Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:48

Apple Pegasus-la bağlı proqram düzəlişi buraxır


İllüstrativ foto
İllüstrativ foto

Toronto Universitetinin “Citizen Lab” tədqiqatçıları ötən həftə sözügedən təhlükəsizlik qüsurunu aşkarlayaraq dərhal Apple-ə xəbərdarlıq ediblər

Apple şirkəti təhlükəsizlik qüsurunu düzəltmək üçün təhlükəsizlik güncəllənməsi (patç, düzəliş proqramı) yayıb. Kibertəhlükəsizlik ekspertlərinin fikrincə, həmin qüsur şirkətin iPhone və digər cihazlarının haker hücumuna məruz qalmasına imkan verir.

Şirkətə dərhal xəbərdarlıq olunub

Toronto Universitetinin “Citizen Lab” tədqiqatçıları ötən həftə sözügedən təhlükəsizlik qüsurunu aşkarlayaraq dərhal Apple-ə xəbərdarlıq ediblər. Daha öncə bəlli olmayan bu boşluq şirkətin böyük cihazlarının hamısına təsir göstəribmiş.

Araşdırma üzə çıxarıb ki, İsrailin NSO Group şirkəti bu boşluqdan yararlanaraq cihazlara Pegasus casusluq proqramını sala bilib. Bundan ötrü istifadəçinin ziyanlı mesaja, yaxud linkə basması gərəkməyib.

Tədqiqatçıların sözlərinə görə, ilk dəfədir “kliksiz” (zero-click) sui-istifadə aşkarlanıb.

Apple bloq postunda iPhone və iPad cihazları üçün təhlükəsizlik güncəllənməsi buraxdığını yazır. Çünki “məkrlə hazırlanmış” PDF faylı onların haker hücumuna məruz qoya bilər. Şirkət “Citizen Lab”in araşdırmasına istinad edib.

Azərbaycanın adı keçən 'Pegasus' qalmaqalı böyüyür
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Pegasus qalmaqalı

Tədqiqatçılar bildirirlər ki, bu təhlükəsizlik məsələsi hesabına səudiyyəli fəalların iPhone telefonlarına casus proqramı yeridilib, bu hücumun arxasında isə İsrailin NSO Group şirkətinin durmasına inam böyükdür.

İyulda 17 beynəlxalq media təşkilatı və “Amnesty International” iddia edib ki, NSO Group-un Pegasus proqramı smartfonlara haker hücumunda istifadə olunub. İnsan haqları fəalları, jurnalistlər, hətta dövlət başçılarının izlənildiyi üzə çıxıb. Siyahıda bəzi azərbaycanlı jurnalistlərin də adları vardı.

Proqramın hədəfləri içində Qazaxıstan prezidenti və Fransa Prezidenti Emmanuel Makron olub.

Bu hesabatdan sonra təkcə avtokratik rejimlərin deyil, Hindistan və Meksika daxil demokratik hökumətlərin də NSO Group-un casusluq texnologiyasından siyasi məqsədlərlə istifadə etməsi iddiaları güclənib.

Milyonlara başa gəlir, spesifik şəxsləri hədəfə alır

NSO Group isə baş verənlərə bir cümləlik bəyanatla cavab verib, “dünyanın kəşfiyyat və hüquq-mühafizə agentliklərini terrorçuluq və cinayətkarlıqla mübarizədə həyati əhəmiyyətli texnologiyalarla təmin edəcəyini” bildirib.

Apple qeyd edir ki, iPhone istifadəçilərinə iOS proqramına düzəlişlə bağlı xəbərdarlıq gələcək. Şirkət “Citizen Lab” problemi aşkarlayandan dərhal sonra güncəllənmənin “sürətlə” hazırlandığını bildirib.

Şirkət sözügedən hücumların xeyli təkmil hazırlandığını, milyonlara başa gəldiyini, amma qısaömürlü olaraq spesifik şəxsləri hədəfə aldığını bildirir.

Tədqiqatçı Con Skot-Reylton isə deyir ki, bu xəbər populyar mesajlaşma tətbiqlərini oxşar hücumlardan qorumağın vacibliyini göstərir.

XS
SM
MD
LG