Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:33

Azərbaycan XİN: ‘Qazançı kilsəsi bərpa edilir’


Qazançı kilsəsinin interyeri
Qazançı kilsəsinin interyeri

“Şuşa şəhərində həyata keçirilən geniş miqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi (Müqəddəs Xilaskar Kafedralı) bərpa edilir”

Bu, fikir mayın 4-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatına dair şərhində yer alır.

Şərhdə qeyd edilir ki, Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan ərazilərinin azad edilməsi ilə bu ərazilərin bərpa və quruculuq prosesinə başlanıb.

“Məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir”

Şərhdə ki, hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçirilir, o cümlədən onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə yeksan edilmiş tarixi, mədəni irs bərpa olunur:

“Şuşa şəhərində həyata keçirilən geniş miqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir. Qeyd etmək istərdik ki, bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə, məhz orjinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir”.

“Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir”

Şərhdə bildirilir ki, Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində “Iskander M” raketinin qalıqlarının tapılması və yalnız xoşbəxtlikdən bu faciənin baş verməməsi onu göstərdi ki, bu ölümcül silahla Ermənistan bütün şəhəri, o cümlədən “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazırdır:

“... Xatırladırıq ki, qonşu dövlətin ərazilərini onilliklər ərzində qanunsuz hərbi işğal altında saxlayan Ermənistandan fərqli olaraq, torpaqlarını azad edən Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir; onların yenidən qurulması və qorunmasına dövlət səviyyəsində əhəmiyyət verilir.”

Açıqlamaya görə, Ermənistan bu ərazilərdəki mədəni, tarixi irsin xarakterini sistematik, qəsdən məhv edib və ya dəyişdirib:

“... Odur ki, belə olan halda Ermənistan XİN-in əsassız iddialar deyil, üzrxahlıq bəyanatı ilə çıxış etməsi daha doğru olardı”.

Bu günlər Ermənistanin bəzi qurumları, o cümlədən ombudsman Şuşada görülən işlərlə bağlı şikayətlərini bildiriblər və kilsənin taleyindən narahatlıqlarını ifadə ediblər.

Azərbaycan kilsənin bərpa olunacağını açıqlamışdı

Hələ bir müddət əvvəl Azərbaycanın mədəniyyət naziri Anar Kərimov demişdi ki, işğaldan azad edilmiş bölgələrdəki xristian abidələri də bərpa ediləcək:

“Biz Şuşadakı Qazançı kilsəsini də bərpa edəcəyik. ICESCO-nun (İslam Konfransı Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatıdır.) baş direktorunun Azərbaycan Prezidenti ilə görüşü zamanı da belə bir təklif irəli sürülüb ki, İCESCO iki məscid və bir kilsənin təmir edilməsini həyata keçirmək istəyir. Məncə bu da çox vacib mesajdır ki, İCESCO müsəlman dünyasının təşkilatı olaraq kilsənin də bərpasında iştirak edir".

Amma Azərbaycan, hələlik, Şuşada işləri hansı şirkətin apardığı və görülən işlərin detalları ilə bağlı məlumat vermir.

Ermənistan XİN-ın bəyanatı barədə

Mayın 4-də Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın Şuşa şəhərindəki Qazançı kilsəsində apardığı tikinti işləri ilə bağlı bəyanat yayıb.

Armenpress rəsmi dövlət agentliyinin verdiyi xəbərə görə bəyanatda Azərbaycanın kilsədə apardığı işlər pislənir və Bakının müharibə günlərində bu məbədə iki dəfə dəqiq vuran toplarla dağıntı yetirdiyi barədə iddia təkrar olunur.

Ermənistan XİN habelə Azərbaycan tərəfinə kilsədə təmir işlərinə başlamazdan əvvəl Erməni Həvari Kilsəsi (Erməni Qriqorian Kilsəsi) ilə məsləhətləşməməsini və beləliklə də dindarların hüquqlarını pozmasını irad tutur.

Bu da qeyd olunur ki, Azərbaycanın təmir işlərinə UNESCO burada qiymətləndirmə aparmadan başlaması da narahatlıq doğurur.

Bu da iddia edilir ki, Azərbaycan tərəfi UNESCO-nun bölgəyə missiyasına bilərkdən əngəl yaradır.

Bu arada Dağlıq Qarabağdakı separatçı rejimin ombudsmanı kimi təqdim olunan Geğam Stepanyan özünün Facebook səhifəsində yazmışdı ki, “azərbaycanlılar “təmir işləri” adı altında Şuşada erməni mədəni-mənəvi dəyərlərindən biri olan Qazançı məbədini təhrif edirlər”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, “ombudsmanın” fikrincə, “Azərbaycan, barəsində illərlə sistematik və dövlət səviyyəsində nifrətlər yağdırdığı xalqın mədəni dəyərini bərpa edə bilməz”.

Stepanyan iddia edir ki, Azərbaycanın məqsədi bu ərazilərdən erməni izini silməkdir.

O əlavə edib ki, Azərbaycan dövlət səviyyəsində erməni xristian mədəniyyətinin albanlaşdırılması siyasəti yürüdür.

Xatırlatma

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil), ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG