Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:55

Rusiya niyə Ukraynada dərhal zəfər çalmadı: pis kəşfiyyatmı...


Moskvanın mərkəzində hədiyyə mağazası
Moskvanın mərkəzində hədiyyə mağazası

Kremlin proqnozlarına görə, Rusiya qüvvələri xoş qarşılanmalıydı, kiçik müqavimət ola bilərdi

Kremlin Ukraynanı işğal etmək qərarı qüsurlu kəşfiyyatamı əsaslanıb? Yoxsa yaxşı kəşfiyyat məlumatından düzgün istifadə olunmayıb? AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Mayk Ekel bu suallara cavab axtarır.

Daha böyük, yaxşı təchiz edilmiş, geniş islahatlar və restrukturaziya aparılmış Rusiya ordusunun qısa müddətdə Ukraynanın nisbətən kiçik silahlı qüvvələrinin sonunu gətirəcəyi düşünülürdü. Kremlin proqnozlarına görə, Rusiya qüvvələri xoş qarşılanmalıydı, kiçik müqavimət ola bilərdi. Ukrayna hökuməti ya qaçacaq, ya iflas edəcəkdi, yaranan boşluğu isə Moskvanın təyin edəcəyi rəsmilər dolduracaqdı.

Amma bunların heç birinin baş verməməsi sual yaradıb ki, Kremlin pis qərar verməsinə pis informasiyamı səbəb olub?

Şoyqu və Börnz nə deyir

Martın 11-də Rusiyanın müdafiə naziri Prezident Vladimir Putinlə videokonfransda bunun əksini deyirdi. “Vladimir Vladimiroviç, hər şey plan üzrə gedir. Bu haqda bu həftə hər gün sizə məlumat veririk”, – Putinin yaxın dostlarından sayılan Sergey Şoyqu vurğulayıb.

Amma Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) fərqli mövqedədir. İdarənin direktoru Uilyam Börnz martın 8-də ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində deyib ki, Putin və müşavirləri Ukrayna ordusunun müqavimətini yetərincə dəyərləndirməyib.

“Məncə, Putin indi qəzəbli və məyusdur. Onun ordusu özünü yaxşı göstərməyib”, – Börnz vurğulayıb.


Müəllif yazır ki, Kremlin qərarvermə prosesi qara qutu kimi tanınır, xarici kəşfiyyat xidmətləri onu çətinliklə anlayır. 24 fevral işğalına aylar qalmış ABŞ və Qərb kəşfiyyatı Putinin müşavir sayının xeyli azaldığını bildirirdi. Bir səbəb kimi də COVID-19 pandemiyası ilə bağlı Kremlin məhdudlaşdırıcı addımları görülürdü.

Patruşev və başqaları

Hazırda Putinin ən yaxın müşavirləri sırasında hökumətdə müharibə tərəfdarlarının olduğu bildirilir. Onların sırasında Federal Təhlükəsizlik Xidmətinin (FSB), Müdafiə Nazirliyinin başçıları var.

Onlardan azı biri, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sovetlərin çöküşünə dair konspirologiya nəzəriyyələrinə dəstəyini bildirib.

Digəri isə varlı bankir, Putinlə hələ 1990-cı illərin əvvəllərindən dostluq edən Yuri Kovalçukdur. O, Putinin pravoslavlıq mistikası, antiamerika konspirologiya nəzəriyyələri ilə bağlı baxışlarını bölüşür.

“Fikrimcə, bizim qərar verənlərin nəinki Ukrayna və keçmiş SSRİ-də təcrübəsi olmayıb, onlar heç bunu İSTƏMƏYİBLƏR”, –Karnegi Moskva Mərkəzinin siyasi təhlilçisi Andrey Kolesnikov belə deyir.

“Onlar reallığı özlərinə xas şəkildə dərketmənin və ideoloji məqamların əsiridirlər”, – deyən Kolesnikov “Ruskiy Mir” – “Rus Dünyası”nı misal çəkir. Kremlin təbliğ etdiyi bu yayğın tarixi konsepsiya Rusiya imperiyasının 19-cu əsrdə tutduğu əraziləri indiki Rusiyanın sərhədləri daxilində görür.

Rusiyadan, Ukraynadan dönənlər Azərbaycanda iş tapırmı
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Rəy sorğularından necə istifadə olunub

Bir çox kəşfiyyat xidmətləri kimi FSB-nin də siyasi təhlil və kəşfiyyat aparan bölmələri var. FSB-nin Beşinci Xidməti fevralın əvvəlində Ukraynada ictimai rəy sorğuları keçirib.

Londonda yerləşən “Royal United Services Institute” (RUSI) adlı təhlil mərkəzi rəy sorğularını görüb. Sorğular ukraynalıların hökumət institutlarına böyük inamsızlığını göstərib, qurum bildirir.

RUSI bildirir ki, Putin işğaldan öncə televiziya ilə müraciətində Ukraynada idarəçiliyin qüsurlarından danışıb, görünür, FSB-nin sorğularına istinad edib. "FSB sorğu keçirdiyi vaxt fikirləri dəqiq ölçə bilərdi. Amma işğaldan sonra fikirlərin necə dəyişəcəyini nəzərə almayıb", – təhlil mərkəzinin hesabatında deyilir.

RUSI-nin tədqiqat təhlilçisi Nik Reynoldz informasiyanın yaxşı olduğunu, amma ondan optimal istifadə olunmadığını düşünür.

Rəy sorğularına görə, müharibəyədək ukraynalıları əsasən ərzağın, enerjinin qiyməti və korrupsiya narahat edirdi. Reynoldz deyir ki, qərar buna əsasən verilibsə, ukraynalıların onları xoş qarşılayacağı güman edilibsə, informasiyadan yanlış istifadə olunub.

FSB-də həbslər

Martın 11-də yayılmış xəbərə görə, FSB-nin Beşinci Xidmətinin başçısı və onun müavini Ukrayna əməliyyatları üçün ayrılmış vəsaiti mənimsəmə şübhəsilə həbs edilib. Jurnalist Andrey Soldatov onların həmçinin Ukraynada siyasi vəziyyətlə bağlı bilərəkdən yanlış informasiya verməkdə suçlandığını bildirir.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak “Current Time”a müsahibəsində deyirdi ki, “Rusiyada analitikanın keyfiyyəti, onun dünyadakı yerini, qonşularla münasibətlərini necə dəyərləndirdiyi ortadır, “reallıqdan çox uzaqdır”.

“Prinsipcə, onlar dünyada, Ukraynada baş verənləri dəqiq təsəvvür etmirlər”, – o vurğulayıb.

XS
SM
MD
LG