Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:40

Türkiyə: Hökumətin reytinqi düşür, sosial media üzərinə hücumlar artır


Dekabrın 12-də İstanbulda bahalığa qarşı yürüş
Dekabrın 12-də İstanbulda bahalığa qarşı yürüş

Türkiyədə yaranmış ağır iqtisadi vəziyyətlə bağlı küçələrdə adi insanların rəylərini videoya çəkən YouTube jurnalistlərinə qarşı cinayət işləri açılıb

Türkiyədə yaranmış ağır iqtisadi vəziyyətlə bağlı küçələrdə adi insanların rəylərini videoya çəkən YouTube jurnalistlərinə qarşı cinayət işləri açılıb.

The Independent qəzetinin müxbiri yazır ki, Türkiyə təhlükəsizlik qüvvələrinin sübh çağı keçirdiyi reydlərin gedişində üç jurnalist saxlanıb.

Qəzet yazır ki, Türkiyədə dövlətin nəzarətində olan medialar adi insanların etiraz və narazılığından söz aça bilmirlər və indi hökuməti “küçədəki insanın” səsini yayan platformalar narahat edir.

Saxlanan jurnalistlərdən biri – Mehmet Oyuncu Twitter-də yazmışdı:

“Biz küçədəki insanın səsinin eşidilməsinə çalışan jurnalistlərik. Onlar bizi hər gün ən müxtəlif vasitələrlə hədələyirlər, lakin biz geriyə bir addım da atmamışıq”.

Erdoğan sosial medianı hədə adlandırır

Yerli medianın verdiyi xəbərlərə görə üçü də Antalyadan olan jurnalistlər sonradan ev məhbusluğuna keçiriliblər.

Bu həbslərdən az əvvəl Recep Tayyip Erdoğanın hakim Ədalət və İnkişaf partiyasının aparıcı millət vəkillərindən Mucahit Birinci videoblogerlərdən rəsmi şikayət vermişdi.

Bundan bir gün əvvəl çıxış edən Erdoğansa demişdi ki, sosial media “demokratiyaya əsas hədədir”.

Prezident sosial mediada yayılan xəbərləri “qondarma və dezinformasiya” adlıandırmışdı:

"Effektiv nəzarət olmadığı bir şəraitdə bu kanalların yaydığı belə xəbərlər milyonlarla insanın gününü qara edib”.

Pekerin sensasiyalı videoları

Erdoğanın hakim koalisiyasının tam nəzarəti altında olan Türkiyə parlamenti hökumətin “saxta xəbər və dezinformasiya” adlandırdığı məlumatların yayılmasını kriminallaşdırmağı nəzərdə tutan qanun layihəsi hazırlayır.

The Independent yazır ki, bu barədə xəbərlər mətbuat azadlığı fəallarını ciddi narahat edib. Onların fikrincə bu, hökumətə daha çox müxalifət jurnalistini həbs etmək imkanı verəcək.

Məqalədə deyilir ki, dekabrın 12-də 140journos internet saytı YouTube kanalında bir saatlıq sənədli film yayıb.

Videoda hökumətin mütəşəkkil cinayətkarlıqla, xüsusilə də xaricdə yaşayan kriminal sima Sedat Pekerlə bağlılığı barədə iddialar irəli sürülür.

Qəzet yazır ki, bu ilin əvvəllərində Pekerin sensasiyalı ifşa videoları Türkiyənin siyasi elitası arasına çaxnaşma salmış və hakim partiyanın nüfuzuna ciddi zərbə vurmuşdu.

Nazirin “fatalist” bəyanatı

The Independent-in yazdığına görə, Türkiyə iqtisadiyyatı bir neçə ildir ki, təzyiq altındadır. Artan işsizlik və inflyasiya türklərin əmanətlərini və alıcılıq qabiliyyətini tükəndirib. Lakin son bir neçə həftə xüsusilə ağır olub. Erdoğanın uçot dərəcəsini aşağı saxlamaq və bununla da öz dinçi elektoratının dəstəyini qorumaq siyasəti milli valyuta lirəni dəyərdən salıb, inflyasiyanı isə ikirəqəmli edib.

Məqalədə deyilir ki, Pekerlə əlaqələr barədə iddialar, başqa korrupsiya iddiaları, rekord dəyərdən düşmüş lirə və qiymətlərin dramatik artımı Erdoğanın və onun hakim partiyasının, habelə hökumətin ifrat sağçı müttəfiqi olan Milli Hərəkət Partiyasının seçki şanslarına ciddi təhlükə yaradıb.

Nüfuzlu Akam agentliyinin apardığı rəy sorğusu göstərib ki, AKP və MHP-nin total dəstəyi 35 faizdir. Eyni zamanda sorğu nəticələrinə görə müxalifətin mümkün koalisiyasına dəstək 54 faizə çatıb.

The Independent yazır ki, iqtidaryönlü media belə bir şəraitdə pozitiv tonu saxlamağa çalışır.

Belə bir şəraitdə ölkənin maliyyə naziri Nureddin Nebati “fatalist” bir bəyanat verib:

"Qalib gəlsək, birlikdə qalib gələcəyik, məğlub olsaq birlikdə məğlub olacağıq”.

Maliyyə ekspertləri bildirirlər ki, nazirin bu bəyanatından sonra lirə bir qədər də zəifləyib.

XS
SM
MD
LG