Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:48

Avropa Birliyi də Sputnik V alarsa... – Qərb mediası


Serbiyaya göndərilən Sputnik V vaksinləri
Serbiyaya göndərilən Sputnik V vaksinləri

AB rəsmiləri deyirlər ki, onlara vaksin indi lazımdır və Sputnik V-nin çatdırılması çox gec ola bilər. Amma Avropa Tibbi Agentliyi (ATA) vaksini təsdiqləsə və üzv ölkələr vaksini öz zavodlarında hazırlamağa razılaşalar, AB-nin inadı da zəifləyə bilər


Avropa Birliyi (AB) açıq şəkildə Rusiyanın koronavirusa qarşı vaksin təchizatı kampaniyasını arzuolunmaz rejim tərəfindən propaqanda adlandırıb.

Amma sən demə, pərdəarxasında blok Moskvanın Sputnik V vaksinini gözaltı edir. “Reuters” agentliyi bunu AB-də diplomatik və rəsmi mənbələrə istinadla yazır.

Blok adından vaksin istehsalçıları ilə danışıqlar aparan AB rəsmisi agentliyə deyib ki, AB hökumətləri Sputnik V istehsalçıları ilə danışıqlar aparmağı nəzərdən keçirir, blokun 4 üzvü prosesə başlamaq istəyir.

Üzv ölkələrin planları

Macarıstan və Slovakiya artıq Rusiya vaksinini almağa başlayıblar. Çexiya onunla maraqlanır. AB rəsmisinin deməsinə görə, İtaliya Roma yaxınlığındakı ReiThera zavodunda ön böyük vaksin istehsal edən bioreaktorda Sputnik V istehsal etməyi nəzərdən keçirir.

Brüssel vaksinasiyanın ləng getməsinə görə tənqid olunur. Bu arada Britaniyada peyvəndləmə qızışdığından qadağalar yüngülləşdirilir, İtaliyada karantin qaydaları sərtləşdirilir, Parisdə xəstəxanalar dolmaq üzrədir, Almaniyada isə üçüncü dalğa xəbərdarlığı eşidilir.

AB-də artıq dörd vaksin istifadəyə təsdiqlənib, amma istehsalda yubanmalar vaksinasiyanı səngidib.

“Reuters” yazır ki, Sputnik V AB-nin vaksin arsenalına daxil olarsa, bu, Rusiyadan ötrü diplomatik zəfər sayılar. Çünki illərdir sanksiyalar üzündən Rusiyanın blokla ticarəti axsayır. Moskva Ukraynanın şərqinə müdaxilə edəndən, Krımın ilhaqından sonra Qərbin sanksiyaları ilə üzləşib.

İkitirəlik

Bu həm də blokda ikitirəlik yaradar. Bəzi ölkələr Moskvaya azacıq qələbə verməyə qarşıdır. Bir qismi isə düşünür ki, Brüsselin Kremllə əməkdaşlıq edə bilməsini göstərmək lazımdır.

Avropa Komissiyasının sözçüsü isə deyib ki, hətta birliyin dərman tənzimləyicisi vaksini təsdiqləsə belə, AB-dən Sputnik V istehsalçıları ilə danışıqlara başlamaq tələb olunmur.

Rusiya vaksinini ikitərəfli sövdələşmələrlə sifariş etmiş ölkələr birlik üçün ümumi tədarükdə maraqlıdırlarmı? Çexiya, Macarıstan və Slovakiya hökumətlərinin sözçüləri bu məsələni şərh etməyib.

Agentlik yazır ki, AB aylarla Sputnik V vaksini ilə bağlı şübhələrini bildirib, onu Kremlin xarici siyasətdə propaqanda aləti adlandırıb. Amma fevralın 2-də bu vaksinin 92 faiz effektiv olması haqda araşdırma dərc olunandan birliyin yanaşması da dəyişməyə başlayıb. Bu göstərici hətta AstraZeneca vaksinindən belə yüksək idi.

Üzv ölkələr istehsala başlarsa...

AB rəsmiləri deyirlər ki, onlara vaksin indi lazımdır və Sputnik V-nin çatdırılması çox gec ola bilər. Amma Avropa Tibbi Agentliyi (ATA) vaksini təsdiqləsə və üzv ölkələr vaksini öz zavodlarında hazırlamağa razılaşalar, AB-nin inadı da zəifləyə bilər, agentlik yazır. Artıq ATA vaksinin mərhələləri ekspertizasına başlayıb. Prosesə bələd rəsminin deməsinə görə, mümkün təsdiqlənmə mayın əvvəlinə çəkə bilər.

Rusiyada müxalifətçi Aleksey Navalnının həbsindən sonra Qərblə münasibətlər yenidən gərginləşib.

“Adəti üzrə ikitirəlik olacaq: ‘Rusundursa, pisdir’ və ‘yaxşı, gəl, bu adamlarla birlikdə işləməyə ehtiyacımız var’”, – diplomat deyib.

“Bəziləri Rusiyanın bu propaqanda qələbəsini qazanmasını istəmir, bəziləri isə bunu bizim əməkdaşlıq etdiyimizi göstərmək üçün fürsət kimi görür”, – o vurğulayıb.

XS
SM
MD
LG