Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:29

Sosial media asılılığının əlamətləri


Layklar, retvitlər, paylaşımlar beynin mükafat sisteminə eyni dofamini verir.
Layklar, retvitlər, paylaşımlar beynin mükafat sisteminə eyni dofamini verir.

Britaniyanın gündəlik "The Daily Star" qəzeti smartfon asılılığının əlamətləri, mənfi təsirlərinin aradan qaldırılması və gündəlik həyatın yenidən nəzarətə alınması haqda yazıb.

Son bir il ərzində texnologiyadan istifadə həddindən çox artıb. Evlərində qalmağa, məsafədən işləməyə məcbur olan, sevdikləri ilə üz-üzə ünsiyyət qura bilməyən insanlar üçün sosial media və internet gündəlik həyatın dominant hissəsinə çevrilib.

Keçirilən sorğular pandemiya dövründə internetdən istifadənin 50-70 faiz artdığını üzə çıxarıb. İnternetdə keçirilən vaxtın yarıdan çoxu sosial medianın payına düşür.

Narahatlıq mənbəyi

Məqalədə əksər insanların telefonlarını gün ərzində orta hesabla 58 dəfə yoxladığı bildirilir. Bəzi insanlar günün doqquz saatını ekranların qarşısında keçirirlər.

Sosial media və smartfon asılılığı minlərlə insan üçün ciddi narahatlıq mənbəyidir. Bu növ asılılıq mental sağlamlıq, məktəb və işlə bağlı problemlərə yol açır. Hətta Facebook-un özü belə problemin mövcud olduğunu etiraf edib. Şirkətin sızmış sənədləri onun müxtəlif tətbiqlərinin insanlara mənfi təsirindən xəbərdar olduğunu üzə çıxarıb.

Bəs sosial media asılılığından əziyyət çəkdiyinizi necə bilə bilərsiniz? Ümumiyyətlə, niyə buna görə narahat olmaq lazımdır?

İnsanlar sosial mediada nə qədər çox vaxt keçirirlərsə, o qədər çox reklam görürlər. Çünki sosial media platformaları reklamlardan maliyyələşir. İnsanlar bu platformalarda nə qədər çox oturub, nə qədər çox reklam görsə, şirkət bir o qədər çox pul qazanır.

Dofamin

Araşdırmalar göstərir ki, Facebook, Snapchat və Instagram kimi sosial media platformalarından istifadə beyində kokain və digər narkotik maddələrin yaratdığı kimyəvi reaksiyalar yaradır. Layklar, retvitlər, paylaşımlar beynin mükafat sisteminə eyni dofamini verir. Bu isə o deməkdir ki, sosial media şirkətləri, adətən, öz qazanclarını sosial medianın asılılıq yaradan xüsusiyyətlərindən götürürlər.

Dünyada ilk internet dispanserinin təsisçisi, həkim Devid Qrinfild həm də "İnternet asılılığından necə qurtulmalı" adlı kitabın müəllifidir. O hesab edir ki, asan və limitsiz wi-fi, smartfonlar, yüksəksürətli internet insanları internetə aludə vəziyyətə gətirib.

Doktor Qrinfild deyir ki, bu mobil əlavələr qumar maşını kimi beyində insanlara həzz hissi verən dofamin ifrazına səbəb olur: "Hər dəfə siz mobil əlavə, yaxud sayta girəndə qarşınıza nə çıxacağını və bunun nə qədər yaxşı olacağını bilmirsiniz. Ancaq vaxtaşırı xoşladığınız şeylər görəcəksiniz". Onun sözlərinə görə, insanlar cihazlarından dofamin almağı xoşlayırlar.

"Fiziki xəstə"

"NoSurf" adlı Reddit forumunda insanlar rəqəmsal asılılıq haqda hekayələrini və internetdə daha az vaxt keçirmək üsullarını paylaşırlar. İstifadəçilərdən biri sosial mediadan uzaqlaşandan sonrakı iki həftə ərzində özünü "fiziki xəstə" hiss etdiyini yazıb: "Ekran qarşısında gündə orta hesabla 10 saat vaxt keçirirdim. Hobbilərim yox idi… Ən əsası, vaxt itirirdim. Özümü itirirdim. Otağım çirkli və dağınıq idi. Heç vaxt idman etməyə və müntəzəm qidalanmağa vaxtım olmurdu. Ailəmi görməzdən gəlirdim. İşə gecikirdim. Həmişə düşüncələrimdə ilişib qalırdım. Heç vaxt indiki zamanda yaşamırdım. Sadəcə …beyinsiz zombi idim".

Başqa bir istifadəçi isə sosial mediadan alınan informasiyanın mənasız olduğunu deyir. O yazır ki, "Hər şey o qədər boşdur ki. Real həyatda kiminləsə birlikdə keçirdiyim vaxt real xoşbəxtlik gətirir. Sosial mediada keçirilən vaxtsa boşdur".

Doktor Qrinfild asılılıqla həddindən artıq istifadə arasında fərqi də izah edib. O deyib ki, asılılıq iş, idman, sağlamlıq və sosial həyat kimi şeylərə dərin mənfi təsir göstərir. O hesab edir ki, əksər insanlar sosial mediadan həddindən artıq istifadə etdikləri üçün asılılıq riski ilə üz-üzədirlər.

Əlamətlər

Əgər aşağıdakıları müşahidə edirsinizsə, ifrat istifadənin asılılığa çevrildiyini düşünmək olar:

  • Daim sosial media haqqında düşünmə, yaxud ondan istifadə etmək istəyi
  • Cihazdan uzaq qalmalı olanda yaranan qəzəb və qıcıq hissi
  • Sosial mediadan istifadəni gizlətmə
  • Yatmama, çəkinin azalması və ya artması, şəxsi gigiyenaya fikir verməmə kimi fiziki simptomlar
  • Diqqət və yaddaşın pozulması
  • Qıcıq əhvalı və ya sosial təcrid
  • İş yerində və ya məktəbdə problemlər
  • Depressiya, narahatlıq və digər mental sağlamlıq problemlərinin meydana çıxması

Doktor Qrinfild cihazlardan imtinanın qeyri-mümkün olduğu indiki dövrdə hər gün bir neçə saat ekransız zaman keçirməyi məsləhət görür.

XS
SM
MD
LG