Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:20

İranda şairin həbsdə ölümünə görə aclıq aksiyası keçirilir


Bəktaş Abtinin dəfni
Bəktaş Abtinin dəfni

Abtinin qardaşı Arman Kazıminin sözlərinə görə, qandallar onun topuqlarını əzib, şairə psixoloji stress yaşadıb

İranda bur qrup siyasi məhbusun tanınmış şair və kinorejissor Bəktaş Abtinin ölümünə etiraz olaraq iki həftədir həbsdə aclıq aksiyası keçirdiyi bildirilir. Abtin ötən ayın əvvəlində Evin həbsxanasında COVID-19-a yoluxandan sonra vəfat edib. İnsan haqları ona adekvat tibbi xidmət göstərilmədiyini deyir, ölümünə görə hakimiyyəti ittiham edirlər.

48 yaşlı dissident yanvarın 8-də vəfat edib. Həkimlər ürək xəstəliyindən əziyyət çəkən Abtini xəstəxanaya köçürməzdən öncə tibbi koma vəziyyətinə salmışdılar.

Abtin tanınmış yazar, azad söz müdafiəçisi idi.

Yalnız su içirlər

Onun ölümündən bir neçə gün sonra bir qrup siyasi məhbus aclıq aksiyasına başlayıb. Aksiyanın məqsədi İran həbsxanalarında məhbuslarla sistematik pis rəftara, onlara tibbi xidmətin göstərilməməsinə etirazdır.

Yanvarın 16-da Evində altı məhbusun yeməyi və su içməyi dayandırdığı bildirilir. Bir neçə gündən sonra onlar su içməyə başlayıblar, amma yeməkdən imtina ediblər. Azı daha üç məhbusun aksiyaya qoşulduğu bildirilir.

Abtinin üzv olduğu İran Yazıçılar Dərnəyi məhbusları aclıq aksiyasını dayandırmağa, həyatlarını təhlükəyə atmamağa çağırıb.

“Bu aclıq aksiyası haqda İranda və dünyada məlumatlar yayıldı, bu isə məhbusların Bəktaş Abtinin cinayətkar qətlinə etiraz etmək niyyətinə çatdığını göstərir”, – qurumun bəyanatında deyilir.

Amma çağırışa baxmayaraq, altı məhbus həbsxana administrasiyasının təzyiqinə, özlərinin səhhətinin pisləşməsinə baxmayaraq, yeməkdən imtinanı davam etdirirlər. Bunu AzadlıqRadiosu-na məhbuslardan bəziləri ilə təmasda olan mənbə deyib.

Tibbi xidmət göstərilmir

Anonimlik şərtilə danışan mənbənin sözlərinə görə, məhbuslar gələcəkdə belə insidentlərin önlənməsi üçün Abtinin “qətli” üçün məsuliyyət daşıyanlara qarşı “çəkindirici” tədbirlər tələb edirlər.

Mənbə deyir ki, həbsxana rəsmiləri məhbusların zəng etməsini, ziyarətçi qəbulunu əngəlləyir. Məhbuslara deyilib ki, yalnız aclığı dayandıracaqları halda onlara tibbi xidmət göstəriləcək.

Bir məhbusun yeməsi üçün təzyiq məqsədilə o, qeyri-siyasi məhbusun saxlandığı kameraya, daha ikisi isə Evindən Böyük Tehran Mərkəzi Penitensiar Sisteminə köçürülüb. Sonuncuda vəziyyətin “qorxulu” olduğu bildirilir.

“Bu siyasi məhbuslar dünyaya İran həbsxanalarında qaynamaqda olan fəlakət barədə xəbərdarlıq etməyə çalışırlar”, – Nyu Yorkdakı İranda İnsan Haqları uğrunda Mərkəzin icraçı direktoru Hadi Gaemi radioya deyib.

Abtin İran Yazıçılar Dərnəyi (İYD) ilə əlaqələri və iddia olunan siyasi qətl qurbanlarının məzarlarına ziyarətləri ilə bağlı altı illik həbs cəzası çəkirdi. O, “hökumətə qarşı propaqanda”da suçlu bilinib. Bu dərnək üzvləri hakimiyyətin mütəmadi təzyiqinə məruz qalır.

PEN America onlara mükafat verib

Abtin 2020-ci ilin sentyabrından İYD-nin iki heyət üzvü – Rza Xəndan Məhabadi və Keyvan Bajənlə birlikdə həbs olunub. Oktyabrda PEN America təşkilatı bu üç yazıçıya 2021 PEN/Barbey Yazmaq Azadlığı Mükafatını təqdim edib

Abdinin koronavirus pandemiyası dövründə həbsi insan haqları qurumları tərəfindən sərt tənqid olunmuşdu.

“O, Evin həbsxanasında səhlənkarlıqla üzləşməsəydi, ölümünün qarşısını almaq tamamilə mümkün idi. COVID təbii qatildir, amma İran hökuməti Abtinin ölümünə kömək elədi, hər addımda ona səbəb oldu”, – PEN America-nın baş icraçı rəsmisi Suzanna Nozel yanvarın 8-də deyib. Nozel Abtinin sağlıq problemlərinə baxmayaraq həbsxanada saxlanmasının “effektiv ölüm hökmü” anlamına gəldiyini vurğulayıb.

“Abtinə tibbi xidmət göstərilməyib, onun yanaşı xəstəlikləri gözardı olunub, bəzən çarpayıya qandallanıb”, – bəyanatda vurğulanırdı.

“Vəziyyəti o qədər pis idi ki...”

Abtinin qardaşı Arman Kazıminin sözlərinə görə, qandallar onun topuqlarını əzib, şairə psixoloji stress yaşadıb. Hətta Abtin hərəkət edə, danışa bilməyəndə belə, çarpayıya buxovlanıb.

Kazımi də hakimiyyəti Abtini xəstəxanaya daha tez göndərmədiyinə görə tənqid edib.

“Qardaşım xəstəxanaya aparılanda vəziyyəti o qədər pis idi ki, ağzından çıxan bir neçə sözü eşidə bildik”, – o, yanvarın 26-da Hadese24.ir xəbər saytına deyib.

Abtinin ölümündən bir həftə öncə siyasi məhbus Adil Kianpur Əhvaz şəhərində Şeyban həbsxanasında vəfat edib. O, milli təhlükəsizlik ittihamları ilə üç il həbs cəzası çəkirdi, özü həbsinə etiraz olaraq bir həftə aclıq aksiyası keçirmişdi.

İran ədliyyəsi isə Kianpurun aclıq aksiyası keçirmədiyini, xəstəxanaya köçürüləndən sonra qəfil öldüyünü bildirib.

Həbsxanalarda ölümlər

“Pandemiya dövrüdür və təkcə bir ay içində İranda iki siyasi məhbus vəfat edib, biri COVID-19-dan, digər aclıq aksiyasından sonra. Qanunsuz həbs olunmasaydılar, heç biri həyatını itirməzdi”, – Gaemi vurğulayıb.

O, İran hakimiyyətini siyasi məhbusların hamısını azad etməyə çağırıb.

İran həbsxanalarında pis rəftar, döyülmə, işgəncə, eləcə də adekvat tibbi xidmətin olmaması səbəbindən onlarla məhbusun öldüyü bildirilir. Amnesty International insan haqları təşkilatı ötən il qeyd edirdi ki, 2010-cu ilin yanvarından İran hakimiyyəti həbsxanada azı 72 ölümlə bağlı hesabat verə bilməyib.

Qurum İran məhkəmə sistemində şəffaflığın olmaması səbəbindən həbsxanalar real ölü sayının daha böyük olduğunu bildirir.

Son illər bir neçə siyasi məhbus, o cümlədən tanınmış fəallar Nəsrin SutudeNərgiz Məhəmmədi həbslərinə, həbsxana şəraitinə etiraz olaraq aclıq aksiyaları keçiriblər.

XS
SM
MD
LG