Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:33

Azərbaycanda inflyasiya nə qədərdir?


Azərbaycan manatı
Azərbaycan manatı

Dövlət Statistika Komitəsi (DSK) bu ilin 6 ayında ölkədə inflyasiyanın cəmi 4,3 faiz olduğu barədə məlumat yayıb. DSK ərzaq mallarının 4,9 faiz bahalaşdığını da qeyd edib. Bu il yanacağ və kommunal qiymətlərin artdığını nəzərə alsaq, bu rəqəmlər reallıqla nə dərəcədə üst-üstə düşdür?

Milli Məclisin üzvü Vahid Əhmədov Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatlarla bağlı həmişə fikir ayrılığı olduğunu vurğulayaraq bildirib ki, qurum inflyasiyanın aşağı olduğunu göstərsə də, reallıqda fərqli mənzərədir.

Onun fikrincə, Komitənin hesablamalarında səbətə nələrin daxil edildiyinə diqqət yetirmək lazımdır:

“Səbətə daxil edilən məhsulların miqdarından çox şey asılıdır”.
Bununla belə Vahid Əhmədov DSK-nin məlumatlarının həqiqəti əks etdirmədiyi qənaətindədir:

“9 və 9.5 faiz inflyasiya var ”

“Çünki Azərbaycanda qiymət artımı kifayət qədər böyükdür. İnflyasiyaya gəldikdə, 9 və 9.5 faiz inflyasiya var. Qiymətlərin artması real idi, çünki məhsulların maya dəyərinə təsir göstərən yanacağın, qazın və suyun qiyməti artıb”.

Vahid Əhmədov deyir ki, hökumət indiki vəziyyətdə qiymət siyasətinə baxmalıdır.Onun fikrincə, qiymətləri reallığa uyğunlaşdırmaq üçün addımlar atmalıdır.Hərçənd deputat hesab edir ki, İqtisadiyyat Nazirliyinin Atiinhisar Xidməti yaxşı işləyir, monitorinqlər aparır və süni qiymət artıranları cərimələyirlər :

“...Faktiki olaraq, əhalinin aldığı maaşı, müavinəti, pensiyanı məhv edir”

Vahid Əhmədov, 2011
Vahid Əhmədov, 2011

“ Amma hökumət də bu işlə məşğul olmalıdır. Azərbaycanda əsas problemlərdən biri qiymətlərin subyektiv şəkildə artırılmasıdır. Obyektiv qiymət artımı anlaşılandır, çünki maya dəyərinə təsir göstərir. Bəzi sahibkarlar isə bundan istifadə edib süni şəkildə qiymətləri artırırlar ki, bu, subyektiv qiymət artımıdır. Təəssüf ki, son vaxtlar qiymət artımı sürətlə gedir, faktiki olaraq, əhalinin aldığı maaşı, müavinəti, pensiyanı məhv edir”.

İqtisadçı Qubad İbadoğlu isə Azadlıq Radiosuna açıqlamasında deyib ki, Dövlət Statistika Komitəsinin mövcud gerçəkliyi təhrif etdiyi qənaətindədir. Onun fikrincə, Azərbaycanda nə 4.3 faiz ümumi inflyasiya, nə də 4.9 faiz ərzaq bahalaşması mümkün deyil:

“Dövlət Statistika Komitəsi manevr edir və ... ”

“Çünki qiymətlər üzərində statistik müşahidə aparan Komitə təəssüflər olsun ki, Mərkəzi Bankın müəyyənləşdirdiyi hədəf inflyasiyasından kənara çıxacaq bir rəqəmi açıqlamaq cəsarətində deyil. Yəni Mərkəzi Bank cari il üçün pul-kredit siyasətinin əsas istiqamətlərində müəyyənləşdirdiyi 3-5 faizlik inflyasiya çərçivəsində Dövlət Statistika Komitəsi manevr edir və bundan da yuxarı çıxmağı planlaşdırmır”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçının sözlərinə görə, idxal məhsullarının istehlak bazarındakı xüsusi çəkisi, mənşə ölkələrindəki qiymət bahalaşması və kommunal sektorda tariflərin qaldırılması inflyasiya artırıcı amilləri kifayət qədər fəallaşdırıb:

“Mövsümü qiymətlər də əvvəlki dövrlərlə müqayisədə bahadır, həm bostan, həm tərəvəz, həm də meyvələrin qiymətini ötən illə müqayisə etməklə bu qənaətə gəlmək mümkündür. Bu mənada komitə qiymət məsələsində yenə də manipulyasiya ilə məşğuldur. Biz bir zamanlar alternativ yollarla qiymətlərin hesablanmasını həyata keçirirdik və çox böyük fərqlər yaranırdı. Komitə ilə bizim açıqladığımız rəqəmlər arasında fərqləri şərtləndirən amil məhz dediyim amilləri qurumun nəzərə almaması idi. ”

“ İllərlərdir ki, inflyasiyanın hesablanması üçün istehlak səbətinin tərkibində dəyişikliklər etmir”

Q.İbadoğlunun fikrincə, Dövlət Statistika Komitəsi illərlərdir ki, inflyasiyanın hesablanması üçün istehlak səbətinin tərkibində dəyişikliklər etmir:

“Əslində, koronavirus pandemiyası istehlak səbətinə ciddi təsir göstərib, qlobal səviyyədə də ərzaq məhsullarının qiyməti bahalaşıb. Ancaq Azərbaycanda da həm idxalda, həm də istehsalda bu görünsə də, Komitə əsas gərəkli işi görməməzliyə vurur. Beləliklə, Mərkəzi Bankın müəyyənləşdirdiyi inflyasiya dəhlizindən kənara çıxmaq fikrində deyil”

Bu fikirlərə, hələlik, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankdan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG