Belarusun Polşada yerləşən Nexta müxalifət media orqanı Alyaksandr Lukaşenkanın “dəbdəbəli həyatı” haqda araşdırma filmi dərc edib.
“Lukaşenka. Qızıl dib” adlı film martın 8-də YouTube-da yayılıb.
Araşdırmada Lukaşenkanın villalarının, bahalı avtomobillərinin olduğu iddia edilir, şəxsən istifadə etdiyi hədiyyələrdən söz açılır.
Biznesmenlərin sığınacağı
Lukaşenkanın korrupsioner belaruslu və xarici biznesmenlərə “qoruma” təklif etdiyi qeyd olunur. Özəlliklə Minsk yaxınlığındakı Krasnoselskoyedə dəbdəbəli iqamətgahdan bəhs edilir. Nexta-ya görə, rusiyalı oliqarx Mixail Qutseriyev bu mülkü Lukaşenkaya “qoruma” əvəzinə hədiyyə edib.
1994-cü ildən hakimiyyətdə olan Lukaşenka ötən həftə deyirdi ki, onun “yeganə sarayı” vaxtilə anasının onu böyütdüyü, sahəsi 60 kvadrat metrdən də az kiçik mənzildir.
“Mən dövlətdən heç nə oğurlamamışam, heç nə götürməmişəm”, – Lukaşenka ötən həftə film haqda informasiya yayılandan sonra deyib.
Lukaşenka avtoritar idarəçiliyi dövründə Konstitusiyanı bir neçə dəfə dəyişib, nəticədə Belarus “Avropanın sonuncu diktaturası”na çevrilib.
O, ötən avqustda prezident seçkisinin rəsmi qalibi elan olunandan sonra ölkəni kütləvi etirazlar bürüyüb. Etirazlar zamanı onlarla jurnalist daxil olmaqla minlərlə belaruslu saxlanıb. Bəzilərinə həbs cəzası kəsilib, yüzlərlə insan saxlanarkən, yaxud küçələrdə döyüldüyünü deyib.
Avropa Birliyi prezident seçkisinin saxtalaşdırılması, dinc etirazçılara qarşı zorakılıq və polis qəddarlığına görə Lukaşenka daxil olmaqla Belarus hakimiyyətinə üç dəfə sanksiya tətbiq edib.
BOK-un qərarı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) isə Lukaşenkanın böyük oğlu Viktar Lukaşenkanı Belarusun Milli Olimpiya Komitəsinin (MOK) yeni sədri kimi tanımaqdan imtina edib.
BOK martın 8-də yaydığı bəyanatda Belarusun buzüstü xokkey federasiyasının rəhbəri Dmitri Baskaunu MOK-un İcraiyyə Komitəsinin üzvü kimi tanımaqdan da imtina edib. BOK bildirib ki, bu iki şəxsin qurumun bütün tədbirləri və fəaliyyətindən, o cümlədən Olimpiya Oyunlarından kənarlaşdırılması qərarı qüvvədə qalır.
MOK-a 1997-ci ildən ötən ayadək Alyaksandr Lukaşenka sədrlik edirdi. Onun oğlu Viktar ötən ayın sonunda MOK-un yeni sədri elan olundu. Daha öncə isə prezidentin milli təhlükəsizlik üzrə müşaviri idi.
Viktar Lukaşenka və Baskau da AB-nin ötən il sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır. Baskau Lukaşenkanın yaxın müttəfiqi hesab olunur, noyabrda Lukaşenkaya qarşı çıxan etirazçı Raman Bandarenkanın ölümündə onun adı hallanırdı.