Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 15:57

Rusiyada seçki apatiyasının bədəli – Qərb mediası


Moskvada Kommunist Partiyasının tərəfdarları etiraza çıxıb, 20 sentyabr, 2021-ci il
Moskvada Kommunist Partiyasının tərəfdarları etiraza çıxıb, 20 sentyabr, 2021-ci il

Müstəqil qurumların keçirdiyi sorğularda ən gənc respondentlərin ifadə etdiyi əsas iqtisadi motivasiya “İpoteka götürmək, onu ödəmək, sonra daha bir kredit götürmək və ödəmək”dir ki, bunun da Rusiyanın inkişafına köməyi dəyməyəcək

Rusiyada sentyabrın 17-dən 19-dək keçirilmiş parlament seçkisində hakim Vahid Rusiya Dumada yerlərin üçdə ikisini qazandığını bəyan etsə də, müxalifət isə seçkinin kütləvi saxtalaşdırıldığını deyir. Avropa Birliyi seçkidəki “təhdid” mühitini pisləyib.

“Financial Times” qəzetində Andrey Kolesnikov yazır ki, dövlətin əsas oyunçu, arbitr, işəgötürən olduğu bir ölkədə seçki gözlənən itaət ritualıdır. Çünki Kreml özünün biznesindənsə, bir başqası, ən yaxşısı, dövlət üçün işləməyə üstünlük verən vətəndaşlar yaradıb. Bu vətəndaşlar müxalifət fəalları daxil olmaqla istənilən siyasətçiyə şübhəylə yanaşırlar.

“Bu nizamın sosial manipulyasiyası sonucda insan kapitalı böhranına səbəb olacaq. Məsələn, laqeyd əhali əmək məhsuldarlığında çox gərəkən artımı yarada bilməyəcək”, – yazan müəllif bir məqamı vurğulayır. Müstəqil qurumların keçirdiyi sorğularda ən gənc respondentlərin ifadə etdiyi əsas iqtisadi motivasiya “İpoteka götürmək, onu ödəmək, sonra daha bir kredit götürmək və ödəmək”dir ki, bunun da Rusiyanın inkişafına köməyi dəyməyəcək.

Məqalədə deyilir ki, sıravi rusiyalılar özlərinin dəyişiklik yarada biləcəklərinə inanmırlar. Bunun əvəzinə isə onlar gələcəyə dövlət propaqandasından doğan, keçmişə bağlı nostaljik fikirlərlə baxırlar. Bir sorğuda respondentlərin yarısı demişdi ki, sovet siyasi sisteminə qayıtmaq istərdilər. Başqa bir sorğu sovet diktatoru Cozef Stalinin gənc ruslar arasında populyarlığının artdığını göstərib.

Rusiya müxalifəti seçkinin kütləvi saxtalaşdırıldığını deyir
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Kremlə asan başa gəlməyən qələbə

Bloomberg-in təhlilçisi Krala Ferrera Markes yazır ki, Vahid Rusiya-nın göstərdiyi nəticə heç də Kremlin istədiyi qətiyyətli qələbə deyil. “Legitimlik iddiasını möhkəmləndirmək və Vahid Rusiyanın populyarlığı azaldıqca deyinən elitanı susdurmaqdan ötrü Kremlə qəti qələbə lazım idi”, – məqalədə deyilir.

Müəllif seçkidə əldə olunan rəqəmlərin də asan başa gəlmədiyini, Putinin mühacirətdə, hətta həbsdə olan rəqiblərinin Kremli istədiyi nəticəyə görə hər bir vasitəyə əl atmağa vadar etdiyini vurğulayır.

5 minədək pozuntu sənədləşdirilsə də...

“Navalnı və təşkilatına qarşı amansız kampaniyadan tutmuş, müstəqil mediaya və ‘xarici agentlər’ə təzyiqlərə qədər. Səsvermə üç günə uzadıldı ki, bu da yaşlıların timsalında sadiq qrupların da səs verməsinə şərait yaratdı, nəzarətçilərin işini çətinləşdirdi. Saxta addımlara da əl atıldı, Sankt Peterburqda əsl müxalifətçi ilə rəqabət üçün iki klon Boris Vişnevski qeydiyyatdan keçdi”, – məqalədə deyilir.

Müstəqil “Qolos” təşkilatı seçkidə 5 minədək mümkün pozuntu sənədləşdirib ki, bu da beş il öncəkindən iki dəfə çoxdur. Amma bütün bunlara baxmayaraq, kütləvi etirazlar real görünmür və bu, Navalnının komandasına zərbədir, müəllif yazır.

Məqalədə Kommunist Partiyasının 2016-cı illə müqayisədə daha çox yer qazanmasına da diqqət çəkilir. Partiyanın gənclər arasında tərəfdarları artır, Vahid Rusiyanın axsadığı yerlərdə, məsələn, Yakutiyada fərqlənib. Qeyd edək ki, Navalnının komandasının hazırladığı, seçki günündən bloklanan “Ağıllı Səsvermə” tətbiqində daha çox Kommunist Partiyasının namizədlərinin adları vardı. Bu tətbiq Vahid Rusiyanın namizədini məğlub edəcək siyasətçiləri təbliğ edir.

“Müxalifətin ümumi səfərbərliyi fərq yarada bildi. Amma siyasi təhlilçi Andras Tos-Czifranın yazdığı kimi, bunun praktikada partiyanı daha mübariz edəcəyi aydın deyil, çünki mərkəzdəki kompromisə meyllilər ilə qalanları arasında fikir ayrılıqları var”, – müəllif vurğulayır.

XS
SM
MD
LG