Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:43

'Əli Həsənovun oğluna 600 min, baldızına 580 min pul verdim'


Jurnalistlərə mənzillərin açarlarının verilməsi mərasimi. 2017
Jurnalistlərə mənzillərin açarlarının verilməsi mərasimi. 2017

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaların tikilməsinə ayrılmış vəsaitdən prezidentin keçmiş köməkçisi Əli Həsənovun qohumlarına təxminən 1.2 milyon manat pul verildiyi iddia olunur. Bu barədə həmin binaları inşa etmiş "Portos" MMC-nin baş mühasibi Kəmaləddin Abdullayev noyabrın 30-da məhkəmədə danışıb. O bildirib ki, Əli Həsənovun oğlu Şamxal Həsənliyə 600 min, baldızı Gülər Vəliyevaya isə 580 min manat pul verib.

Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfərin məhkəməsində şahid kimi dindirilib. 20 milyondan artıq mənimsəmə və israfçılıqda suçlanan Səfərli və digərlərinə verilən ittihamlardan biri də jurnalistlər üçün bina tikintisi zamanı pul yeyintisiylə bağlıdır. İddia olunur ki, ilk iki binanın inşasında 16.9 milyon manat mənimsəmə olub.

"Dörd şirkət vardı"

Abdullayev deyir ki, bina tikintisi üçün vəsait "Portos" MMC-nin hesabına köçürülürdü. Bu şirkət də əksər hallarda alınan inşaat materiallarının ödənişini və digər xərcləri şirkətin hesabından köçürmə yoluyla həll edirdi. Lakin bəzi hallarda nağd pula ehtiyac yaranırdı. Onun sözlərinə görə, məsələn, transformatorları alanda pulu nağd şəkildə ödəməli oldular. Bu cür hallarda ləngimə olmasın deyə, bəzən "Portos"un hesabına köçürülmüş vəsaitlərin bir hissəsi öncədən nağdlaşdırılırdı. Baş mühasib bildirib ki, nağdlaşdırmanı dörd şirkətin əliylə həyata keçirirdilər: "Dörd şirkət vardı. O şirkətlərlə iş görülməmişdi, yalnız onların hesabına pulu köçürüb, sonra nağd şəkildə götürmüşük. Həmin vəsaitdən bir dəfə təsisçinin nümayəndəsi Şamxal Həsənliyə 600 min manat, bir dəfə də Gülər Vəliyevaya 580 min manat vermişəm".

Bu məhkəmə prosesindəki dindirmələrdə üzə çıxmışdı ki, "Portos" MMC-nin təsisçisi Əli Həsənovun baldızı Gülər Vəliyevadır. KİVDF-nin aparıcı məsləhətçisi və Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev bildirib ki, "Portos" MMC Əli Həsənova yaxın şirkət olduğuna görə jurnalist binalarının tikintisi ona həvalə olunmuşdu. Onun sözlərinə görə, ümumiyyətlə, Fondun bütün tenderlərində hansı şirkətin qalib olmasına Əli Həsənov qərar verirdi.

Həsənovların dindirilməsinə ehtiyac görmürlər

Məhkəmədə vəkil Cavanşir Süleymanov vəsatət qaldırıb ki, bu cinayət işində Əli Həsənov, onun oğlu və baldızının adı hallandığına, araşdırılan məsələlərin bir çoxu onlarla bağlı olduğuna görə üçü də məhkəməyə çağırılıb dindirilsin. Təqsirləndirilən 11 nəfərdən bir neçəsi bu məsələ ilə bağlı qəti fikir söyləməyib, qərarı məhkəmənin öhdəsinə buraxıb. Bəziləri isə adları çəkilən şəxslərin məhkəməyə cəlb olunmasında israr ediblər. Prokuror Həsənov və qohumlarının dindirilməsinə ehtiyac görməyib. Elə hakimlər də onları çağırmaqdan imtina edib.

Məhkəmə iclasında jurnalist binalarındakı çatışmazlıqlarla bağlı ekspert rəyi açıqlanıb. Ardınca hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Dekabrın 2-də prokuror Səfərli və digərlərinə cəza istəyəcək.

Xatırlatma

63-yaşlı Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. Səfərli də daxil olmaqla, məhkəmə önünə çıxarılanların heç biri özünü təqsirli bilmir.

Vüqar Səfərli və ailə üzvlərinin bir sıra daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. "Rabitəbank"da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb. Agentlik Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

Səfərli həm də YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini idi. 2021-ci ilin yanvarında həbs olunandan bir ay sonra onu bu vəzifədən də azad ediblər.

XS
SM
MD
LG