Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 16:34

Putinə qarşı çıxan şamana azadlıq tələbi


A.Qabışev
A.Qabışev

Şaman 2019-cu ildə Putini “şeytan” adlandıraraq onu vəzifədən qovmaq üçün Moskvaya doğru yürüşə başlayıb

“Amnesty International” insan haqları təşkilatı psixiatrik klinikaya salınmış şamanın bu qərardan şikayətinin rədd edilməsini pisləyib. Şaman Aleksandr Qabışev Prezident Vladimir Putinin Kremldən qovulmasıyla bağlı kampaniya apararkən saxlanaraq klinikaya yerləşdirilib. O, Moskvaya doğru yürüş edəndə bir neçə dəfə saxlanmışdı.

Sentyabrın 29-da qurumun Rusiya ofisinin direktoru Natalya Zvyaqina yakutiyalı şamanı Rusiyada “sıravi adamların hökumətin hər gün artan təzyiqinə qarşı müqavimət simvolu” adlandırıb.

“Psixiatrik klinikada məcburi müalicə işgəncə və zorakılıq üsuludur. Hakimiyyət məcburi müalicədən əl çəkməli, Aleksandr Qabışevi dərhal, ilkin şərtsiz buraxmalıdır. Çünki o, yalnız öz baxışlarını ifadə etdiyinə görə qeyri-müəyyən müddətə psixiatrik klinikaya yerləşdirilib”, – Zvyagina deyib.

Cəza tədbiri

Onun sözlərinə görə, Rusiya hakimiyyəti “psixiatrik yardımı yenidən cəza tədbirinə çevirib, sovet dövründə bu metod narazılara qarşı yaxşı sınaqdan çıxarılıb”.

Üç gün öncə Qabışevin vəkili Aleksey Pryaniçnikov AzadlıqRadiosu-na (RFE/RL) müvəkkilinin naməlum psixiatrik klinikaya köçürüldüyünü deyib. O, indiyədək Yakutiyanın paytaxtı Yakutskda psixiatrik klinikada müvəqqəti saxlanırdı.

İyulda məhkəmə Qabışevin “zehni durumunun yaxşı olmadığı” qənaətinə gəlib. O, yanvarda evindən zorla çıxarılaraq psixiatrik klinikaya aparılarkən “polis əməkdaşına qarşı zorakılıq”da ittiham olunaraq məhkəmə qarşısına çıxarılmışdı.

Vəkilləri və tərəfdarları isə əsl məqsədin şamanı susdurmaq olduğunu deyiblər.

Qabışevin bacısının apreldə radioya deməsinə görə, psixiatrik klinikada qardaşına ona naməlum iynələr vurulur, səhhəti kəskin pisləşib.

700 nəfərlik yürüşdən sonra...

Şaman 2019-cu ildə Putini “şeytan” adlandıraraq onu vəzifədən qovmaq üçün Moskvaya doğru yürüşə başlayıb. O, 2 min kilometrdən çox məsafə qət edib, yolüstü yüzlərlə rusiyalı ilə söhbət edib.

O məşhurlaşdıqca adamlarla söhbətlərinin videoları sosial mediada yayılıb, milyonlarla baxış cəlb edib.

Həmin ilin iyulunda Qabışev Çita şəhərində 700 nəfərin iştirakıyla “Putinsiz Rusiya” şüarıyla yürüş keçirib.

Ancaq sentyabrın sonunda Buryatiyada saxlanaraq bir neçə aylığa Yakutiyada psixiatrik klinikaya yerləşdirilib.

Şamanlar əsrlər boyu Sibirdə şəfaverici qüvvə kimi tanınıblar. Onlar sovet vaxtı təzyiqlərə məruz qalıblar. Amma indi Sibirin ayrı-ayrı yerlərində yenidən məşhurlaşırlar.

XS
SM
MD
LG