Ermənistan tərəfin demarkasiya məsələsində ilkin şərti yoxdur. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaqan Unanyan “Armenpress” agentliyinin sualına cavabında deyib.
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bir gün öncə Yerevanın demarkasiyanın başlanması üçün ilkin şərtlərinin Bakı üçün qəbuledilməz olduğunu söyləyib.
“Məncə, bu məsələdə müəyyən anlaşılmazlıq yaranıb. Ermənistan tərəfin sərhədlərin demarkasiyasında ilkin şərtləri yoxdur. Söhbət razılaşmalardan gedir”, – deyən sözçü noyabrın 26-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşünə toxunub. Həmin görüşdə tərəflər Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik və sabitlik səviyyəsinin qaldırılması yönündə addımlar atmağa, sərhədin demarkasiya və delimitasiyası üzrə ikitərəfli komissiya yaratmağa razılaşıblar. Bu razılaşma dekabrın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə təsdiqlənib.
“İlkin şərt deyil”
“Bu nöqteyi-nəzərdən, Ermənistan tərəfin təklifləri ilkin şərt deyil, əldə olunmuş razılaşmaların icrası haqdadır. Ermənistan Respublikası hesab edir ki, əldə olunmuş razılaşmalara uyğun olaraq, demarkasiya prosesinə mümkün qədər tez başlanılmalıdır”, – sözçü deyib.
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan çərşənbə günü parlamentdə çıxışında Yerevanın Moskva vasitəsilə Bakıya sərhəd zonasında de-eskalasiya ilə bağlı təkliflər paketi göndərdiyini təsdiqləyib. Bu açıqlamanı Rusiyanın Xarici işlər naziri Sergey Lavrov vermişdi.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov isə ATƏT-in Baş katibi Helqa Şmidt ilə görüşündə deyib ki, Bakı Ermənistanla sərhədin delimitasiya prosesinə ilkin şərtsiz başlamağın tərəfdarıdır.
***
Bugün, yanvarın 19-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi xanım Helqa Şmit ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, baş katib Helqa Şmit Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyi münasibətilə təbrik edib:
“Hal-hazırda ATƏT məkanında təhlükəsizlik məsələlərinin həllində TƏF-in rolunun böyük olduğunu bildirən baş katib, Azərbaycanın cari sədrliyinin problemlərin həllinə yardımçı olacağına ümid ifadə etdi. Azərbaycanın sədrlik prioritetlərinin ATƏT tərəfindən dəstəklənildiyi vurğulandı”.
Açıqlamaya görə, Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb:
“Nazir eyni zamanda, cari post-münaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in layihəəsaslı iştirakında maraqlı olduğumuzu ifadə edib.”
Sərhəd məsələsi
Bildirildiyinə görə, Bayramov habelə ATƏT-in baş katibinə hazırda bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın atdığı addımlar barəsində məlumat verib:
“Nazir, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının iki dövlət arasında münasibətlərin normallaşmasının mühüm elementi kimi nəzərdən keçirildiyini və Azərbaycanın bu prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu bildirib”.
Vurğulandığına görə, baş katibin diqqətinə çatdırılıb ki, Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya (qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsi) prosesinə başlanılmasının tərəfdarıdır:
“Tərəflər, Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-dən Vyanada səfərdədir.
Yanvarın 19-da ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) Azərbaycanın sədrliyi ilə ilk iclası başlayıb. 2022-ci ilin ilk üç ayı ərzində Azərbaycan bu foruma sədrlik etməlidir.
Xatırlama
Qarabağ münaqişəsi uzun müddətdir ki, Azərbaycan və Ermənistan arasında gərginliyə səbəb olub.
Bu münaqişə müasir mərhələdə 1988-ci ildə başlayıb.
Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
2020-ci ildə, İkinci Qarabağ Müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddir) dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Ötən il isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyi bölgədə nəqliyyat və iqtisadi əlaqələrin inkişafına dair daha iki bəyanat imzalayıblar.