Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 08:40

Senatorlar Rusiyaya sanksiya layihəsi təqdim edirlər


A.Navalnı fevralın 2-də məhkəmədə
A.Navalnı fevralın 2-də məhkəmədə

Fevralın 4-də Avropa Birliyinin Xarici siyasət rəhbəri Jozep Borrelin Moskvaya üçgünlük səfəri başlanır

ABŞ-da hər iki siyasi partiyanı təmsil edən senatorlar müxalifətçi Aleksey Navalnının zəhərlənməsində əli olan Rusiya məmurlarına yeni sanksiya layihəsi təqdim ediblər.

Layihə fevralın 3-də, Moskva məhkəməsi Navalnıya 3 iləcən həbs cəzası kəsəndən bir gün sonra təqdim olunub. Müxalifətçi zəhərlənmədən Almaniyada müalicə alarkən şərti cəzasının şərtlərini pozmaqda təqsirli bilinib. Navalnı özü və tərəfdarları zəhərlənməsinin arxasında Prezident Vladimir Putinin dayandığını iddia edir.

Respublikaçı senator Marko Rubio deyib ki, sanksiya aktı “Putinə, onun quldurlarına törətdikləri korrupsiya, opponentlərin hədəfə alınmasına görə bədəl ödətdirəcək”.

Layihədə administrasiya üzərinə, kimyəvi və bioloji silahları qadağan edən ABŞ qanunlarını Kremlin pozub-pozmadığını müəyyənləşdirmək öhdəliyi qoyulur.

Navalnı ötən avqustda Sibirdə özünü pis hiss edəndən sonra süni komaya salınıb, Berlinə aparılıb. Almaniyada həkimlər, hərbi mütəxəssislər, bir sıra digər laboratoriyalar onun Noviçok qrupuna aid kimyəvi maddə ilə zəhərləndiyini bildirib.

Nemtsovun qətli

Senatorların təqdim etdiyi layihədə Rusiyada digər müxalifətçi Boris Nemtsovun qətli üzrə də hesabat tələb olunub. O, 2015-ci il fevralın 27-də Kremlin yaxınlığında güllələnib. 2017-ci ildə məhkəmə dörd çeçeni bu qətlə görə məhkum elədi. Amma tənqidçilər, Nemtsovun qohumları və həmkarları Rusiya hakimiyyətinin qətlin sifarişçisini müəyyən etmədiyini bildirir.

Fevralın 2-də Navalnıyla bağlı məhkəmə qərarından sonra ölkə boyunca 1400-dən çox etirazçı saxlanıb.

Navalnı yanvarın 17-də Berlindən qayıdarkən həbs olunub. Bunun ardınca iki həftəsonu Rusiyada kütləvi etirazlar keçirilib, 10 minədək insanın saxlandığı bildirilir.

“Güclü liderlər hakimiyyəti saxlamaqdan ötrü rəqiblərini həbsə atmalı deyillər. Putin və dostları Aleksey Navalnını əvvəlcə zəhərlədilər, buna nail olmayanda isə biabırçı məhkəmə düzəldib onu bir neçə illik həbsə göndərdilər”, – Senator Mitt Romni deyib.

Almaniya da sanksiyaları istisna eləmir

Eyni senator qrupu oktyabrda da oxşar qanunvericilik hazırlamışdı.

Avropa Birliyi Navalnın zəhərlənməsinə görə dekabrda altı rusiyalı və dövlət elmi tədqiqat mərkəzinə sanksiyalar tətbiq elədi.

Almaniya hökuməti fevralın 3-də bildirib ki, Rusiyaya əlavə sanksiyalar istisna olunmur.

Putin hakimiyyətin Navalnının zəhərlənməsinə aidiyyatı olmadığını deyib. Onun sözlərinə görə, rusiyalı agentlər onun ölməyini istəsəydilər, işlərini başa çatdırardılar. Putinin fikrincə, Rusiya dövlətinin Navalnını zəhərləməyə çalışması haqda deyilənlər ABŞ-ın onu gözdən salmaq planının tərkib hissəsidir.

Fevralın 4-də Avropa Birliyinin Xarici siyasət rəhbəri Jozep Borrelin Moskvaya üçgünlük səfəri başlanır.

Borrel səfər zamanı Kremlə “aydın mesajlar” çatdıracağını deyib.

XS
SM
MD
LG