Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 10:53

Senat Putini 'hərbi cani' adlandıran qətnamə qəbul etdi


Vaşiqntonda Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı etiraz aksiyası
Vaşiqntonda Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı etiraz aksiyası

Sənəddə deyilir: "Vladimir Putin Ukrayna xalqına qarşı törətdiyi qəddarlığa görə məsuliyyətdən yayına bilməyəcək"

ABŞ Senatı martın 15-də Rusiya prezidenti Vladimir Putini “hərbi cani” kimi pisləyən qətnaməni yekdilliklə qəbul edib.

Reuters agentliyi yazır ki, Senatda çox nadir hallarda müşahidə edilən yekdilliklə qəbul olunmuş bu sənədi respublikaçı senator Lindsi Qrem təqdim edib.

Qətnamədə hər iki partiyadan olan millət vəkilləri Haaqadakı Beynəlxalq Məhkəməni Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törədilmiş müharibə cinayətlərinin araşdırılmasına çağırırlar.

Səsvermədən əvvəl danışan demokrat senator Çak Şumer deyib:

"Bu palatada bizim hamımız – demokratlar və respublikaçılar bəyan edirik ki, Vladimir Putin Ukrayna xalqına qarşı törətdiyi qəddarlığa görə məsuliyyətdən yayına bilməyəcək”.

Martın 15-də habelə prezident Co Bayden Ukraynaya 13.6 milyard dollarlıq hərbi, humanitar və iqtisadi yardımı nəzərdə tutan qanunu imzalayıb.

O qanunu “ikipartiyalı dövlət maliyyələşdirmə” sənədi adlandırıb.

Bayden bildirib ki, bu sənəd habelə “amerikalılara respublikaçı və demokratların bir araya gələ bilmək əzmi barədə mesaj verəcək”.

Soldan sağa: Dmitri Medvedev, Mixail Mişustin və Vladimir Putin
Soldan sağa: Dmitri Medvedev, Mixail Mişustin və Vladimir Putin

Rusiya rəhbərliyində sanksiyasız kimsə qalmadı

Britaniya Rusiyanın Ukraynaya müdaxiləsinə görə martın 15-də Moskva üzərinə sanksiyaları genişləndirib.

London sanksiya siyahısına Rusiyanın daha 350 fiziki və hüquqi şəxsini əlavə edib.

Yeni siyahıda Rusiyanın baş naziri Mixail Mişustinin, habelə keçmiş prezident Dmitri Medvedevin də adları var.

Onlardan başqa sanksiya siyahısına iri biznesmenlər – Mixail Fridman, Pyotr Aven, German Xan, Dmitri Pumpyanski, Rusiya Dövlət Dumasının üzvləri, müdafiə naziri Sergey Şoyqu, Kreml administrasiyasının başçısı Anton Vayno, XİN-in sözçüsü Mariya Zaxarova, RT-nin baş redaktoru Marqarita Simonyan və onun əri Tiqran Keosoyan, Putinin sözçüsü Dmitri Peskov, televizya aparıcıları Olqa SkabeyevaVladimir Solovyovun adları salınıb.

Britaniyanın son sanksiya siyahısında Rusiya Təhlükəsizlik Şurasının Ukraynaya hücum qərarına səs vermiş bütün üzvlərinin adları var.

Yaponiya kommunistləri hədəfləyir

Martın 15-də Yaponiya Rusiyanın 17 vətəndaşının adını sanksiya siyahısına salıb.

Yaponiyanın yeni siyahısında Renovo şirkətlərinin təsisçisi Viktor Vekselberqin, Putinin yaxın dostu Yuri Kovalçukun adları var.

Tokio habelə Gennadi Zyuqanov olmaqla Kommunist Partiyasının 11 fraksiya üzvünə sanksiyalar elan edib.

Bu arada Yaponiyanın daxili işlər naziri Yosihisa Furukava bildirib ki, ölkəyə gələn ukraynalı qaçqınlara bundan sonra vizalar üç aylıq yox, birillik veriləcək.

Yapponiya bundan əvvəl Sergey Lavrova, Dmitri Peskova, Ramzan Kadırova, Rotenberq qardaşlarına, Yevgeni Priqojinə, Əlişir Usmanov və bir sıra başqalarına sanksiyalar elan etmişdi.

Martın 14-də və 15-də Rusiyaya qarşı Kanada, Avstraliya və İsveçrə də sanksiyalar elan ediblər.

Aİ-nin sanksiya siyahısında Abramoviç də var

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynanı işğalına görə sanksiyaların dördüncü paketini təsdiqləyib. Çelsi futbol klubunun sahibi Roman Abramoviç daxil bir sıra oliqarxların aktivləri dondurulur.

Tədbirlər martın 15-də dərc olunan kimi qüvvəyə minir. Rusiyadan polad və dəmir idxalı, bu ölkəyə 300 avrodan baha malların və 50 min avrodan baha avtomobillərin ixracı, neft şirkətləri və enerji sektoruna investisiyalar yasaqlanır.

Müharibəni dayandırmaq

“Prezident Vladimir Putin Ukrayna xalqına qarşı müharibəni davam etdirdikcə, biz də Ukraynanı qətiyyətlə dəstəkləyir, Kremlin müharibə maşınının maliyyəsini kəsirik”, – Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel deyib.

Borrelin sözlərinə görə, sanksiyaların məqsədi Prezident Putinin bu qeyri-insani və mənasız müharibəsini dayandırmasıdır.

Sanksiyaların öncəki üç raundunda Rusiya mərkəzi bankının aktivləri dondurulub, Rusiya və Belarusun böyük bankları SWIFT bank sistemindən çıxarılıb.

Yeni sanksiyalar Aİ-nin kredit reytinqi agentliklərinin Rusiya və Rusiya şirkətləri üçün reytinq hazırlamasını yasaqlayır. Məqsəd onların Avropanın maliyyə bazarlarına çıxışını daha da məhdudlaşdırmaqdır.

Ticarət statusu ləğv olunmur

Sanksiyalarda Rusiyanın “ən çox istənən ölkə” ticarət statusunun ləğvi nəzərdə tutulmayıb. Amma Aİ bildirir ki, Dünya Ticarət Təşkilatının digər üzvləri ilə birlikdə “əsas təhlükəsizlik maraqlarımızı qorumaq” üçün gərəkən addımlara hazırdır.

Martın 11-də ABŞ Böyük yeddilərin G7 qrupu ilə yekdil şəkildə Rusiyanın “normal ticarət partnyoru” statusunu ləğv edib. Rəsmən “ən çox istənən ölkə” adlanan bu status ona malik olan ölkəyə daha sərfəli və güzəştli sövdələşmələr imkanı yaradır.

Abramoviçlə yanaşı siyahıda banker German Xan, polad maqnatı Viktor Raşnikov, “kremlpərəst təbliğatçı” Dmitry Kulikov, media maqnatı Konstantin Ernst, Rosneft rəhbəri İqor Seçinin keçmiş həyat yoldaşı Marina Seçina da var.

XS
SM
MD
LG