Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:00

Covid-19: Pandemiya yaddaşınızı pisləşdirdimi?


Koronavirus/Britaniya-PEACOCK
Koronavirus/Britaniya-PEACOCK

Az sayda insan yaddaşının yaxşılaşdığını desə də, respondentlərin 80 faizi yaddaşlarının, azı, bir aspektinin pisləşdiyini bildirib.

BBC-nin “Radio 4” kanalında psixologiyaya dair proqramın aparıcısı Klaudia Hammond bbc.com-a yazdığı məqalədə yaddaş mütəxəssisi Kətrin Lavdeyin əldə etdiyi elmi bilgilərə söykənərək, pandemiyanın insan yaddaşına mənfi təsirini dartışıb.

https://www.bbc.com/future/article/20210614-covid-19-has-the-pandemic-harmed-our-memories

Öz araşdırmasında “Gündəlik yaddaş sorğusu”ndan yararlanan Lavdey respondentlərə bu yaxınlarda yaddaşlarının müxtəlif yönlərinin necə işlədiyinə dair suallar verib. Sorğuda “Adamlara vacib bir şeyi deməyi unutmusunuzmu” kimi bir çox sual olub.

İnsanlar yaddaşlarının pozulduğu, olduğu kimi qaldığı, yaxud yaxşılaşdığı qənaətində olduqları barədə sualları cavablayıblar. Əldə olunan cavablar ürəkaçan deyil.

Az sayda insan yaddaşının yaxşılaşdığını desə də, respondentlərin 80 faizi yaddaşlarının, azı, bir aspektinin pisləşdiyini bildirib.

Respondentlərin bəziləri sorğuda iştirak dəvətinə sosial media vasistəsilə cavablayan və deməli, özü-özünü seçən iştirakçıdır. Onların məhz yaddaşlarından şikayətçi olduqları üçün sorğuya qatıldıqları qərarına gəldikləri istisna deyil.

Respondentlərin 55 faizi hansısa hadisənin nə zaman baş verdiyini unutduğunu bildirib. Məqalədə deyilir ki, bu, pandemiyanın insanların zaman hissini dəyişdirdiyini düşünməyə əsas verir. Pandemiya dövründə ciddi, maraqlı, yaxud rəngarəng hadisələr baş vermədiyindən, insanların zaman duyğusu yenilənmir.

Moldova-Kişinauda pandemiya dövrü,19, 06 2020
Moldova-Kişinauda pandemiya dövrü,19, 06 2020

İnsanların çox şikayətləndiyi növbəti kateqoriya cümlədə işlətmək üçün düzgün sözü axtarıb tapa bilməmələri olub. Psixoloqlar buna ““dilimin ucunda” fenomeni” deyirlər.

Unutqanlığın bu növünün pandemiya dövründə artmasının səbəbi aydın deyil. Hərçənd, bu, insanların evdən işləməsindən, uzun müddət tək qalmasından və başqa insanlarla danışmaq imkanlarının məhdudlaşmasından, sosial ünsiyyət bacarıqlarının korşalmasından qaynaqlana bilər.

Ən çox rast gəlinən üçüncü şikayət insanların onlara deyilmiş hansısa sözü, yaxud özlərinin verdiyi sözü unutmaları ilə bağlıdır. İnsanların çoxu məkandan-məkana hərəkət etmədən, eyni evdə oturaraq saatlarla ekrana zillənib, onlayn görüşlərə qatılıb. Bu üzdən verdikləri sözü yadlarına sala biləcək eyhamlarla qarşılaşmayıblar. Normal həyatda isə insanlar otaqdan-otağa, binadan-binaya, avtobusdan qatara getməli olur və yolüstü gördüyü şeylər onlar üçün xatırlatma rolunu oynaya bilir.

Məqalədə deyilir ki, beyinin hipokampus adlanan bölümü açıq havada daha aktiv olur. Bəlkə də bu, insanın evin yolunu tapmaq ehtiyacı ilə bağlıdır. Ancaq insanlar evin içində qalmalı olanda beyinin autobioqrafik yaddaşa cavabdeh olan bu mərkəzinin fəaliyyəti zəifləyir.

Bu tədqiqat bir daha göstərib ki, insanların öz yaddaşlarını dəyərləndirməsi ilə onların gün ərzində nə qədər hərəkət etməsi arasında mütənasiblik var. Qapalı məkandan dışarı çıxan, müxtəlif binalara girən, yaxud heç olmasa, otaqdan-otağa hərəkət edən insanlar yaddaşlarından daha az şikayət ediblər.

Maraqlıdır ki, yaddaşının pisləşdiyini deyən qadınların sayı kişilərdən çox olub. Müəllif ehtimal edir ki, bu, qadınların iş və şəxsi münasibətlər baxımından daha çox neqativ dəyişikliklərlə üzləşməsindən, bütövlükdə daha çox stresə məruz qalmasından qaynaqlana bilər.

Lavdey respondentlərdən lokdaun dövründə həyatlarında baş vermis ən yadda qalan hadisəni təsvir etmələrini istəyib. Maraqlıdır ki, insanlar daha çox 2020-ci ilin aprelində, yəni qapanmanın lap əvvəlində baş verən hadisələri göstəriblər. Yaxşı xəbər bu epizodik hadisələrin təsvirinin çox detallı olmasıdır. Lavdeyin sözlərinə görə, bu, yaddaş sisteminin tam “sındırılmadığını”, sadəcə, eyni anda bütün aspektlərinin işə düşmədyini göstərir.

Müəllifin fikrincə, tezliklə bu qəribə dövrün digər xoşagəlməz aspektləri kimi unutqanlığımız da keçib gedəcək.

XS
SM
MD
LG