Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 07:17

İstehlakçılar pandemiyadan özlərinə gəlirlər – Qərb mediası


Londonda avtobus dayanacağı
Londonda avtobus dayanacağı

“TS Lombard” tədqiqat və makroiqtisadi proqnozlaşdırma konsultasiya şirkətinin iqtisadçısı Deyvid Oneqlia deyir ki, hazırkı data dirçəlişin ehtiyatlı tempinə uyğundur

Avrozonada istehlakçı inamı bərpa olunmaqdadır. Avropalılar artıq pandemiyadan öncəki kimi alış-verişə çıxır, evdən kənarda yemək yeyir, səyahət edir, kinoteatra gedirlər. Bu haqda “Financial Times” qəzeti yazır.

Qəzet sentyabrın iqtisadi fəaliyyət datasına əsasən qeyd edir ki, Covid-19-a qarşı yüksək vaksinasiya səviyyəsi avropalıları ürəkləndirib. Bu arada narahatedici iqtisadi xəbərlər də eşidilir, enerji sərfiyyatının yüksəkliyi, təchizat zəncirinin pozulması, Çində iqtisadi azalmanın təsiri sarıdan əndişələr var.

“TS Lombard” tədqiqat və makroiqtisadi proqnozlaşdırma konsultasiya şirkətinin iqtisadçısı Deyvid Oneqlia deyir ki, hazırkı data dirçəlişin ehtiyatlı tempinə uyğundur.

Qəzet bərpanı qismən məktəblərin yenidən açılması, işçilərin ofislərə qayıtması ilə izah edir. Aeroportlar işə düşüb, ölkəiçi ictimai nəqliyyat bərpa olunub.

Uzunmüddətli simptomlar

Bu arada yeni araşdırma koronavirusa yoluxmuş hər üç nəfərdən birinin uzunmüddətli simptomdan əziyyət çəkdiyini üzə çıxarıb.

“The Guardian” qəzeti tədqiqatın ya xəstələrin özlərinin bildirdiyi simptomlara, yaxud da kiçik araşdırmalara əsaslandığını yazır. Oksford Universiteti daxil olmaqla bir neçə qurum Birləşmiş Ştatlarda koronavirusdan sağalmış 270 mindən çox adamın üzərində tədqiqat aparıb.

Pasiyentlərin 37 faizi yoluxmadan 3-6 ay sonra uzunmüddətli Covid-in azı bir simptomunu hiss ediblər. Ən çox yayılmış simptomlar təngnəfəslik, mədə problemləri, yorğunluq, ağrı, narahatlıq, yaxud depressiyadır.

Sputnik V vurduranlar

Birləşmiş Ştatlar ötən həftə elan elədi ki, koronavirusa qarşı vaksin olunmuş əcnəbilər üçün sərhədlərini açacaq. “The Washington Post” qəzeti noyabrdan qüvvəyə minəcək bu qaydanın özünü tam peyvəndlənmiş hesab edən xeyli sayda adama aid olmayacağını yazır. Rusiya istehsalı “Sputnik V” vurdurmuş milyonlarla şəxs də onların içindədir.

Qəzet qaydanın yüzminlərlə rusiyalıya birbaşa təsir göstərəcəyini yazır. İki ölkə arasında diplomatik münasibətlərin soyuq, üstəlik beynəlxalq səyahətin məhdudluğuna baxmayaraq, 2019-cu ildə 300 minədək rusiyalı Birləşmiş Ştatlara səfər edib.

Üstəlik, ABŞ-ın planı Sputnik V-ni hazırlayanlara böyük zərbədir. Moskva bu vaksinin dünyada qeydiyyata alınan ilk olduğunu bildirib. “Bu vaksinin pandemiya diplomatiyasında güclü alət olacağı düşünülürdü, amma xaricdə məhdud səviyyədə qəbul edilməsi, çatdırılma sürəti həm qərb, həm də Çin vaksinlərindən geri qalmasına səbəb oldu”, – qəzet yazır.

“Bu, Sputnik V vurdurmuş rusiyalılar və digər ölkələrdən zoyarətçilər üçün böyük problemdir”, – Virciniya Kommonvels Universitetinin professoru Cüdis Tviq deyib.

Sputnik V-ni dəstəkləyən Rusiya Birbaşa İnvestisiya Fondu isə vaksinin dünya əhalisinin yarıdan çoxunun, 4 milyarddan artıq insanın yaşadığı 70 ölkədə təsdiqləndiyini, onun effektinin və təhlükəsizliyinin həm klinik sınaqlarda, həm də real istifadədə sübut oldunduğunu bildirib.

Fond COVID-19-a qarşı qlobal mübarizənin siyasiləşdirilməsinə, qısamüddətli siyasi və iqtisadi qazancdan ötrü effektli vaksinlərə ayrıseçkiliyə qarşı çıxdıqlarını bəyan edib.

XS
SM
MD
LG