Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:24

Gürcüstan peyvəndləməyə AstraZeneca ilə başlayır


AstraZeneca vaksini
AstraZeneca vaksini

Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini Paata İmnadze martın 15-də AstraZeneca ilə peyvəndləndikdən sonra bu vaksindən əminlik ifadə edib

Gürcüstan hökuməti İngiltərə-İsveç əczaçılıq şirkəti AstraZeneca-nın istehsal etdiyi vaksinlə əhalinin peyvəndlənməsinə başlayıb.

Hazırda Avropa İttifaqının bir sıra üzv ölkələri məhz bu vaksindən istifadəni dayandırıblar.

AstraZeneca vaksinin yan fəsadlarından ciddi narahatlıqlar var.

Avropada Bolqarıstan, Danimarka, İrlandiya, Niderland və Norveç məhz bu narahatlıqlara görə bu vaksinlə peyvəndləməyə fasilə veriblər.

Bu vaksinin bəzi adamlarda ciddi qan laxtalanması problemi yaratdığı barədə xəbərlər var.

AstraZeneca və Dünya Səhiyyyə Təşkilatı ötən həftə bəyan etmişdilər ki, vaksinin qan laxtalanması ilə bağlılığını göstərən sübutlar yoxdur.

Avropa İttifaqının dərman tənzimləyicisi bildirib ki, Avropa ölkələri AstraZeneca vaksinindən istifadəni davam etdirə bilərlər, hərçənd Avropa boyunca artıq 5 milyon insana vurulmuş bu vaksin 30-dək halda tromboz vəziyyəti yaradıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini Paata İmnadze martın 15-də AstraZeneca ilə peyvəndləndikdən sonra bu vaksindən əminlik ifadə edib və deyib ki, o preparatın ətrafında yaranmış dedi-qodunu qəbul etmir.

Martın15-ə olan vəziyyətə görə Gürcüstanın 70 min səhiyyə işçisindən yalnız 2492-si vaksinləmə üçün adını yazdırıb.

Gürcüstan AstraZeneca vaksininin 43 min 200 dozadan ibarət ilk partiyasını ötən həftənin sonunda ölkəyə gətirib.

Ölkə habelə martin 22-dək Pfizer/BioNtech vaksinlərinin də gətiriləcəyini gözləyir.

Əhalisi 3.7 milyon olan Gürcüstanda koronavirusa indiyədək 268 min nəfər yoluxub.

Bunlardan 3650-si vəfat edib.

***

Niderland AstraZeneca-dan istifadəni müvəqqəti dayandırır

Niderland azı martın 29-dək AstraZeneca şirkətinin COVID-19-a qarşı vaksinindən istifadəni dayandırıb. Səbəb bu vaksinin qan laxtalanması kimi ciddi yan təsirlərə səbəb olmasıyla bağlı narahatlıqdır. AstraZeneca isə vaksinin riski artırmasına dəlil olmadığını bildirir.

Hökumət martın 14-də verilmiş qərarın Danimarka və Norveçdən mümkün ciddi yan təsirlərlə bağlı məlumatların gəlməsinə söykəndiyini, “aşırı ehtiyatlılıq”dan qaynaqlandığını deyib.

“ANP” xəbər agentliyinin məlumatına görə, Niderlandda 43 min nəfərin vaksinasiyası təxirə salınıb.

İtaliyada ölüm hadisəsi

Norveçdə üç tibb işçisinin hazırda qan laxtalanması daxil olmaqla bir sıra səbəblərdən xəstəxanada müalicə olunduğu bildirilir.

Martın 14-də İrlandiya da oxşar qərar verib.

İtaliyanın şimalındakı Pyemont regionu isə bildirib ki, martın 13-də peyvənd vurdurandan sonra bir müəllim vəfat edib və AstraZeneca vaksininin bir partiyasından istifadəni dayandıracaq.

Hazırda region ölüm hadisəsiylə peyvəndləmə arasında əlaqənin olub-olmamasına dair yoxlamanın nəticələrini göstərir.

Amma İtaliyanın tibb qurumu daha sonra bəyan edib ki, AstraZeneca vaksininin təhlükəsizliyi sarıdan narahatlıq əsaslandırılmayıb, ölümlə peyvənd arasında hansısa əlaqə sübut olunmayıb.

Şirkət nə deyir

Şirkətin martın 14-də bildirməsinə görə, Britaniya və Avropa Birliyindən gələn məlumatlar “diqqətlə öyrənilib”.

“İndiyədək Avropa Birliyində və Böyük Britaniyada 17 milyonadək insan bizim vaksini qəbul edib. Bu qrupda qeydə alınan qan laxtalanması ümumi əhali üzrə gözlənən yüzlərlə haldan xeyli azdır”, – tibb üzrə baş rəsmi Ənn Teylor deyib.

Ötən həftə Danimarka, Norveç və Bolqarıstan daxil bir neçə ölkə qan laxtalanması sarıdan narahatlıqla əlaqədar AstraZeneca vaksinindən istifadəyə fasilə verib.

Dünya Səhiyyə Təşkilatı da vaksinlə qan laxtalanması arasında əlaqənin təsbit olunmadığını bildirib.

Sputnik V ilə bağlı razılaşmalar imzalanıb

Bu arada Rusiyanın Birbaşa Sərmayə Fondunun bildirməsinə görə, İtaliya, İspaniya, Fransa və Almaniya şirkətləri ilə Sputnik V vaksininin istehsalı üzrə razılaşmalar imzalanıb.

Fond vaksinin hazırlanmasını maliyyələşdirib və dünyada onun satışı üçün məsuliyyət daşıyır.

Qurumun rəhbəri Kiril Dmitriyevin sözlərinə görə, bu razılaşmalar Avropa Tibbi Agentliyi “təsdiqləyən kimi” “Sputnikin Avropa bazarına çatdırılmasına imkan verəcək”.

Artıq Çexiya və Slovakiya dozaları sifariş verib və agentliyini təsdiqini gözləyir.

Rusiya Sputnik V-nin 50-dən çox ölkədə qeydiyyata alındığını bildirir.

Dmitriyev martın 15-də deyib ki, Rusiyada artıq 3.5 milyon nəfərə vaksinin hər iki dozası vurulub.

XS
SM
MD
LG