Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:32

Ofisdən və evdən işləməyin fərqi


Evdən işləyən insanlar 13 faiz daha məhsuldar olsalar da, karyera pillələrində həmkarları qədər sürətlə irəliləyə bilmirlər.
Evdən işləyən insanlar 13 faiz daha məhsuldar olsalar da, karyera pillələrində həmkarları qədər sürətlə irəliləyə bilmirlər.

Mayk Əli 2016-cı ildə evdən işləməyə başlayanda həmkarlarının onu unudacağından nigaran idi. O, başqa ştata köçəndə işlədiyi texnologiya şirkəti onu işdən çıxarmaq əvəzinə onunla məsafədən işləməyi seçir. Beləliklə Mayk şirkətin məsafədən iş eksperimentinin ilk hissəsinə çevrilir.

İlk vaxtlar onu ümumi iclaslara qoşmağı, onun telefonuna zəng vurmağı unudurdular. Mayk tezliklə anlayır ki, özü daha fəal olmasa, sakitcə otursa, həmkarlarının yadından çıxacaq.

13 faiz daha məhsuldar

Tədqiqatlar göstərir ki, evdən işləyən adamlar nə qədər məhsuldar olsalar da, həmkarları və menecerləri ilə üzbəüz ünsiyyətin çatışmazlığından əziyyət çəkirlər. Bu isə onların vəzifə pillələrində irəliləməsinə mənfi təsir göstərir, son nəticədə karyeralarının bir nöqtədə ilişib qalmasına yol açır.

Post-pandemiya dövründə çoxumuz daha çevik, evdən işləmək imkanı verən iş axtarışında olacağıq. Bəs, bu bizim karyera perspektivlərimizə necə təsir edəcək? Bəlkə evdən işləsək də, özümüzü "gözə görünən" etməyin yollarını tapa bilərik?

Məsafədən işləyən insanların karyerada irəliləməsi ilə bağlı problemlər yeni deyil. Onlar pandemiyadan əvvəl də mövcud olub. Stenford Biznes Məktəbindən olan alimlərin 2015-ci ildə Çində apardığı tədqiqatın nəticələrinə görə, evdən işləyən insanlar 13 faiz daha məhsuldar olsalar da, karyera pillələrində həmkarları qədər sürətlə irəliləyə bilmirlər.

Gözdən uzaq, könüldən iraq

Tədqiqat qrupunun rəhbəri, Stenford Universitetinin professoru Nikolas Blum buna çox təəccübləndiyini deyir. Blum və həmkarları əməkdaşlar və menecerlərdən müsahibə alaraq belə nəticəyə gəliblər ki, evdən işləyən şəxslərin karyerasının daha yavaş irəliləməsinin iki əsas səbəbi var.

Blumun sözlərinə görə, belə insanların həmkarları və müdirləri ilə münasibət qurmaq, habelə öz bacarıqlarını yaxşı nümayiş etdirmək imkanları daha məhdud olur. Üstəlik, müdirlər tez-tez görmədikləri insanı unutmağa başlayır və yeni vəzifələrə təyinat zamanı onları nəzərdən keçirmir. Bir növ, gözdən uzaq qalan könüldən də uzaq olur.

Sürixdə yaşayan məsafədən iş eksperti İoana Kristya hesab edir ki, ofisdə işləməyən əməkdaşların unudulması qəsdən olmayan qərəzdir. Onun sözlərinə görə, insanlar bunu qəsdən etmirlər. "Gözə görünməyin bizim irəli getməyimizdəki rolu son dərəcə vacibdir", – o deyir.

Tükənmişlik sindromu, ailəyə ziyan

Eyni zamanda "BELONGin" adlı startapın həmtəsisçisi olan Kristya deyir ki, menecerin əməkdaşı iş başında görməsi çox şeyi dəyişir və işçi üçün müsbət nəticələr verir.

Məsafədən işləyəndə isə eyni müdir yalnız sizin işinizin hazır nəticəsini görür. Həmin nəticəni əldə edənədək çəkdiyiniz zəhməti isə görmür. Nəticə müstəsna dərəcədə gözəl olsa belə, müdir sizin nə qədər çox zəhmət çəkdiyinizi bilməyəcək.

Kristya menecerlə üzbəüz görüş zamanı həmin nəticə üçün nə qədər çox işlədiyinizi dilə gətirməyi tövsiyə edir. Ancaq bu qətiyyən gileylənmək kimi səslənməməlidir.

Karyerası ləng irəliləyən məsafədən işləyən əməkdaşların iş yükü də get-gedə artır. Ofisdən işləyən əməkdaşların daha çox işlədiyi haqda yanlış təsəvvür buna səbəb olur. Buna görə evdən işləyənlər eyni yerə çatmaq üçün iki dəfə çox çalışmalı olurlar. Bu isə birbaşa tükənmişlik sindromuna yol aça bilər. Vəzifə pilləsində irəliləyirsiniz, ancaq ailə həyatınıza xələl gəlir.

Ömürlük evdən işləmək, yoxsa...

Blum tədqiqatının nəticələrinə rəğmən, pandemiyanı karyeranı öldürən amil kimi görmür. Çünki bu günlərdə, demək olar, hamı evdən işləyir. Ancaq o deyir ki, ömürlük evdən işləmək heç də yaxşı fikir deyil. Bir çox şirkətlər pandemiyadan sonra hibrid modelə üstünlük verəcəklər: əməkdaşların bəziləri evdən, bəziləri ofisdən işləyəcək.

Hərçənd, Blum insanlara evdən, yoxsa ofisdən işləməklə bağlı tam azadlıq verilməsinə qarşıdır. Çünki, bir qayda olaraq, əlilliyi, yaxud uşaqları olan insanlar və qadınlar evdən işləməyə daha çox üstünlük verirlər. Buna görə əgər seçim insanlara verilsə, onda iş yerlərində bütün təşəbbüs və yüksək vəzifələr gənc, iddialı, subay kişilərin əlinə keçəcək. Cəmi bir neçə ildən sonra şirkətlərin rəhbərliyində müxtəliflikdən danışa bilməyəcəyik.

Blum deyir ki, buna görə ya hamı evdən işləməli, ya da hamı işə çıxmalı və həftədə, məsələn, iki gün evdən işləməlidir.

XS
SM
MD
LG