat yoldaşı ilə təyyarədə

Navalnı ötən avqustda Sibirdə zəhərlənəndən sonra müalicə aldığı Almaniyadan Moskvaya qayıdarkən aeroportda saxlanıb

Yanvarın 18-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Qərbin müxalifətçi Aleksey Navalnının saxlanmasıyla bağlı bəyanatlarını rədd edib, bunu Qərbin diqqəti öz problemlərindən yayındırmaq cəhdi adlandırıb.

“Bu şərhlərlə yanaşı sevinci də hiss edə bilərsiniz”, – Lavrov Moskvada mətbuat konfransında deyib.

“Görünür, bu, Qərb siyasətçilərinə imkan verir ki, bununla liberal inkişaf modelinin öz içərindəki dərin böhrandan diqqəti yayındıra biləcəklərini düşünsünlər”, – nazir deyib.

Daha öncə isə nazirliyin mətbuat katibi Mariya Zaxarova Navalnı işinə beynəlxalq reaksiyanı “suveren ölkələrin milli qanunvericiliyinə sui-qəsd” cəhdi adlandırıb, xarici ölkələri “öz ölkələrindəki problemləri yoluna qoymağa” çağırıb.

***

Vəkilləri Navalnıdan xəbər tuta bilmədiklərini deyirlər

Kremlin tənqidçisi Aleksey Navalnı yanvarın 17-də saxlanandan bəri onunla əlaqə yaratmaq mümkün olmayıb, vəkilləri belə deyirlər.

Onların yanvarın 18-də bildirməsinə görə, müxalifətçi aeroportdan polisə aparılandan sonra onunla görüşə imkan verilməyib, hansı şəraitdə saxlandığı bəlli deyil.

Yanvarın 18-də Navalnının Antikorrupsiya Fondunun (FBK) direktoru İvan Jdanov və onun sözçüsü Kira Yarmış demişdilər ki, müxalifətçi Daxili İşlər Nazirliyinin Ximki şəhərindəki şöbəsində saxlanır. Yarmışın sözlərinə görə, Navalnının vəkili ilə görüşməsinə icazə verilmir.

Rusiyanın həbsxanalar üzrə dövlət orqanı FSİN bildirib ki, Navalnı 2014-cü ildə təqsirli bilindiyi dələduzluq və müstəntiqlərdən yayınma üzrə şərti cəzanın şərtlərini “dəfələrlə pozduğuna” görə saxlanıb.

Bəyanatlar gəlməkdədir

Almaniyanın Xarici işlər naziri Heiko Maas yanvarın 18-də Navalnını dərhal azad etməyə çağırıb.

“Rusiya öz konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq hüququn aliliyi və mülki hüquqların qorunması prinsipinə əməl etməlidir”, – Maas bəyanatında vurğulayıb.

“Bu prinsiplər əlbəttə ki, Aleksey Navalnıya da aid olmalıdır. O, dərhal buraxılmalıdır”, – Maas deyib.

Britaniya da Navalnını dərhal buraxmağa səsləyib. Xarici işlər naziri Dominik Raab deyib ki, Moskva müxalifətçinin kimyəvi silah hücumuna necə məruz qaldığını izah etməlidir.

Navalnı saxlanmazdan öncə Şeremetyevo aeroportunda jurnalistlərə bildirib ki, Rusiyaya qayıtdığına görə “xoşbəxtdir”, həbs olunmaqdan qorxmur.

“Qorxmuram, çünki düzgün yolda olduğumu, mənə qarşı cinayət işlərinin quraşdırıldığını bilirəm”, – Navalnı deyib.

***

Qərb Navalnının saxlanmasını pisləyir

Birləşmiş Ştatlar rusiyalı müxalifətçi Aleksey Navalnının Almaniyadan Moskvaya qayıdarkən saxlanmasını pisləyib.

Dövlət katibi Mayk Pompeo yanvarın 17-də bəyanatında Kremlin tənqidçisini “dərhal və qeyd-şərtsiz buraxmağa” çağırır. O, “problemin Navalnıda olmadığını” deyib.

Pompeo müxalifətçinin saxlanmasının “dərin narahatlıq” doğurduğunu deyərək bunu “Navalnı və Rusiya hakimiyyətini tənqid edən digər müxalifətçi və müstəqil səsləri susdurmaq cəhdi” adlandırıb.

Dövlət katibinin sözlərinə görə, özünə inanan siyasi liderlər “rəqib səslərdən qorxmurlar, siyasi opponentlərinə qarşı zorakılıq etmir, onları qanunsuz saxlamırlar”. O, Rusiya hökumətini bütün siyasi tərəflər və namizədlər üçün bərabər oyun meydanı təmin etməyə səsləyib.

Pompeo deyir ki, Rusiya xalqı ideyaların açıq mübadiləsini, şəffaf və hesabatlı idarəçiliyi dəstəkləyən hökumətə layiqdir.

Bayden administrasiyası da bəyanat verib

Yanvarın 17-də yeni prezident seçilmiş Co Bayden administrasiyası Navalnını dərhal buraxmağa çağırıb, “onun həyatına biabırçı hücumun arxasında duranların məsuliyyət daşımalı olduğunu” söyləyib.

“Kremlin Navalnıya hücumları sadəcə insan haqları pozuntusu deyil, səslərinin eşidilməsini istəyən Rusiya xalqının da ziddinə getməkdir”, – Bayden administrasiyasında milli təhlükəsizlik müşaviri vəzifəsini icra edəcək Ceyk Salivan tvitində yazıb.

Navalnı ötən avqustda Sibirdə zəhərlənəndən sonra müalicə aldığı Almaniyadan Moskvaya qayıdarkən aeroportda saxlanıb.

Onun saxlanması Avropa hökumətlərini, insan haqları təşkilatlarını qəzəbləndirib.

Avropa Şurasının Prezidenti Şarl Mişel deyib ki, müxalifətçinin saxlanması “qəbuledilməzdir” və o, dərhal azadlığa buraxılmalıdır.

Baltik ölkələri tədbirlər tələb edir

“Amnesty International” insan haqları təşkilatının “vicdan məhbusu” adlandırdığı 44 yaşlı siyasətçi ötən yay zəhərlənib. Qərb laboratoriyaları onun Noviçok sinir qazıyla zəhərləndiyini üzə çıxarıb. Zəhərlənmədən bir neçə gün sonra o, Almaniyaya aparılıb.

Rusiyada hökumətə qarşı etirazların təşkilinə görə dəfələrlə saxlanmış Navalnı zəhərlənməsinin arxasında Rusiya hakimiyyətinin durduğunu deyir. Moskva isə ittihamı rədd edir.

Bu zəhərlənmə olayı rusiyalı ikili agent Sergey Skripal və qızının 2018-ci ildə İngiltərənin Solsberi şəhərində zəhərlənməsini yada salıb və beynəlxalq qınağa səbəb olub.

Rusiya həbsxana orqanları onun həbs oluna biləcəyini desə də Navalnı Rusiyaya qayıtmaqda israrlı idi. Navalnının şərti həbs cəzasının şərtlərini pozduğu iddia olunur, 3.5 il həbs oluna biləcəyi deyilir.

Baltik ölkələri olan Litva, Latviya və Estoniya Navalnının saxlanmasıyla bağlı birgə bəyanat verib, Moskvaya qarşı “məhdudlaşdırıcı tədbirlər görməyə” çağırıb.

Çexiya, Polşa, Fransa, İtaliya da siyasətçini dərhal buraxmağa çağırıblar.

XS
SM
MD
LG