Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:09

Qarabağın bərpası büdcə xərclərini çoxaldır?


Ağdam necə bərpa olunacaq? 'O armud ağacı da öz yerinə əkilməlidir'
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Ağdam necə bərpa olunacaq? 'O armud ağacı da öz yerinə əkilməlidir'

İldə 2 milyard 200 milyon manat

Gələn il dövlət büdcəsində Qarabağın işğaldan qurtarılan ərazilərinin bərpasına 2 milyard 200 milyon manat xərclənməsi nəzərdə tutulub. Elə ötən ilin dövlət büdcəsində də Qarabağdakı bərpa işlərinə eyni miqdarda vəsait ayrılmışdı.

2021-ci il Azərbaycanda bahalaşma ili olaraq yadda qaldı. Ərzaq, kommunal xidmətlər, yanacaq bahalandı. Hər dəfə qiymət artımları haqqında qərar çıxarılanda Qarabağa ayrılan vəsaitlər də gündəmə gəlir. Bəzi hallarda Qarabağdakı xərclər ucbatından bəzi hallarda ölkə ehtiyaclarının artması əsas gətirilərək hökumətin qərarları dəstəklənir. Bəs, əslinə qalanda, Qarabağdakı yenidənqurma prosesi büdcə xərclərinə necə təsir göstərir?

Azərbaycanda dövlət büdcəsinin xərcləri arasında ən çox paya sahib istiqamətlərdən biri tikinti və şəhərsalmadır. Ölkənin müxtəlif yerlərində gerçəkləşdirilən infrastruktur layihələri, əsasən, həmin xərc istiqamətlərində nəzərə alınır. Bu baxımdan, işğaldan qurtarılan ərazilərin yenidənqurma və bərpa xərcləri də istisna deyil.

Ilham Əliyevin istədiyi "ictimai nəzarət" niyə mümkün olmur?
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Rəsmi göstəricilərdən aydın olur ki, Qarabağa ayrılan 2.2 milyard manat büdcənin bu yöndəki xərclərini artırmayıb. Əksinə, 2019-cu illə müqayisədə azalma var. Belə ki, 2019-cu ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 6 milyard 374 milyon manat olub. Ötən il həmin göstərici cəmi 4 milyard 911 milyon manat idi. Qarabağla bağlı xərclərin ilk dəfə nəzərə alındığı 2021-ci ildə isə tikinti və şəhərsalmaya toplam 5 milyard 36 milyon manat ayrılıb. Bu vəsaitin 2 milyard 200 milyon manatının və ya 44 faizinin Qarabağın bərpa və yenidənqurma işlərinə sərf edilməsi nəzərdə tutulub. Yerdə qalan 2 milyard 835 milyon manatsa dövlət əsaslı vəsait qoyuluşu kimi nəzərə alınıb. Bu yanaşmadan aydın olur ki, Qarabağın bərpası ilə bağlı xərclənən vəsait büdcədə əlavə xərclər deyil, öncədən də mövcud dövlət əsaslı investisiya qoyuluşunun məhz bura yönləndirilməsidir. Başqa deyimlə, hökumət əvvəlki illərdə bütün ölkə ərazisindəki investisiya xərclərinin yarısını indi təkcə Qarabağa ayırır.

Bəs hərbi xərclər?

Müharibədən sonra hərbi xərclər də diqqət çəkir. Gələn ilin dövlət büdcəsində müdafiə və milli güvənlik məsələlərinə toplam 4 milyard 490 milyon manat ayrılıb. 2021-ci ildə bu rəqəm 4 milyard 586 milyon manata yaxın idi.

Qarabağın bərpasına beynəlxalq fond yaradılması təklif edilir
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Deməli, gələn il hərbi xərclər bu illə müqayisədə 100 milyon manata yaxın azalacaq. Amma hərbi xərclər savaşöncəsi dövrə görə yüksəlib. 2019-cu ildə Azərbaycanın müdafiə xərcləri 3 milyard 188 milyon manat olub. Ötən il bu xərclər 3 milyard 804 milyon manata yüksəlib. Maliyyə naziri Samir Şərifov bugünlərdə parlamentdə büdcə müzakirələri zamanı deyib: "Vətən müharibəsi zamanı istifadə və çıxdaş olunmuş silah və sursatların, hərbi texnikaların yenilənməsi, o cümlədən bir sıra hərbi texnika və avadanlıq ehtiyatlarının yaradılması və bərpası üçün gələn ilin dövlət büdcəsindən əlavə olaraq 500 milyon manat vəsait ayrılacaq".

Məcburi köçkünlərə ayrılan vəsait yerində qalır?

Azərbaycanda Qarabağ məsələsiylə bağlı büdcədə əksini tapan xərclərdən biri də dövlətin məcburi köçkünlərə sosial ödənişləridir. Bu məsələ ilə bağlı hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə də bugünlərdə mətbuata açıqlama verərək belə deyib: "Məcburi köçkünlərin yaşayışının təmini, onlara müavinətlərin verilməsi, övladlarının ali məktəblərdə təhsil haqlarının ödənilməsi və s.-in hamısı xərcdir. Şükürlər olsun ki, bu, artıq keçmişdə qaldı, bu ilin dövlət büdcəsi əvvəlki ilə müqayisədə xeyli artıb. Çünki vaxtilə Qarabağ probleminin həllinə istiqamətlənmiş maliyyə vəsaiti indi iş yerlərinin açılması, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması kimi işlərə sərf edilir".

"30 ildir evimi köçkün tutub, özüm yataqxanada yaşayıram"
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Görünür, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanun 21 ildir qanunverici orqanda fəaliyyət göstərən Aydın Mirzəzadənin diqqətindən yayınıb. Axı həmin qanunda qeyd edilir ki, məcburi köçkünlərə nəzərdə tutulan sosial müdafiə tədbirləri onların əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir. Məcburi köçkünlərin Qarabağa qayıdışı hələ başlamadığından, deməli, hələ qarşıdakı illərdə də dövlət vəsaitində belə xərclər nəzərdə tutulacaq.

Gələn ilin dövlət büdcəsində məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsinə 367 milyon manat ayrılıb. Bu, 2021-ci ildəki göstəricidən təxminən 1 faiz çoxdur. Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsinə ayrılan 367 milyon manatın 340 milyon manatı məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə 60 manat məbləğində vahid aylıq müavinətin verilməsi üçün ayrılıb.

XS
SM
MD
LG