Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:36

Ərdoğanın Afrikada ‘böyük oyunu’ – Qərb mediası


Recep Tayyip Ərdoğan
Recep Tayyip Ərdoğan

Ərdoğan bir neçə ilə Türkiyənin Afrikayla ticarət dövriyyəsini ikiqat artıraraq 50 milyard dollara yüksəltməyi qarşısına məqsədi qoyub. Bu isə AB ilə ticarətin üçdə biri deməkdir

“The Financial Times” qəzeti “Ərdoğanın böyük oyunu” başlığı ilə silsilə yazılarda Türkiyənin geosiyasi ambisiyalarını təhlil edir. İndiyədək “Əsgərlər, casuslar və Türkiyənin hakimiyyət sevdası”, “Türkiyənin AB-nin astanasındakı problemi”, “Türkiyənin Balkan fitnəsi” adlı məqalələr dərc olunub. Bu silsilədən sonuncu yazı “Türkiyə Afrikaya yardım, ticarət və seriallarla girir” adlanır.

Məqalədə Efiopiyada türk seriallarının uğurundan söz açılır, bunun regionda Ankaranın nüfuzunun artmasına dəlalət etdiyi vurğulanır.

50 milyard dollarlıq dövriyyə

“Ekspertlərin fikrincə, yumşaq güc cəhdləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Körfəz rəqiblərinin, həmçinin ABŞ, Fransa, Çin və Rusiyanın qabağını kəsməyi hədəfləyir”, – məqalədə deyilir.

Türkiyə bu qitədə nüfuzunu ticarət, yardım, hətta teleseriallarla möhkəmləndirir. “Türkiyənin əlində belə yumşaq güc üstünlükləri var”, – İspaniyanın Navarra Universitetində Türkiyənin xarici siyasəti üzrə ekspert Maykl Tançum belə deyir.

Qəzet diqqəti Türkiyə Prezidenti Recep Tayyip Ərdoğanın son 15 ildə Afrika ilə əlaqələri dirçəltməsinə çəkir. 2009-cu ildən Türkiyənin Afrikadakı səfirliklərinin sayı 12-dən 42-yə qalxıb.

O, bir neçə ilə Türkiyənin Afrikayla ticarət dövriyyəsini ikiqat artıraraq 50 milyard dollara yüksəltməyi qarşısına məqsədi qoyub. Bu isə AB ilə ticarətin üçdə biri deməkdir.

Ankara Seneqalda böyük Olimpiya hovuzu, Somalidə ən böyük hərbi obyektini, Cibutidə nəhəng məscid ucaldıb. “Financial Times” yazır ki, bütün bunlar Türkiyənin qitəyə verdiyi iqtisadi və geosiyasi əhəmiyyətin göstəricisidir.

CHP üzvlərinə təzyiqlər artır

Almaniyanın “Deutche Welle” radiosu isə Ərdoğanın siyasi rəqiblərinə təzyiqləri gücləndirməsindən yazır. Sosial demokratik Cümhuriyyət Xalq Partiyasının (CHP) 48 yaşlı üzvü Canan Kaftancıoğlunun populyarlığı getdikcə artır. O, 2018-ci ildə partiyanın İstanbul bölməsinin rəhbəri seçilib. 2019-cu ilin martında isə İstanbulda mer seçkilərində Əkrəm İmamoğlunun seçki kampaniyasını təşkil edib. O zaman çox az adam İmamoğlunun keçmiş baş nazir Binəli Yıldırıma qalib gələcəyinə inanırdı.

Ancaq indi xanım siyasətçi hüquqi təzyiq altındadır. 2019-cu ilin sentyabrında o, defamasiya, ictimai nifrət və zorakılığı qızışdırmaq, “terrorçu propaqanda” yaymaqda, prezidenti və Türkiyə dövlətini təhqir etməkdə təqsirli bilinərək 10 ilədək həbsə məhkum edilib.

CHP liderləri bu ittihamları onun İstanbuldakı seçkidə qələbəsinə görə qisas hesab edirlər. Kaftancıoğlu ittihamları rədd edərək apelyasiya şikayəti verib və proses tamamlanmadığı üçün hələ həbs olunmayıb.

İndi isə Anadolu prokurorluğu CHP-nin digər üzvü Suat Özcağdaşı məhkəməyə verib. Səbəb onun Türkiyə prezidentinin kommunikasiya direktoru Fahrettin Altunun evinin şəklini çəkməsidir. Özcağdaş “gizliliyin pozulması”nda ittiham olunur.

Kaftancıoğlu sosial mediada Özcağdaşı müdafiə edəndən sonra prokurorluq ona “cinayət törətməyə həvəsləndirmək”də, “cinayəti şöhrətləndirmək”də suçlayıb. Xanım siyasətçi təqsirli bilinərsə 10 il yarım həbsə məhkum edilə bilər.

XS
SM
MD
LG