Dünya Səhiyyə Təşkilatı (DST) Covid-19 peyvəndinin gücləndirici-3-cü dozasına, azı sentyabrın sonunadək moratorium qoymağa çağırıb.
Reütersin məlumatına görə, bunu avqustun 4-də təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus (Tedros Adhanom Ghebreyesus) bəyan edib.
Onun sözlərinə görə, bu addım hər bir dünya ölkəsində əhalinin azı 10 faizinin peyvəndlənməsinə imkan verməlidir.
"Bütün hökumətlərin öz əhalisini covidin Delta variantından qorumaqla bağlı narahatlığını başa düşürəm. Amma artıq qlobal peyvənd tədarükünün böyük hissəsini istifadı etmiş ölkələrin, indi daha çox peyvənd almaları ilə razılaşa bilmərik”, Tedros bildirib.
Reüters yazır ki, İsrail prezidenti İsaak Hersoq (Isaac Herzog) ötən həftə koronavirusa qarşı əlavə-üşüncü doza peyvənd alıb və bununla 60 yaşdan yuxarı insanlar üçün gücləndirici (booster) doza kampaniyasına start verib. 3-cü dozanı vurmaqda məqsəd, covid-19 virusunun daha yoluxucu Delta variantının ölkədə yayılmasını səngitməkdir.
Birləşmiş Ştatlar da iyulda uşaqların peyvəndlənməsi və 3-cü dozanın tətbiqinin mümkünlüyü üçün Pfizer Inc və BioNTech şirkətləri ilə 200 milyon dozalıq əlavə peyvənd alınması barədə müqavilə imzalayıb.
Reütersin məlumatına görə, Almaniya da covid-19-a qarşı üçüncü-gücləndirici dozanın vurulmasına icazə verməyə hazırlaşır.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.