Bloger Mehman Hüseynov deyir ki, bir neçə ay öncə başladığı silsilə korrupsiya araşdırmalarına davam edə bilmir.
Onun sözlərinə görə martın 14-də bu araşdırmalar üçün çəkiliş apardığı dronunu polis müsadirə edib:
“Məmurların qeyri-qanuni yollarla əldə etdiyi gəlirlərlə tikdiyi mülkləri biz dronlarla çəkib vətəndaşlara göstərirdik. Bu da sosial şəbəkələrdə marağa səbəb olmuşdu. Görünür, bu, hakimiyyəti narahat edib. Sırf bizim fəaliyyətimizin qarşısını almaq üçün həmin dronu bizim əlimizdən alıblar. Polis bunu bizə belə izah etdi ki, dronun ölkəyə icazəli gətirilib-gətirilmədiyi araşdırılacaq”.
Mehmanın dediyinə görə, polis, yalnız ölkəyə icazəli gətirildiyi aşkarlanarsa dronu ona qaytaracağını deyib. Daxili işlər Nazirliyi də mediaya açıqlamasında məsələni araşdırdığını bildirib.
Oxşar problemlə 2018-ci ildə ictimai fəal Bəxtiyar Hacıyev də üzləşib. Onun ABŞ-da aldığı dronu Bakı hava limanında gömrük əməkdaşları ölkəyə buraxmayıblar.
Onlar bildiriblər ki, bunun üçün dövlət qurumlarının icazəsi olmalıdır. Bəxtiyar Hacıyev deyir ki, məsələ ilə bağlı aidiyyatı qurumlara göndərdiyi məktublara bir neçə aydan sonra cavab gəlib:
“Bir qurum yazdı ki, məqsədə müvafiq deyil, başqa biri yazdı ki, indi bununla bağlı qanunvericilik hazır deyil. Axırda mən xaricə səfərlərimdən birində dronu götürüb bir ölkəyə apardım. İnkişaf etmiş bir çox ölkələrdə mülki istifadə üçün dronlardan istifadə çox sadədir. Sadəcə orada qaydalar var ki, dronu harda uçurmaq olar, harada yox”.
Bəxtiyar Hacıyev düşünür ki, Azərbaycan hökuməti də dron məsələsində xarici ölkələrin təcrübəsini öyrənib, tətbiq edə bilər.
Prezident İlham Əliyevin 12 yanvar 2018-ci il tarixli fərmanına əsasən pilotsuz ucuş aparatları ilə bağlı məsələlər Dövlət Mülki Aviasia Agentliyinə həvalə edilib.
5 dövlət qurumundan icazə
Agentliyin hüquqşünası Ələsgər Abdullayev Turan informasiya agentliyinə deyib ki, ölkəyə dronların gətirilməsi və tətbiqi üçün beş dövlət idarəsindən elektron formada icazə almaq lazımdır.
Bunlar Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyidir. Ələsgər Abdullayev bildirib ki, bu qanunun tələbidir və bu tələbə əməl olunmalıdır:
“Azərbaycan xarici praktikanı kor-koranə şəkildə təkrarlamamalıdır. Müxtəlif ölkələrdə bu məsələlər müxtəlif şəkildə həll olunur. Hazırda Azərbaycanda yeni normativ qaydalar hazırlanır və Nazirlər Kabinetinə təqdim ediləcək. Hazırlanan sənəddə pilotsuz aparatın uçuş hündürlüyündən asılı olaraq müxtəlif dronların tətbiqi qaydaları dəqiqləşdirilib. Amma hər halda, dronun idxalı və istifadəsi üçün dövlətdən icazə almaq lazımdır. Vacib deyil - dronun üzərinə video kamera quraşdırılıb və ya quraşdırılmayıb. Qaydaların sadələşdirilməsi gözlənilmir”.
Ələsgər Abdullayev yeni normaların nə vaxt qəbul ediləcəyi haqda dəqiq məlumat verə bilməyib.
Media hüququ eksperti, hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, ölkəyə bir dronun gətirilməsi üçün 5 dövlət qurumundan icazə tələbi əsassızdır:
“Hazırda Azərbaycanda dronlardan istifadə ilə bağlı qanunvericilikdə bir məhdudiyyət yoxdur. Dronu kimsə ölkəyə gətirib, onu satıbsa və ya kiməsə veribsə, burada bir qanunsuzluq yoxdur. Amma biz Mehman Hüseynovun timsalında gördük ki, hüquq-mühafizə orqanları səlahiyyətini aşır və qanunda olmayan bir halı vətəndaşdan tələb edir, araşdırma aparır. Yenə təkrar edirəm, qanunda dronlardan istifadə ilə bağlı hər hansı icazə və ya məhdudiyyət yoxdur. Düzdür, dronların ölkəyə gətirilməsində bu tələblər var. 5 dövlət qurumundan icazə tələb olunur. Mən düşünürəm ki, bu tələbin özü də əsassızdır. Çünki dron silah deyil ki…”
Xaricdə sürücülük vəsiqəsi kimi
Brüsseldə dronlardan istifadə üzrə hüquqi məsləhətçi Dries Deşuttere deyir ki, Avropa İttifaqına üzv ölkələrdə çəkisi 250 qrama qədər olan mülki dronların istifadəsi olduqca sadədir. Onun sözlərinə görə, istənilən şəxs dronları dükanlardan ala və istifadə edə bilər. Dries deyir ki, istifadə qaydalarını bilən hər kəs Avropa İttifaqı daxilinə də dron gətirə bilər. Burada da bir məhdudiyyət yoxdur:
“Çəkisi 250 qramdan az olan dronlarla bağlı hər hansı məhdudiyyət və ya şərt yoxdur. Çəkisi 250 qramdan yuxarı dronları istifadə edən şəxslər isə dronu Mülki Aviasiya İdarəsində onlayn qeydiyyatdan keçirməli, drondan istifadə təlimatlarını öyrənməli və imtahan verməldir. İmtahandan keçənlər drondan istifadə ilə bağlı 5 illik sertifikat alırlar. Bu da ətrafdakı insanların təhlükəsizliyi üçündür. Yəni, bunu avtomobil sürənlərin sürücülük vəsiqəsi almasına bənzətmək olar”.
Dries Deşuttere deyir ki, hava limanı ərazilərində, strateji obyektlərin yaxınlığında dronlardan istifadə yasaqlanır. Qalan istənilən yerdə, drondan istifadə azaddır.
Hazırda Azərbaycan hökuməti dronlardan istifadə olunması ilə bağlı qanunvericilik üzərində işləyir. Amma qanun layihəsinin mətni hələ ki ictiamiyyətə açıqlanmayıb.
Bloger Mehman Hüseynov isə arzulayır ki, inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da bir gün dronlardan istifadə sərbəst olacaq və o da korrupsiya araşdırmalarına davam edə biləcək.