Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:06

‘Kiyevi mühasirəyə ala bilməyən Rusiya Mariupolu tutmağa çalışacaq’


Kiyevdə bina, 16 mart, 2022-ci il
Kiyevdə bina, 16 mart, 2022-ci il

Ukrayna Baş Qərargahı martın 15-də bəyan edib ki, Rusiya özünün Smolensk, Belarusun isə Qomel və Bobruisk şəhərlərində muzdlular üçün təlim mərkəzləri qurub

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (Institute for the Study of War, ISW) Rusiyanın Ukraynaya qarşı müharibəsinin monitorinqini aparır. İnstitut müharibə tərəflərinin bəyanatları, dəlillər, sosial şəbəkələrdə yayılan məlumatlar əsasında mövcud vəziyyətin təhlilini dərc edir.

Qurum martın 15-də yaydığı təhlildə bildirir ki, Rusiya qüvvələrinin yaxın həftələrdə Kiyevi mühasirəyə alacağı real görünmür. Bundan ötrü dağınıq deyil, daha iri hücum əməliyyatları həyata keçirilməlidir. İndilik, əlavə taktiki hücumlar gerçəkləşdirilə bilər. Son sutkalar Kiyevə şimal-şərqdən iri hücum əməliyyatları baş verməyib.

Mariupol

Amma Rusiyanın Mariupol şəhərini tutacağı istisna edilmir. İnstitut Rusiya qüvvələrinin Mariupolu tam mühasirəyə aldığını, hər gün şəhərə qərbdən və şərqdən hücumlar etdiyini bildirir. Mühasirə o qədər güclüdür ki, şəhəri müdafiə edənlərin onu yarması, yaxud Ukraynanın köməyə çatması real görünmür. “Ukraynalıların güclü müdafiə olunmağına baxmayaraq, Rusiya qüvvələri çox güman Mariupolu tuta, yaxud təslim olmağa vadar edə biləcəklər”, – institut bildirir.

Təhlildə deyilir ki, Xarkovu mühasirəyə almağa çalışan Rusiya qüvvələri əsasən sursat qıtlığı ilə üzləşirlər.

“Martın 15-də Xerson vilayətinin tam tutulması barədə məlumatlar yalandır, Zaporojye, yaxud Nikolayevə də hər hansı böyük hücum olmayıb”, – qurum qeyd edir.

İnstitut Rusiyanın Odessaya qarşı ayrıca desant əməliyyatını real saymır, daha öncə bu şəhərlə quru əlaqəsinin təmin olunacağını bildirir. Ancaq Rusiya dəniz piyadaları Qara dəniz sahili boyunca desant çıxarma gücündədir.

Döyüş itkisinin yerini doldurmaq

Məlumata görə, Rusiya qüvvələri döyüş itkilərini doldurmaq üçün qüvvə cəlbində çətinlik çəkirlər, müddətli qulluqda olanlardan və beynəlxalq qüvvələrdən istifadə etməyə çalışırlar.

Ukrayna kəşfiyyatı Rusiyanın yerli səviyyədə idarəçiliyi saxlamaqdan ötrü qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nda müəyyən kateqoriyadan olan işçilərin səfərbərliyini dayandırmağa məcbur olduğunu bildirir, amma bəzi sakinləri orduya cəlb edir.

Ukrayna Baş Qərargahı martın 15-də bəyan edib ki, Rusiya özünün Smolensk, Belarusun isə Qomel və Bobruisk şəhərlərində muzdlular üçün təlim mərkəzləri qurub.

2014-cü ildə Moskva Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu il fevralın 22-də isə Prezident Vladimir Putin həmin separatçı qurumları tanıyıb, iki gün sonra Ukraynaya hücuma başlayıb.

XS
SM
MD
LG