Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 09:35

Cim Kerrinnin həyat qaydaları


Cim Kerri
Cim Kerri

"Esquire" jurnalı ötənaykı nömrəsində kanadalı aktyor Cim Kerrinin həyat qaydalarını dərc edib.

Özünü pis hiss edəndə oynadığı ən yaxşı səhnə

"Komediyaçı heç də həmişə öz sənəti ilə dünyanı dəyişmir. Ancaq o, həyatı bir az daha dözülən edə bilər. Karyeramın ölü nöqtədən tərpənməsindən öncə 15 il komediya klublarında çıxış etmişəm. Gecələr yatağımda vurnuxub publikanın psixologiyası haqda düşünürdüm. İnsanlara nə lazım olduğunu, onların tələbatlarını anlamağa çalışırdım. Mənə elə gəlir, bunu anlaya bilmişəm. Mən elə edə bilirəm ki, insanlar iki saatlığına hər şeyi unudub "necə lazımdır" şənlənə bilsinlər. Onlara dincəlməyə kömək edirəm. Bəzən yaraya vurulan plastır oluram. Bəzənsə əməyim onların sağalmasına balaca töhfə verir.

Həyatımızın ən yaxşı günləri çox zaman həm də ən ağır günləri olur. Eys Venturanı oynadığım zamanlar həyatımın ən xoşbəxt vaxtı idi. Ancaq həm də ən çətin vaxtı idi: həyat yoldaşımla çətinliklər başlamışdı. Məni müəyyən mənada komediyaçı olmağım, həyata yumorla baxmağım, iztirabı içindən görməyim xilas etdi. Deyirlər, yumor əslində qəzəbdir. Ancaq axı, qəzəb də təhtəlşüura itələnmiş ağrıdır. Bir neçə ən yaxşı komediya səhnəsini arvadımla dalaşdığım həmin dövrdə, özümü çox pis hiss edəndə oynamışam".

Özünün çəkilmədiyi filmə baxmaq. Qadınlar

"16 yaşım olanda ailəm cəmiyyətin ən aşağı səviyyəsinə diyirləndi. Biz uşaqlar işə getməli olduq. Biz ailəvi təmizlikçi briqadasına çevrildik. ...Dünyaya nifrət etməyə başladım. Həyatın atamla belə davranması məni çox incitmişdi. Ancaq uşaqlığım və gəncliyim haqda danışmaq mənə maraqsız gəlir.

Özümün çəkilmədiyim filmlərə baxa bilmirəm. Belə bir filmə getsəm, sonra düşünürəm: "Kinoda keçirdiyim bu iki saat ərzində bəlkə də hələ ekranda olmamış yaxşı bir zarafat fikirləşib tapmışdım".

Qadınlarla birinci danışmaq asan deyil. Kamera qarşısında hamıdan gözəl improvizasiya edə bilərsən, dahiyanə ideyaların fontan vura bilər, ancaq bir neçə addım atıb "Salam, siz mənim xoşuma gəlirsiniz. Sizi nahara dəvət etsəm razı olarsınızmı..." demək tamam başqa məsələdir. Həmişə dizlərim əsir. Bəzən qorxuna üstün gələ bilirsən, ancaq bəzən alınmır. Ancaq buna görə özümü danlamıram. Düşünürəm ki, mən heç nəyi vecinə almayan, istənilən qadına "salam, gözəl" deyib yapışan tiplərdən birinə çevrilmək istəmirəm. Yox, mən heç vaxt elə olmağa razı olmazdım".

Dərsdə "Beatles"ın mahnı mətnlərini təhlil edən müəllimə

"Məktəbimizdə gözəl bir müəllimə var idi. Hələ də mənim üçün etdiklərinə görə ona açıq təşəkkür etməmişəm. Adı Lüsi Dervetis idi və bizə "Beatles"ın mahnı mətnlərini keçirdi. Doğrudan: "Bugünkü dərsimizin mövzusu — "Eleanor Rigby"dir". Biz mətni başdan-ayağa təhlil edir, hər sözün nə demək ola biləcəyini müzakirə edirdik. Alt mənaları, ikili mənaları tapmağa çalışırdıq. Bu, son dərəcə gözəl idi. Lüsi Dervetis həm də mənim dərsdə xuliqanlıq etməməyimə, enerjimi tədris gününün sonunda düzəltdiyim şouya sərf etməyimə səbəb olmuşdu. O mənə belə demişdi: "Əgər sən özünü mədəni aparsan və o biri şagirdlərə mane olmasan, axırıncı dərsin sonunda, tapşırığını edəndən sonra sənə 15 dəqiqə vaxt verəcəyəm – çıxış elə!". Mən də tapşırığımı bitirib sinif yoldaşlarımın diqqətini yayındırmaq əvəzinə özümə repertuar düzəldirdim. Arxa partada oturub həmin müəllimənin şarjlarını çəkmişdim. O da onların bir neçəsini əlimdən almışdı. Üstündən illər keçəndən sonra, mən məşhur olanda onları poçtla mənə yollamışdı.

Çoxumuzun başdanxarab qohumları var. Ancaq bəzilərimiz elə özümüz qohumlarımızın gözündə dəliyik.

Keçmişə baxmaq çox maraqlıdır. Baxırsan və görürsən ki, orada əsl dəlixana və biabırçılıqdır. Və, bəlkə, heç o zamandan bəri heç nə də dəyişməyib".

XS
SM
MD
LG