Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:32

Xəstəxana videosundan sonra Gürcüstana qaçmalı olub


Rusiyada xəstəxana
Rusiyada xəstəxana

Qaynaqçı olan Samborski Tomskdakı qalmaqaldan sonra işdən çıxarılmışdı, amma Gürcüstanda dərhal iş tapıb

Bu günlərdə Rusiyada COVID xəstəxanasında şəraiti ifşa etmiş şəxs ölkədən qaçmalı olub. Gürcüstana qaçmazdan öncə Sergey Samborski Rusiyanın insan haqları komissarı Tatyana Moskalkovanın ofisinə gedib. Onun AzadAvropa/AzadlıqRadiosu-na deməsinə görə, Moskalkovanın ofisində “etibarlı” mənbələr ona ölkəni tərk etməyi məsləhət görüblər.

Tomsk sakini olan Samborski ötən ay şəhərdəki COVID-19 xəstəxanasında “qırmızı zona”da sarsıdıcı vəziyyəti çəkib yaymışdı. Ombudsman ofisində ona Rusiyada qalmağın “çox təhlükəli” olduğu deyilib.

“Qırmızı zona”da vəziyyət

Samborskinin deməsinə görə, Tomsk prokurorluğu onun Moskvada İstintaq Komitəsinə, yəni, başlarının üstündən yuxarılara şikayət etməsindən narazı qalıb.

“Ona görə Moskvaya getdim ki, yerli hüquq-mühafizə orqanlarının səhiyyə rəsmiləri ilə əlaqələri olduğunu bilirdim, onlar heç kəsi cəzalandıran deyildilər. Onlar pozuntuları bilirdilər. Ona görə həqiqəti demək üçün Moskvaya üz tutdum”, – Samborski deyib.

Oktyabrın sonunda Samborskinin 84 yaşlı nənəsi Tomskda 2 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilir. Onu xəstənin yanına buraxmırlar, amma başqa xəstədən nənəsinə yaxşı baxmadıqlarını öyrənir. O, qoruyucu geyim geyinərək özünü terapevt kimi təqdim edir və “qırmızı zona”ya keçir. Nənəsinin sidik və nəcis içində qaldığını, üstünün qusuntuyla örtüldüyünü, oksigen maskasının isə alnına taxıldığını görür.

Tomska qayıdan kimi həbs ediləcək

Onun yaydığı video böyük ictimai rezonans yaradır, özü isə xəstəxananın həkimi və Tomskun Səhiyyə Şöbəsinin keçmiş rəhbərini məhkəməyə verir. Samborskinin sözlərinə görə, Moskalkovanın ofisindəki mənbələr ona deyiblər ki, Tomska qayıdan kimi həbs ediləcək.

O da Tomska qayıtmır, Gürcüstana gedir. Amma hərəkətindən peşman olmadığını, ancaq hakimiyyətə şikayət verdiyi üçün təəssüf keçirdiyini söyləyib.

“İstintaq Komitəsi mənim şikayətimi Tomskda müstəntiqlərə göndərdi. Mənə təhlükənin mənbəyi də budur”, – o deyib.

Qaynaqçı olan Samborski Tomskdakı qalmaqaldan sonra işdən çıxarılmışdı, amma Gürcüstanda dərhal iş tapıb.

“Ancaq özümü təhlükəsiz hiss etmirəm. Burdan da köçməli olmayacağımdan əmin deyiləm”, – o söyləyib.

XS
SM
MD
LG