Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:28

Rusiya ilə ABŞ silah sazişini uzada bilərlər


Atxiv fotosu
Atxiv fotosu

Rusiya hələ ötən həftənin əvvəlində, Baydenin təklifindən öncə sazişin müddətini heç bir şərtsiz beş illiyə uzatmağı alqışladığını bildirib

Rusiya ABŞ Prezidenti Co Baydenin Yeni START silahlara nəzarət sazişini uzatmaq təklifini alqışlayaraq deyib ki, konkret təklifləri görməlidir.

Ağ evin yanvarın 21-də bildirməsinə görə, Bayden gələn ayın əvvəlində vaxtı bitən sazişi beş illiyə yeniləmək istəyir. Bu, yeni ABŞ administrasiyasının xarici siyasətlə bağlı ilk böyük qərarlarından biridir.

“Detallar öyrənilməlidir”

Kremlin sözçüsü Dmitri Peskov bu bəyanata cavab olaraq yanvarın 22-də bildirib ki, ABŞ-ın təklifinin detallarını görmək vacibdir. Keçmiş Tramp administrasiyası sazişi şərtlərlə yeniləmək istəyirdi, Moskva isə bunu rədd edirdi.

“Rusiya Yeni START sazişinin qorunmasını və vaxtının uzadılmasını dəstəkləyir. Biz sənədin uzadılması ilə bağlı siyasi iradəni yalnız alqışlaya bilərik, ancaq hər şey təklifin detallarından asılıdır, bunlar öyrənilməlidir”, – Peskov Moskvada jurnalistlərə deyib.

Yeni START Vaşinqtonla Moskva arasında silahlara nəzarət üzrə sonuncu paktdır. Bu sənəd yerləşdirilmiş strateji nüvə başlıqlarının sayını 1550, strateji çatdırılma sistemlərini isə 700 civarında məhdudlaşdırır.

Keçmiş prezident Donald Tramp administrasiyası digər nüvə silahlarına limit qoyulması, Çinin sazişə salınması təklifini ortaya atmaqla prosesi dayandırmışdı.

NATO-nun çağırışı

Sazişi daha qısa müddətə uzatmaq məsələsində də çətinliklər ortaya çıxdığından sənədin taleyi Bayden administrasiyasının ümidinə qaldı. Müddət fevralın 5-də bitir.

Ağ evin mətbuat katibi Jen Psaki yanvarın 21-də brifinqdə deyib ki, Bayden “Yeni START sazişinin Birləşmiş Ştatların milli təhlükəsizlik maraqları çərçivəsində olmasını çoxdan aydın şəkildə bildirib. Hal-hazırda Rusiya ilə münasibət ədavətli olduğundan bu uzatma daha böyük anlam kəsb edir”.

Rusiya hələ ötən həftənin əvvəlində, Baydenin təklifindən öncə sazişin müddətini heç bir şərtsiz beş illiyə uzatmağı alqışladığını bildirib.

NATO-nun Baş katibi Jens Stoltenberq yanvarın 21-də Birləşmiş Ştatlar və Rusiyanı sazişin müddətini uzatmağa, sonra onu genişləndirməyə səsləyib.

“Biz nüvə başlıqlarına heç bir məhdudiyyətin qoyulmamasına imkan verməməliyik, Yeni START isə bir neçə günə bitir”, – Stoltenberq Brüsseldə jurnalistlərə deyib.

XS
SM
MD
LG